Bəzi xarici ölkələr mətbuatının və təşkilatların qərəzli tənqidlərinə baxmayaraq, Azərbaycanda “Eurovision-2012” mahnı müsabiqəsi yüksək səviyyədə keçiriləcək. Azərbaycanda “Eurovision”un yüksək səviyyədə keçirilməsi üçün bütün hazırlıq işləri görülüb. Bu sözləri Modern.az-a açıqlamasında YAP-ın icraçı katibinin müavini, deputat Siyavuş Novruzov Qərb mətbuatında Azərbaycanla bağlı yer alan tənqidlərə münasibət bildirərkən deyib.
S.Novruzov bildirib ki, Azərbaycanı tənqid edən beynəlxalq təşkilatlar ölkəmizə qarşı qərəzlidirlər.
”Ona görə də Azərbaycan bu tənqidlərə ciddi yanaşmır. Çünki onların hesabatlarındakı yazılanlar birtərəfli qaydada hazırlanıb, Azərbaycanla bağlı hesabat hazırlananda yalnız müxalifət mətbuatında və hüquq müdafiəçilərindən götürülən məlumatlardan istifadə olunur. Ümumi hesabatlar hazırlananda hökümətin mövqeyi öyrənilsəydi, o zaman biz ona obyektiv yanaşa bilərdik”.
S.Novruzov Qərb mətbuatında Azərbaycanla bağlı yer alan tənqidləri qeyri-obyektiv saydığını vurğulayıb.
Modern.az