Modern.az xəbər verir ki, Vergilər Nazirliyinin məlumatına görə, 195 nömrəli telefon məlumat xidməti vergi ödəyiciləri ilə operativ ünsiyyət baxımından çox faydalı olaraq qalır. Statistika göstərir ki, müraciətlərin operativ cavablandırılması üçün yaradılan bu məlumat xidmətindən istifadə edənlərin sayı durmadan artır.
Belə ki, 2009-cu il ərzində Vergilər Nazirliyinin 195 nömrəli telefon xidmətinə müraciət edənlərin sayı 267162-yə çatıb. Bunlardan 54068 müraciət canlı olaraq mütəxəssislər tərəfindən, 213094 isə elektron operator tərəfindən cavablandırılıb.
Müraciətlərin təhlili göstərir ki, canlı əlaqə zamanı vergi ödəyicilərini daha çox ayrı-ayrı vergilərin, xüsusilə gəlir vergisinin, sadələşdirilmiş verginin, ödəmə mənbəyində tutulan vergilərin, əlavə dəyər vergisinin ödənilməsi ilə əlaqədar hesablamaların aparılması, həmçinin "bir pəncərə" prinsipi üzrə qeydiyyat və vergi uçotu, hesabatların təqdim edilməsi, e-xidmətlərlə (texniki dəstək) bağlı məsələlər maraqlandırır. Suallar arasında nəzarət-kassa aparatları, mühasibat uçotu, cərimə, maliyyə sanksiyaları barədə suallar da çoxluq təşkil edir.
Qeyd etmək lazımdır ki, 195 nömrəli telefon məlumat xidməti təkcə sualların cavablandırılmasını deyil, vergi qanunvericiliyinin pozulması və vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barədə vergi ödəyicilərinin şikayətlərinin qəbul edilməsini də təmin edir.