Modern.az

Bu deputatların Facebook şəbəkəsində nə işi var?

Bu deputatların Facebook şəbəkəsində nə işi var?

Parlament

16 May 2012, 10:30

Yaradıcı insanlar, iş adamları, millət vəkilləri, kiçik və ya böyük biznesə sahib olanlar, ümumiyyətlə müxtəlif  peşə sahiblərinin çoxu Facebook, Twitter kimi sosial şəbəkələrdən iş həyatlarının yüksəlişi üçün istifadə edirlər.

Azərbaycanda da bəzi millət vəkilləri və ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər Facebook sosial şəbəkəsindən aktiv istifadə edənlər sırasına daxildirlər. Facebook-un imkanlarından yararlanan deputatlardan İqbal Ağazadə, Qənirə Paşayeva, Fuad Muradov, Əli Məsimli, Rövşən Rzayev, Asim Mollazadə, Ceyhun Osmanlı, Gülər Əhmədova, Zahid Oruc və Məlahət İbrahimqızının adını çəkmək olar.

Modern.az saytının əməkdaşı millət vəkilləri ilə əlaqə saxlayıb, onlardan Facebook-kı fəaliyyətlərilə bağlı fikirlərini öyrənib.

Asim Mollazadə öz fəaliyyəti ilə bağlı məlumatları ictimaiyyətə çatdırmaq üçün Facebook sosial şəbəkəsindən istifadə etdiyini bildirib. Həmçinin də millət vəkili ictimaiyyətinin rəyinin də onun üçün vacib olduğunu qeyd edib.
“Ümumiyyətlə Facebook sosial şəbəkəsindən istifadə etmək lazımdı. Xalqla əlaqə saxlamaq, məlumatlanmaq və informasiyadan bəhrələnmək üçün çox yaxşı bir imkandır. Olur ki, hansısa bir fikri ya informasiyanı status vasitəsi ilə də çatdıra bilirik və bu da çox vacib bir amildi“.

İqbal Ağazadə öncə Facebook-dakı səhifəsinin sındırılmasından şikayətlənib. Millət vəkili bildirib ki, onun səhifəsini ələ keçirən insanlar onun adından başqalarına qəribə mesajlar və statuslar yazırmışlar.
“Belə hallara görə Facebook sosial şəbəkəsindən çox da geniş şəkildə istifadə etmirəm. Yalnız öz müsahibələrimin və yazılarımın linklərini paylaşıram. Bu yazılar da daha çox gündəlik iş fəaliyyətimlə bağlıdır. Həm də status yazmıram, çünki sonra səhifəmdə yaşanan problemlər zamanı yazılan stausların mənə aid olduğunu düşünməsinlər deyə“ .

Gülər Əhmədova Facebook sosial şəbəkəsindən öz fəaliyyətinin daha geniş şəkildə təbliğ olunması üçün istifadə etdiyini söyləyir. Deputat Facebook sosial şəbəkəsindən informasiya mənbəyi kimi də istifadə etdiyini bildirib.
“Mətbuatla əlaqəli bir insan olduğum üçün bütün informasiyaları izləyirəm, mətbuatda baş verən son məlumatlardan elə bu şəbəkə vasitəsilə xəbərim olur. Həmçinin, mən Facebook-da bir sıra statuslar paylaşıram və bu statuslar müxtəlif sahələrə aid ola bilir. Yəni məcbur deyil ki, bu rəylər hökmən siyasətlə əlaqəli olsun. İctimai problemlərlə və gündəmdə olan məsələlərlə bağlı fikirlərimi də ara-sıra bölüşürəm“.
Gülər Əhmədova da onun profilinin bir neçə dəfə sındırıldığını qeyd edib.

Məlahət İbrahimqızı deyir ki, Facebook-dan daha çox gənclər istifadə etdiyindən bu şəbəkə onlarla ən yaxşı əlaqə vasitəsi sayıla bilər. “Facebook-da informasiya almaq çox asandır. Həmçinin, mənim üçün də ən maraqlı olan bir məqam var. Bu da dünya və Azərbaycan gəncliyinin fikirləri, düşüncələridir. Bu gənclərin dünyaya baxışını və onu necə gördüklərini öyrənmək istəyirəm. Bunlarla yanaşı, Facebook-da saytlara verdiyim müsahəbələrimi və öz yeni fikirlərimi paylaşıram. Amma bu şəbəkədə müsbət hallarla yanaşı, məni əsəbləşdirən məqamlar da var. Bunlardan biri də Facebook-da bir jurnalistin bir gündə beş dəfə məndən müsahibə almaq istəməsidir”.

Qənirə Paşayeva da bizə Facebook sosial şəbəkəsində olan fəaliyyəti ilə bağlı məlumatlar verib. Qeyd etmək lazımdır ki, ən fəal və dinamik Facebook səhifələrindən biri Qənirə Paşayevanındır. Deputatın deyib ki, Facebook səhifəsində daha çox tədbirlərdən, konfranslardan hazırlanan materiallar və digər fəaliyyəti ilə bağlı məlumatlar yerləşdirir, gənclərlə ünsiyyət qurur.
Səhifədəki şərhlərdən məlum olur ki, millət vəkilinin ictimai-siyasi fəaliyyəti gənclər tərəfindən bəyənilir və geniş şəkildə oxunur.

Zahid Oruc deyir ki, o, Facebook-da çox da aktiv fəaliyyət göstərmir. Amma buna baxmayaraq, deputat həmkarlarının siyasi statuslarını və fəaliyyətlərini daim Facebook-da izləyir:
“Həmkarlarımın fəaliyyətini izləyirəm və ümumiyyətlə siyasətlə bağlı bütün informasiyaları öyrənmək mənim üçün çox önəmlidir. Ona görə də onların səhifələrini diqqət və nəzərimdə saxlamağa çalışıram. Lakin özüm Facebook-da o qədər də geniş fəaliyyət aparmıram və ancaq adımı qeydiyyatdan keçirmişəm. Amma bildiyim qədər həmkarlarımın əksəriyyəti bu işi köməkçiləri vasitəsilə idarə edir. Mən də əvəllər köməkçilər vasitəsilə idarə etsəm də, sonradan bunu dayandırdım. Çünki onların fəaliyyəti məni qane etmədi. Amma hal-hazırda Facebook-da sadəcə adım var və demək olar istifadə etmirəm“.

Əli Məsimli Facebook sosial şəbəkəsinin əhəmiyyətli tərəflərində danışıb. Deputat bildirib ki, Facebook vasitəsilə istənilən bir informasiyanı ötürmək və yeni tanışlıqlar əldə etmək olar. Millət vəkili bu sosial şəbəkədəki səhifəsində daha çox milli maraqları əhatə edən informasiyaları paylaşdığını deyir:
“Həmçinin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mən Facebook səhifəmdən çox qabarıq şəkildə istifadə edirəm. Mən millət vəkili olaraq, statuslarımda və paylaşımlarımda öz mövqeyimi ortaya qoymağa çalışıram. Onu da qeyd edim ki, həmkarlarımın bəzilərindən fərqli olaraq, mən səhifəmi köməkçilər vasitəsilə deyil, hər zaman özüm idarə edirəm. Bir də artıq Facebook  vasitəsilə görüşlərin də zamanını təyin edə bilirik. Facebook bizə dəyərli insanlarlarla və əməkdaşlarla da maraqlı əlaqələr qurmaq imkanını verir“.

Könül Səid

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım