Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında çıxış edən komitə üzvü Qalib Salahzadə “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanun layihəsinə münasibət bildirib. Deputat qeyd edib ki, son zamanlar bələdiyyə orqanlarında yaranan özbaşnalıqların kökü onların konkret xəritələrinin olmamasındadır.
“İndiyə kimi bələdiyyələrin konkret xəritəsi yoxdur. Burada hərf dəyişməklə məşğuluq. Hərf dəyişməklə biz bələdiyyələrə heç bir kömək edə bilməyəcəyik. Biz bələdiyylərə xəritə verməliyik ki, onlar öz ərazilərini tanısınlar. Bələdiyylər konkret hansı əraziyə sahib olduqlarını bilmirlər. Bu baxımdan da onlar istədiklərini edirlər. Cinayətlər baş alıb gedir”-deyə Q.Salahzadə vurğulayıb.
Deputat nümunə üçün Maştağa bələdiyyəsinin ərazisini göstərərək bildirib ki, ərazidə iki neft quyusu insanlar tərəfindən zəbt edilərək həyatyanı sahəyə salınıb. Çıxışında bəzi nöqsanlara toxunan millət vəkili son zamanlar qanunsuz evlərin sökülməsi ilə bağlı Dövlət Neft Şirkətinə dəstək olduğunu deyib:
“Bu gün bələdiyyədən fərqli olaraq, Dövlət Neft Şirkətinin öz xəritəsi var. Rövnəq Abdullayev bu məsələ ilə bağlı bələdiyyə orqanlarına müraciət göndərəndə konkret xəritə göstərir. Qanunsuz evləri sökəndə mətbuat düşür bunların üstünə. Amma bu düzgün deyil. Rövnəq Abdullayev mənim qohumum deyil. O da mənim kimi deputatdır. Mən sadəcə bu məsələdə onu müdafiə edirəm”.
Komitə sədri Arif Rəhimzadə deputatın bu çıxışından sonra ona iradını bildirib. Qeyd edib ki, nə üçün gündəlikdə duran məsələləri müzakirə etmək əvəzinə başqa məsələləri müzakirə edir. “Gədəbəydə bələdiyyə torpaqlarının xəritəsi məlumdur. Mən Milli Məclisdə də bununla bağlı məsələ qaldırmışam ki, Bakıda bu sahədə gərgin vəziyyət yaranıb. Sən komitənin üzvüsən, amma başqa məsələlərdən danışırsan. Sən bununla bağlı məktub hazırla, biz lazımı ünvana göndərək, məsələ həll olunsun”-deyə A.Rəhimzadə əlavə edib.
Modern.az