Nəqliyyat Nazirliyi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı bir neçə istiqamətdə kompleks tədbirlərin operativ şəkildə həyata keçirilməsini davam etdirir.
Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, rəsmi heyətlər 43 “Neoplan”, 43 BMW və 5 “Mercedes Sprinter” markalı nəqliyyat vasitəsi ilə təmin olunub.
Nəqliyyat vasitələrinin onlayn izlənməsi təmin olunub. Təşkilat Komitəsinin nümayəndələrinin və volantyorların daşınması üçün 5 ədəd “Mercedes Sprinter” ayrılıb.
2 “Neoplan”, 17 BMW və 25 “Mercedes Sprinter” ehtiyatda nəzərdə tutulub. 178 sürücü cəlb olunub. Sürücülər təlimatlandırılıb və akkreditasiyadan keçib. Nəqliyyat vasitələri xüsusi texniki baxışdan keçirilib.
Nazirlikdə “Mərkəzi qərargah”, Bakı Biznes Mərkəzində “Qərargah” və “Məlumat mərkəzi” (Call Center) yaradılıb.
Final və qeyri-final günləri akkreditə olunmuş media nümayəndələrinin və azarkeşlərin, həmçinin final günləri tamaşaçıların daşınması üçün E indeksli 9 müntəzəm avtobus marşrutları təşkil edilib.
E2, E3, E4 avtobus marşrutları media nümayəndələrinin və fanların qaldığı otelləri əhatə edir. E marşrutları üçün 66 avtobus və sürücü heyəti ayrılıb, marşrutlar üzrə məsul şəxslər müəyyən olunub.
Sürücülər müvafiq geyim formaları ilə təmin olunub, aidiyyəti qurumlar tərəfindən təlimatlandırılıb.
E marşrutları üzrə sutkalıq dispetçer məntəqələri fəaliyyət göstərir. Dayanacaq məntəqələri məlumat lövhələri və nişanlarla təmin olunub. Marşrutlar barədə müvafiq məlumatlar internet resurslarında yerləşdirilib.
Tədbirə cəlb edilən nəqliyyat vasitələrinin ümumi sayı aşağıdakı kimidir.
Avtobus – 154 ədəd;
Mikroavtobus – 50 ədəd;
BMW – 60 ədəd;
Taksi – 1700 ədəd, o cümlədən 1000 ədəd London taksisi;
Yük nəqliyyat vasitələri – 5 ədəd.
Qeyd edək ki, Bakı şəhəri üzrə avtobus marşrut şəbəkəsində 217 marşrut mövcuddur. İstismar edilən avtobusların sayı 2800 ədəddir. Şəhər marşrutları tədbir günləri səhər saat 5-ə qədər fəaliyyət göstərəcək.
Bakı Beynəlxalq Avtovağzal Kompleksi tədbir günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Taksi xidməti üçün 1700 (o cümlədən 1000 ədəd “London taksisi”) nəqliyyat vasitəsi cəlb edilib və taksometrlər quraşdırılıbdır. 750 ədəd “London taksisi” POS terminallarla təmin edilib. 250 ədəd taksi isə 18 may tarixinə kimi POS terminalla təmin olunacaq. 39 taksi dayanacağı təyin edilib, nişanlarla və işarələrlə təmin olunub.
Hava limanı ərazisində 60 taksi xidmət göstərəcək. Operativ taksi xidmətinin təşkili üçün dispetçer mərkəzi yaradılıb. Sürücülər üçün dil kursları təşkil olunub, ingiliscə yaddaş kitabçaları hazırlanıb.
Şəhərin 60 km küçə və prospektlərinin yol örtüyündə ehtiyac duyulan təmir işləri aparılıb, 40 min metr bordur dəyişdirilib. Tədbir keçirilən ərazidə yeni yollar çəkilib. Köhnə nişanlar yenilənib, yeni məlumatverici lövhə və nişanlar quraşdırılıb.
Bakı – Tbilisi turist qatarının tərkibi və hərəkət qrafiki təsdiq olunaraq Gürcüstan tərəfi ilə razılaşdırılıb. Bakı – Tbilisi qatarında bron yerləri təmin olunub.
Bakı, Sumqayıt və Gəncə vağzallarında ingilis, rus və Azərbaycan dillərində müvafiq məlumatlar yerləşdirilib, elanların bu dillərdə səslənməsi təmin olunur.
Bilet satışı elektron və nəğdsiz ödəmələrlə (POS terminallarla) təşkil olunub. Vaqonlarda xidmət səviyyəsinin artırılması üçün tədbirlər görülüb. Müvafiq işçilər təlimatlandırılıb, ingilis dili kurslarına cəlb edilib. Dəmir yolu obyektlərində təhlükəsizlik və yanğından mühafizə tədbirləri gücləndirilib.
Aytən Əliyeva