Bakının Xətai rayonu ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə qoyulmuş abidənin üzərində hadisənin ermənilər tərəfindən törədildiyinə dair heç bir məlumat yoxdur.
Modern.az bildirir ki, abidənin məlumat lövhəsində iki dildə hadisənin törədildiyi tarix, faciə qurbanlarının adlarının qeyd olunmasına baxmayaraq, soyqırımının kimlər tərəfindən törədilməsi göstərilmir. Çoxları bunu abidənin çatışmayan cəhəti sayır...
Əməkdaşımız məsələ ilə bağlı Xətai rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Zaməddin Əkbərovdan da münasibət öyrənib.
“Bizim abidədə erməninin adı niyə olmalıdır? Hamı bilir ki, soyqırımı ermənilər törədib”-deyə başçının birinci müavini qeyd edib.
Onun sözlərinə görə, abidənin üzərində həm Azərbaycan, həm də ingilis dilində soyqırımın tarixi, nə qədər insanın qətlə yetirildiyi, onların hər birinin adı qeyd edilib.
“Ölkəmizə gələn turistlər abidənin üzərində 26 fevral 1992-ci il Xocalı soyqırımı yazıldığını görür, həmçinin ölən uşaqlar, böyüklərin adları, hər iki valideyinini itirən uşaqlar haqqında bütün məlumatlar abidə də öz əksini tapır. Demək olar ki, yazılmayan heç bir məlumat yoxdur”.
Maraqlıdır, görəsən doğrudanmı Zaməddin Əkbərovun dediyi kimi bu soyqırımının ermənilər tərəfindən törədildiyini hamı bilir? Məsələn, “Eurovision”a baxmaq üçün Avropa ölkələrindən gələn turistlərin hamısı bilir? Xətai rayonu İcra Hakimiyyəti başçısının birinci müavinindən fərqli olaraq bizim buna inanmağımız gəlmir...
Sevinc İLTİFATQIZI