Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 16-da Türkiyə Cümhuriyyətinə səfərə yola düşür. Səfər mayın 17-18-də İstanbulda keçiriləcək Dünya siyasəti-2012 Forumuna dəvət əsasında həyata keçirilir. QMİ-nin Mətbuat Xidmətindən Modern.az-a bildirilib ki, Türkiyə Baş Nazirinin Təşviqat Fondu tərəfindən təşkil edilən Dünya siyasəti-2012 Forumunda beynəlxalq və yerli liderlər, siyasətçilər, iş adamları, iqtisadçılar, alimlər, din və fikir sahibləri bir araya gələcəklər. Bu zirvə görüşündə dünya siyasətçiləri və iqtisadçıları bir araya gələrək, liderlər dünyada baş verən hadisələrin mühüm aspektləri üzərində dayanaraq öz fikirlərini beynəlxalq həmkarları və geniş ictimaiyyət ilə bölüşürlər.
İstanbul Dünya Siyasəti - 2012 Forumunun mövzusu «Yeni dünyanın quruluşu» olacaqdır. Sammit çərçivəsində müasir dövrü əhatə edən mövzulara dair müxtəlif sessiyalar, daha parlaq gələcəyin qurulması, qlobal və regional siyasətin formalaşması ilə bağlı müzakirələr təşkil ediləcək.
QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Forumda çıxış edəcək.
Modern.az