Azərbaycandan xarici ölkədə təhsil alanların sayı ilbəil artır. Bu, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində baş verir. Proqram vasitəsilə tələbə həm dünyanın ən prestijli universitetdə oxuya bilir, həm də özünün heç bir xərci çıxmır. Bundan başqa, hər il tələbənin həm təhsil haqqı ödənilir, həm də hər ay bütün tələbatlarını qarşılamaq üçün ona təqaüd verilir. Amma çox vaxt tələbələr bu təqaüdlərin gecikdirilməsi ilə bağlı narazılıqlar edirlər. Bununla bağlı saytımıza xaricdə oxuyan xeyli tələbə müraciət edərək kömək istəyib.
Modern.az bu narazılıqların səbəblərini öyrənməyə çalışıb.
Təhsil Nazirliyinin məbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə təqaüdlə bağlı narazılıqları əsassız adlandırıb. O, bildirib ki, bu prosedur bir az vaxt tələb edir, bir neçə nazirlikdən keçir, bunlara isə müəyyən vaxt lazımdır. “Amma əsas odur ki, məbləğ ödənilir, burada elə bir problem yoxdur. Bütün təqaüdlər vaxtlı-vaxtında verilir”.
B.Hüseynzadə qeyd edib ki, Nazirlər Kabinetinin təsdiq etdiyi normativlər üzrə verilən təqaüdlər müxtəlifdir, yəni hər ölkə üçün eyni deyil. Avropa ölkələri, Türkiyə, ərəb ölkələri, eləcə də Asiya ölkələrində təqaüdlər müxtəlifdir. Məsələn, Türkiyədə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbəyə ayda 950 dollar, Böyük Britaniyada isə 1600 dollar təqaüd verilir. Bu məbıəğ aparılan araşdırmadan sonra həmin ölkələrdəki minimum yaşayış şəraitinə uyğunlaşdırılıb.
Bayram Hüseynzadə təqaüd haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, təqaüdə təhsil haqqı və yaşayış yerindən tədris yerinə və geriyə gediş-gəliş xərcləri daxil deyil. Bunlar ayrıca olaraq ödənilir. Amma təqaüdə yaşayış xərcləri (yataqxana və ya ev kirayəsi), digər yaşayış xərcləri, zəruri tədris ədəbiyyatı ilə təminat xərcləri, tibbi sığorta xərcləri daxildir
Sevinc İLTİFATQIZI