“Monastrın kimə məxsus olması Azərbaycan və Gürcüstan prezidentləri arasında heç vaxt danışıqlar predmeti olmayıb”

“David Qareci monastrının yerləşdiyi ərazinin Gürcüstana məxsusluğunu indyə qədər heç kim şübhə altına salmayıb”.
Modern.az bildirir ki, bu sözləri Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze gürcü KİV-lərinə müsahibəsində bildirib.
O deyib ki, Azərbaycan və Gürcüstan höküməti monastr kompleksi ilə bağlı məsələni həll edə biləcəklər.
“İctimaiyyət üçün bir mühüm detalı xatırlatmaq istərdim: 70-ci ilərdə mən Gürcüstana rəhbərlik edən vaxtlarda Qarecoba adlı xalq bayramı təşkil edirdim. Udablono kəndinə gedən yol təmir edildi. Bu tərk edilmiş yerlərdə gürcü məktəbləri salındı. Üç Qafqaz respublikasının rəhbərləri - mən, Heydər Əliyev və Karen Dəmirçiyan- arasında elə münasibətlər yaranmışdı ki, sərhədlərdə hansısa şübhəli situasiyanın yaranmasını təsəvvür etmək çətin idi. O zaman da, sonra da David Qareci monastırının kimə məxsus olması Azərbaycan və Gürcüstan prezidentləri arasında heç vaxt danışıqlar predmeti olmayıb. Bu monastrın Gürcüstana məxsus olmasına heç kim şübhə etmirdi. Keçid-sərhəd xəttinin qoyulmasına gəlincə, bu çətin prosesdir və çoxlu vaxt tələb edir. Mənim prezidentliyim zamanında hökümətlərarası komissiya böyük iş aparırdı. 2003-cü ildən sonra nə olduğu mənə məlum deyil”-deyə Şevardnadze deyib.
O bildirib ki, dövlət başçısı olduğu zaman Qareci monastrının sərhəd kimi müəyyən edilməsi barədə heç bir sənəd imzalanmayıb. Eks-prezident qeyd edib ki, “Azərbaycan və Gürcüstanın monastrla bağlı məsələni həll edəcəyinə ümid edir”.
Qeyd edək ki, artıq bir neçə ildir Gürcüstan Ağstafa rayonu ərazisində dağlarda yerləşən ərazinin onlara məxsus olduğunu iddia edir. Gürcülər hesab edir ki, burada hələ qədimlərdən onların David Qareci məbədi fəaliyyət göstərib. Azərbaycan bu iddiaları qəbul etimir. Bakı hesab edir ki, bu kompleks daha çox “Keşişdağ” kimi tanınır. Bundan əlavə, rəsmi Bakı bəyan edib ki, bu strateji yüksəklikdir və heç bir halda danışıqlar mövzusu ola bilməz.
X. SƏFƏROĞLU