Modern.az saytının şəxslərə edilən müraciət formaları ilə bağlı yazısında müsahiblər fərqli fikirlər bildirib. Müsahiblərin “ müəllim” sözü haqqında dedikləri ilə razılaşmayan təhsil üzrə ekspert Nabatəli Qulamoğlu Modern.az–a müraciət edib, öz etirazını bildirdi.
Ekspert deyir ki, müsahiblər tərəfindən “müəllim” sözü düzgün şərh olunmayıb. “Yazıda iki alimdən müsahibə alınıb, amma heç biri düzgün şərh verməyib. “Müəllim” deyə müraciət edənləri az qala cinayətkar adalandırıblar. Mən özüm də müəlliməm. 40 ildən artıqdır ki, işləyirəm. Sadəcə, bu sözün tarixi ilə bağlı müəyyən bilgiyə sahib olmaq lazımdır, ondan sonra fikir yürütmək olar ki, kiməsə “müəllim” demək olar ya yox. Tarixi belədir: bu söz klassik mənada təbii ki, hamıya məlumdur. İnsanları öyrədən, tərbiyyə verən şəxslərə deyilir Sonra sovet ideologiyası vaxtında Lenini, Marks və Engelsi marksizmin müəllimləri adalandırırdlılar. Məqsəd onda idi ki, bu insanlar çox bilikli olduqları üçün müəllimlərə oxşasınlar. Bu cəhətdən biz müəllimlər fəxr edə bilərik. Amma yenə də ayrı-seçkilik qoymuşdular. Rus dilində “uçitel” yeganə sözdür ki, iki cür cəm şəkilçisi var: “uçiteli”, “uçitelya” . “Uçitelya” deyəndə auditoriya müəllimləri nəzərdə tutulur. “Uçiteli” deyəndə isə Marks, Lenin nəzərdə tutulurdu. Bu cür formal fərq var idi. Amma hər ikimiz müəllim adlandırılırdıq. Bu gün işlənən “müəllim” sözü də komminist ideologiyası vaxtında öz həqiqi mənasından aralanıb çoxmənalılıq kəsb eləyən sözür. Yəni, biz şəxsə “müəllim” deyəndə hökmən demirik o bizə auditoriyada dərs deyir. Nəzərdə tuturuq ki, biz ondan öyrənirik. Ola bilər onun heç savadı, ali təhsili olmasın. Adi bir yerişiylə uşaq yolda düzgün hərəkət eləmir, kimsə ona bunu öyrədir, göstəriş verir, biz o adamı da müəllim adlandıra bilərik. Yəni biz ondan öyrənirik. Mənim yadımdadır, ilk dəfə orta məktəbdə işləyəndə sol əlim cibimdə gəlib kimləsə görüşdüm. Mənə irad tutdular, o vaxtdan bəri mənim sol əlim quruyub. Adi uşaqla da görüşəndə yoxlayıram görüm əlim cibimdədir ya yox. Mən bunu bir kişidən dərs almışam. O heç müəllim də deyil. Bax budur “müəllim” sözünün mənası. Bu nöqteyi-nəzərdən “müəllim” sözü “bəy” sözündən geri qalan söz deyil. Müraciət eləyən şəxsin o sözə hansı məna verməsindən aslıdır. Hər iki söz öz əhəmiyyətinə görə gözəl və sanballı sözlərdir. İstənilən hörmət elədiyin şəxsə bu cür müraciət eləmək mümkündür”.
Şahanə RƏHİMLİ