Modern.az

Putinin MDB rəhbərlərinə “SSRİ” mesajı: “Biz bir-birimizdən ayrı mövcud ola bilmərik”

Putinin MDB rəhbərlərinə “SSRİ” mesajı: “Biz bir-birimizdən ayrı mövcud ola bilmərik”

Təhsil

16 May 2012, 13:42

Moskvada keçirilən MDB ölkə başçılarının qeyri-rəsmi görüşündə Kremlin yeni rəhbəri Sov.İKP rəhbəri kimi danışıb


“MDB özü iştirakçılarının tərkibinə görə xüsusi yer tutur. Bunu nəzərə alaraq biz sizinlə birgə MDB çərçivəsində siyasi və iqtisadi inteqrasiyanı ehtiva edəcək birliyin yaradılması üçün intensiv iş aparmalıyıq”.  Modern.az Rusiya prezidentinin rəsmi saytına istinadən bildirir ki, bunu MDB dövlət başçılarının mayın 15-də Moskvada keçirlimiş qeyri-rəsmi görüşündə Rusiya prezidenti Vladimir Putin ev sahibi kimi çıxışında deyib.

Kremlin yeni sahibi vurğulayıb ki, MDB-nin bu strateji məqsədinə çatması üçün hələ qarşıda çoxlu praktik məsələləri həll etmək durur.
“Bura ümumi iqtisadi və humanitar məkanın yaradılması, regional təhlükəsizlik sisteminin yenilənməsi və Birliyin beynəlxalq nüfuzunun yüksəldilməsi daxildir”-deyə Putin qeyd edib.

Rusiya prezidenti vurğulayıb ki, MDB ölkələri Rusiyanın ən yaxın və strateji tərəfdaşlarıdır. “Biz bir-birimizdən ayrı effektiv şəkildə mövcud ola və inkişaf edə bilmərik”-deyən Putinin sözlərinə görə, MDB ölkələrini “ümumi, çoxəsrlik keçmiş birləşdirir”.

“Hazırda bizim bizim qarşımızda iqtisadiyyatın modernləşdirilməsi, yeni təhlükələrə qarşı birgə müqavimət kimi ümumi vəzifələr durur”-deyə Rusiya prezidenti vurğulayıb. 

Xatırladaq ki, Moskvada keçirilən MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə doqquz keçmiş sovet respublikası olmuş Azərbaycan, Ermənistan, Türkmənistan, Özbəkistan, Moldova, Ukrayna, Belorus və Tacikistan prezidentləri qatılıb.

Bir sıra siyasi müşahidəçilər bu görüşü Putinin “yeni SSRİ” planının ilkin mesajı kimi qiymətləndirirlər. Hələ baş nazir olarkən Putin MDB məkanı çərçivəsində “Avrasiya Birliyi” ideyasını irəli sürüb və bunun üçün ilkin məsləhətləşmələr də aparıb. İndiki məqamda Azərbaycan üçün bu təklif ciddi siyasi təbəllüdatlar doğuracağı birmənalıdır. Rəsmi Bakı 90-cı illərdə, mərhum Heydər Əliyevin prezidentliyi dönəmində özünün xarici siyasət prioritetlərini qəti olaraq müəyyənləşdirib və bu siyasəti beynəlxalq müstəvidə “oturda” bilib. Kreml Azərbaycanın siyasi kursundan yaxşı xəbərdardır. Təsadüfi deyil ki, Bakı Putinin “Avrasiya Birliyi” təklifinə cavab verməyib. Putinin yenidən hakimiyyətə qayıdışı ilə rəsmi Bakı üzərinə bir sıra təzyiq faktorlarının yönləndirilməsi mümkün ola bilər. Bura ən çox Dağlıq Qarabağ münaqişəsi daxildir. Maraqlıdır ki, andiçmədən dərhal sonra Putin  ölkəsinin xarici siyasət prioritetlərinə dair imzaladığı fərmanında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Kremlin siyasi mövqeyi xüsusi bəndlə göstərilib.

Digər tərəfdən Putin bu görüşdə çıxışı zamanı bir gün əvvəl keçirlimiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə də toxunub. Bildirib ki, qeyri-rəsmi görüş və KTMT-nin sammiti “mühüm hadisədir”. Nəzərə almaq lazımdır ki, Bakı KTMT-nin üzvü deyil və bu qurumun rəsmi üzvlərindən olan Ermənistanla müharibə vəziyyətindədir. O zaman Putinin bu müqayisəsinin qapalı mesajlarını anlamaq o qədər də çətin olmaz. Rusiya Azərbaycanla bağlı yeni siyasi kursun ilkin detallarını hazılayır. Bunun isə nə qədər ölkəmizə xeyir gətirəcəyini yalnız prosesin tam gücü ilə başlanması zamanı təxmin edə bilərik.

Xaqani SƏFƏROĞLU

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza