
Son dövrlər ölkə bazarlarına axın edən xarici məhsullar yerli istehsalımıza sözün əsl mənasında "meydan oxuyur". Bu gün paytaxt bazarlarında və market-mağazalarda piştaxtaları xarici ölkələrdən gətirilən meyvə-tərəvəzlər tutub. Yerli məhsulların xarici ölkələrə ixracı, xaricdən isə məhsul idxal olunması ölkədə əsl yerli mal qıtlığı yaradıb. Bu sıraya xaricdən iribuynuzlu heyvanların gətirilməsini də əlavə etmək olar. Belə ki, xarici heyvanların ölkəyə idxalı yerli mal-qara təsərrüfatını kölgədə qoyur. Vəziyyət o həddə çatıb ki, bazarda yerli istehsala rast gəlmək müşkül məsələyə çevrilib. Belə vəziyyət ölkə təsərrüfatına nə kimi mənfi nəticələr verə bilər?
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev xaricdən gətirilən meyvələrin bazarlara yol açmasının yerli məhsulun qıtlığı ilə əlaqələndirilməsini düzgün saymır:
"Kənd təsərrüfatı məhsullarının 98-99 faizi özəl sektorun payına düşür. Qiymətlər liberallaşıb. Azərbaycan 120-dən çox ölkə ilə kənd təsərrüfatı sahəsində idxal-ixrac əməliyyatı aparır. Heyvanlar dövlət xətti ilə ayırdığı vəsait hesabına nazirliyin tərkibində fəaliyyət göstərən “Aqrolizinq ASC” tərəfindən gətirilir. Artıq may ayında 325 baş iribuynuzlu mal-qaranın gətirilməsi nəzərdə tutulub. Bu sahəyə prezident 10 milyon manat vəsait ayırıb”. Nazirlik rəsmisi bildirib ki, Azərbaycanın kifayət qədər meyvə təminatı var: “Bu təminat iki dəfədən də artıq ödənilir. Qaldı ki, idxala, bu proses adi haldır. Təbii olaraq bu da yerinə yetirilməlidir. Xaricdən məhsul idxal etmək yerli istehsalı heç vaxt azalda bilməz".
Ərzaq Təhlükəsizliyi uğrunda İctimai Birliyinin rəhbəri Zahid Abbasov isə deyir ki, xarici məhsulların ölkə bazarlarındakı liderliyi yerli məhsulları bazardan sıxışdırıb çıxaracaq. Onun sözlərinə görə, geni dəyişdirilmiş məhsulların qanunla ölkəyə gətirilməsi qadağan olunsa da hələ ki, bu sahədə boşluq var: “Düzdür ölkəyə xaricdən məhsullar gəlir. Amma onların tərkibi demək olar ki yoxlanılmır. “Mədəni bitkilərin genetik ehtiyyatları haqqında” qanunda göstərilir ki, ölkəyə gətirilən qidalar gömrük sərhəddində yoxlanılmalıdır. Əgər tərkibində genetik modifikasiya olunmuş məhsul varsa, onun idxalı qadağan olunmalıdır. “Ekoloji təmiz məhsulları haqqında” qanunda da yazılıb ki, geni dəyişdirilmiş məhsulların idxalına icazə verilmir. Artıq Avropa ölkələrində GMO-lar qadağan olunub. Bununla bağlı bizdə də müəyyən işlər görülür. Belə ki, Standartlaşdırma Metrologya Patent üzrə Dövlət Komitəsində belə məhsulların yoxlanılması üçün loboratoriya hazırlanır. GMO məhsullar ucuz olduğuna görə, yerli bazarı və yerli məhsulları bazardan çıxara bilər”.
Gültəkin Ələsgər