2012-ci il iyun ayının 1-dən keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi üçün sənədlərin qəbuluna və ödəmələrin verilməsinə başlanır.
Bu gündən 01 iyun 2012-ci il tarixindən etibarən sənədlərin qəbulu və ödəmələrin verilməsi prosesinin həyata keçiriləcəyi məntəqələrin ünvanları həm mətbuatda dərc olunub, həm də Azərbaycan Respublikası Maliyyə Nazirliyinin www.maliyye.gov.az , Kapital Bankın www.kapitalbank.az və saytlarında yerləşdirilib. Bu barədə Modern.az-a Maliyyə Nazirliyinin mətbuat katibi Mais Piriyev bildirib.
Onun sözlərinə görə, əmanətçilər Maliyyə Nazirliyinin 012 404-46-03 nömrəli “Qaynar xətt”indən də əmanət kitabçasındakı kassa nömrəsini deməklə müraciət edəcəkləri məntəqənin ünvanını öyrənə bilər.
“Əmanətçi şəxsiyyət vəsiqəsini, əmanət kitabçasını və müvafiq ərizəsini Kapital Bankın xidmət məntəqəsinə təqdim etməlidir. Əmanətçilərdən ərizəni əvvəlcədən doldurmaq xahiş edilir. Artıq Maliyyə Nazirliyinin saytında müvafiq ərizə formaları da yerləşdirilib.
Bir daha vurğulayırıq ki, fərdi birdəfəlik ödəmələrin alınması hüququndan istifadə üçün 1 iyun 2012-ci il tarixindən 31 dekabr 2012-ci il tarixinədək Kapital Banka müraciət olunmalıdır”.
Gültəkin Ələsgər