AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidməti son vaxtlar ölkərə qeydə alınan yeraltı təkanlarla bağlı açıqlama yayıb. Bildirilib ki, mayın 7-də Zaqatala rayonunda baş verən 7 bal gücündə zəlzələdən sonra Mərkəz tərəfindən çoxsaylı təkanlar qeydə alınıb ki, onların da hiss oluna bilən bir neçəsi haqqında ictimaiyyətə məlumatlar verilib.
“Zəlzələ baş verən ilk saatlardan etibarən AMEA RSXM-in Baş direktoru Qurban Yetirmişli və Mərkəzimizin əməkdaşları zəlzələ bölgəsindədirlər. Hazırda zəlzələnin episentri və ona yaxın ərazilərində əlavə quraşdırılmış 5 mobil seysmik stansiya vasitəsi ilə makroseysmik müşahidələrimiz davam etdirilir .
Qeyd etmək istəyirik ki, Zaqatala zəlzələsi və ondan sonra baş verən titrəyişlərlə bağlı müntəzəm olaraq ictimaiyyətimizi məlumatlandırsaq da, əfsuslar olsun ki, hələ də əhali arasında müəyyən narahatçılıqların olmasından istifadə edərək, insanları qorxuya salmaq istəyən və qeyri-dəqiq informasiyalar yaymağa çalışanlar var.
Bildirmək istərdik ki, güclü zəlzələdən sonra ocağın sönməsi üçün müəyyən avtoşoklların qeydə alınması tam qanuna uyğundur və bu proses bir qədər davam edə bilər. Şəki və Zaqatalada qeydə alınan və hiss olunan son təkanlar da prosesin davamı kimi qəbul olunmalıdır”.
Respublika Seysmoloji Xidmət Mərkəzi mediadan zəlzələ ilə bağlı məlumatları yayarkən qeyri-dəqiq informasiyalara yol verməməyi, maarifləndirmə məqsədi ilə Mərkəzin rəsmi saytında yerləşdirilmiş məlumatlardan istifadə etməyi xahiş edirib
“Məlumat üçün bildirmək istəyirəm ki, Azərbaycanda zəlzələlərin qeydiyyatı və tədqiqatı ilə məşğul olan yeganə təşkilat AMEA Respublika Seysmoloji Xidmət Mərkəzidir. Bizimlə əlaqəli işləyən qurumlar da məlumatları bizim Mərkəzdən alırlar. Odur ki, zəlzələ ilə bağlı məlumatlar yayarkən yalnız AMEA RSXM-ə istinad edilməlidir”.
Modern.az