Modern.az-ın məlumatına görə, millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Litvada keçirilən “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumunda çıxış ediblər. Dialoq Avrasiya Platformu təşkilatı tərəfindən təşkil edilən və Litva Tədris Elmləri Universitetinin ev sahibliyi etdiyi forumun açılış mərasimində deputatlar geniş məruzə ilə çıxış ediblər.
Q.Paşayeva Avropada və dünyada tolerantlığın, dözümlülüyün, xoşgörünün getdikcə azalmasının xüsusilə gəncləri ciddi narahat etməli olduğunu deyib.
“Bizim atalarımız 2-ci dünya müharibəsinin nələrə səbəb olduğunu çox yaxşı bilir. Biz tarixdən dərs almalıyıq. Amma təssüf ki, dünyada bəzi ölkələr və siyasətçilər hələ də bundan dərs çıxarmayıb və irqçi, başqa millətlərə, mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti yürüdürlər. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan bunun nə demək olduğunu yaxşı bilir. Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlətarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danıışmaqdan daha çox bu istiqamətdə dünyada ciddi işlərin görülməsinə ehtiyac var. Dialoq dözümlülükdən deyil fərli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir”-deyə deputat vurğulayıb.
Millət vəkili Azərbaycanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa önəm verdiyini, ölkəmizin bu istiqamətdə örnək ölkələrdən olduğunu və çalışmalar həyata keçirdiyi deyib. O, sosial mediyanın da mədəniyyətlətarası dialoqun genişlənməsində böyük rol oynaya biləcəyini qeyd edib.
C.Osmanlı çıxışında qloballaşma və internet, bu kontekste sosial mediya mövzusuna toxunub və dünyada 2,5 milyard insandan çoxunun internet istifadəçisi, 1 miyarda yaxın insanın sosial şəbəkə istifadəçisi, Azərbaycan əhalisinin əsasən gənclərdən ibarət olması, Azərbaycan internet istifadəçilərinin 80 faizə yaxınını gənc olması, Azərbaycanda 1 milyona yaxın insanın sosial şəbəkə istifadəçisi olması və.s məsələlər ətrafında danışıb. Deputat sosial mediadan mədəniyyətlərarası dialoqda istifadənin gənclər arasında vacibliyini vurğulayıb. Dialoqun, tolerantlığın, çoxmədəniyyətliliyin önəmini vurğulayan C.Osmanlı Almaniya kansleri Angela Merkelin Avropada multukulturaliz sona çatıb fikrinin yolverilməz olduğunu söyləyib. O, eyni zamanda milliyətçi sloqanlarla şeçki kompaniyası aparan Fransa preziodenti Nikola Sarkozinin məğlubiyyətinin Avropa insanın təfəkküründə multukulturaliz düşüncəsinin ölmədiyinin göstəricisi olduğunu deyib.
“Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumunda Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə də iştirak edib. Forunda Litva Tədris Elmləri Universitetinin rektoru Algirdas Gaizutis, Dialoq Avrasiya Platformunun baş katibi İsmayıl Taş, Türkiyənin millət vəkili Bilal Macit , Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitunun direktor müavini Roida Rzayeva və başqaları da çıxışlar edərək öz fikirlərini bildiriblər. 3 seksiyada keçiriləcək forum sabah başa çatacaq.
Qeyd edək ki, forumda sosial medianın dünəni, bu günü və sabahı, sosial medianın gənclərin həyatındakı yeri, sosial media - əxlaq normaları, sosial media qurumlarının xarici əlaqələrə təsiri, sosial medianın reklam, marketinq və ünsiyyətdə istifadəsi, sosial medianın insanların psixoloji və sosial yaşam tərzinə təsiri, ümumi media və sosial media arasındakı fərqlər, sosial medianın yaşayış xərclərinə təsiri, bilgi paylaşımı və sosial media, şirkətlərin böyüməsində sosial medianın rolu, peşəkar idarəçilərin uğurlarında sosial medianın rolu mövzusunda müzakirələr aparılır.
Modern.az