Azərbaycanın “Eurovision 2012” mahnı müsabiqəsində təmsilçisi Səbinə Babayeva bu gün mətbuat konfransı keçirib.
Modern.az-ın verdiyi məlumata görə, jurnalistlərin suallarını cavablandıran təmsilçimiz bildirib ki, mayın 17-dən etibarən xalq artisti Alim Qasımovla birgə məşqlərə başlayacaq:
“Mən Alim Qasımov səsinin vurğunuyam. Əfsanəvi xanəndəmizlə bir yerdə olmaq mənə zövq verir”.
“Bu il müsabiqənin Azərbaycanda keçirilməsi demək olar ki, mənim həyəcanımı azaldır” deyə təmsilçimiz konfrans zamanı bildirib.
Səbinə Babayeva müsabiqədəki şousu və geyimi barəsində heç bir açıqlama vermək istəməyib: “Mən istəyirəm ki, hər şey sirr qalsın. İnanın, hər şey çox gözəl olacaq. Hər biriniz heyran olacaqsınız”.
Təmsilçimiz Gürcüstan və Serbiya təmsilçilərinin müsabiqəyə daha güclü hazırlaşdığını qeyd edib: “Mən, ümumiyyətlə, rəqiblər haqqında danışmaq istəmirəm. Yalnız bizim çıxışımız barədə fikirləşirəm. Azərbaycanın müsabiqəni uğurla keçirəcəyinə inanıram. Biz göstərəcəyik ki, Azərbaycanda istedadlar var”.
Sevinc İLTİFATQIZI