Modern.az-ın məlumatına görə, millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı Azərbaycanın Litvadakı səfirliyinin yeni binasını ziyarət ediblər.
Azərbaycanın Litvadakı fövqaladə və səlahiyyətli səfiri Həsən Məmmədzadə millət vəkilləri ilə görüşdə bildirib ki, Litvanın ən mərkəzi yerində, tarixi binada fəaliyyət göstərəcək səfirliyimizin yeni binada ilk iş günüdür və millət vəkilləri Qənirə Paşayeva və Ceyhun Osmanlı da ilk ziyarətçilərdir. Səfir bildirib ki, ölkəmiz Litva ilə əməkdaşlığı bütün sahələrdə genişləndirməyə böyük önəm verir və iki ölkə arasında münasibətlər getdikcə daha da inkişaf edir.
H. Məmmədzadə Azərbaycan həqiqətlərinin, tarixi və mədəniyyətinin Litvada daha geniş tanıdılmasına xüsusu diqqət verdiklərini bildirib və Xocalı Soyqırımının 20-ci ildönümündə Litvanın 21 millət vəkilinin Avropa Parlamentinə müraciətinin qəbul olunmasını Azərbaycan həqiqətlərinin daha geniş tanınması istiqamətində önəmli addım kimi dəyərləndirib. Səfir Azərbaycanda keçiriləcək böyük musiqi yarışması olan Avroviziya ilə bağlı Litvadakı seçim turları zamanı Litvalı millət vəkillərinin iştirak edərək Azərbaycanla bağlı müsbət məlumatlar vermələri və fikirlər səsləndirmələrini, final günü isə qalibi elan etmək üçün Azərbaycan səfirinin dəvət olunmasını və onun Azərbaycanla bağlı fikirlər söyləməsinə imkan yaradılmasını ölkəmizin Litvada daha geniş təbliği baxımından önəmli layihələrdən biri kimi dəyərləndirib.
Səfir Azərbaycan mədəniyyətinin Litvada daha geniş tanıdılmasının vacibliyinə də toxunub və bildirib ki, bu il 28 may Respublika günü Litvada yüksək səviyyədə qeyd olunacaq və Azərbaycanın xalq artisti Mələkxanım Əyyubovan Azərbaycan musiqisini daha geniş tanıtmaq üçün bu tədbirə dəvət ediblər.
|
Modern.az