“Təmiz Şəhər” ASC-dən Modern.az-a verilən məlumata görə, Avropa Birliyi (AB) tərəfindən maliyyələşdirilən “Tullantıların idarəedilməsi –AQTA Şərq” layihəsi çərçivəsində Gürcüstan nümayəndələri Azərbaycana tanışlıq səfəri ediblər. Səfərin məqsədi Azərbaycanda tullantıların idarəolunması sahəsində irəliləyişlərlə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaqdır.
“Təmiz Şəhər” ASC-nin fəaliyyəti və reallaşdırdığı layihələrlə tanış olmaq məqsədilə “Tullantıların idarəedilməsi – AQTA Şərq” layihəsinin Gürcüstan üzrə koordinatoru İrakli Legaşvili, layihənin milli koordinatoru Alverd Çankseliani və Gürcüstanın Tullantıların İdarəolunması Şirkətinin rəhbəri Nuqzar Kevilişvili səfər çərçivəsində Balaxanı qəsəbəsində olublar.
“Təmiz Şəhər” ASC-nin İdarə heyətinin sədr müavini Etibar Abbasov qonaqları Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonu, Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda aparılan tikinti-quruculuq işləri ilə tanış edib. E.Abbasov qonaqlara Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun iş mexanizmi haqqında məlumat verib və bu zavodun istehsalat gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri bu tipli zavod olduğunu qeyd edibdir. Gürcüstanlı nümayəndələrə həmçinin illik 200 min ton tullantı qəbul etmək gücünə malik olan Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodu haqda məlumat veriib, zavodun cari ilin ortalarında istismara veriləcəyi bildirilibdir. “
Nümayəndələr öz növbələrində tullantıların idarəolunması sahəsində Gürcüstanda reallaşdırılan layihələr haqqında geniş danışaraq “Təmiz Şəhər” ASC tərəfindən görülən işləri yüksək qiymətləndiriblər. Qonaqlar Azərbaycanın təcrübəsinin region ölkələr üçün uğurlu nümunə ola biləcəyini qeyd ediblər.
Modern.az