Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev şəhər ziyalıları ilə görüş keçirib. Modern.az-ın məlumatına görə, görüşdə Gəncənin tarixi, mədəniyyəti və ictimai-siyasi həyatı ilə bağlı dörd vacib məsələ müzakirə mövzusu olub. Ziyalılarla müzakirə edilən ilk mövzu mərhum dövlət başçısı Heydər Əliyevin 90 illik yubileyinə hazırlıqla bağlı olub.
Elmar Vəliyev Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Gəncə Regional Elmi Mərkəzdə beş cilidlik monoqrafiyanın hazırlanmasını tapşırıb. Bu məqsədlə redaksiya heyəti də təsdiq edilib.
Gəncənin tarixi abidələrinin pasportlaşdırılması ilə bağlı ensiklopediyanın yaradılması isə yığıncağın ikinci mövzusu olub. Gəncədə mövcud olan 801 tarixi abidə ilə yanaşı, Köhnə Səbiskarda mövcud olan qədim sərdabələrin və qəbirlərin də tarixi abidə kimi pasportlaşması təkilif edilib. Sözügedən Səbiskarın xiyaban halına salınması və yenidən hasarlanması təklifi də ziyalılar tərəfindən dəstəklənib.
Elmar Vəliyev tövsiyə edib ki, dahi söz ustadı Nizami Gəncəvinin 870 illik yubileyi ərəfəsində silsilə tədbirlər, rəsm, şeir müsabiqələri keçirilsin, tamaşalar hazırlansın. Nizami ilə bağlı əsərlər xarici dillərə tərcümə olunsun. İcra Hakimiyyətinin başçısı Gəncədə mövcud olan yeraltı fayton yolları ilə bağlı tədqiqata başlandığını da bildirib.
“Gəncə şəhərində ikimərtəbəli fayton yollarının olması ilə bağlı artıq tədqiqata başlanılır. Bu şəhərimizin tarixinə yeni bir töhfə olacaq. Bildiyim qədərilə elə bir şəhər yoxdur ki, orada yeraltı fayton yolu olsun. Bu da bizim şəhərimizin xəzinəsidir, bunu biz tapmalıyıq və məsələni çözməliyik”-deyə Elmar Vəliyev bildirib
Yığıncaqda şəhər rəhbərliyi tərəfindən o da vurğulanıb ki, Gəncənin Hacıkənd qəsəbəsində əvvəllər mövcud olan düşərgələrin də bərpasına başlanılıb. İlk olaraq, min nəfərlik gənclər düşərgəsi bərpa ediləcək ki, gələn il gənclərlə bağlı tədbirlərin orada keçirilməsi mümkün olsun .
Modern.az