Modern.az

“Azərbaycan xalçaları – Təbriz qrupu” broşürü nəşr olundu

“Azərbaycan xalçaları – Təbriz qrupu” broşürü nəşr olundu

Təhsil

17 May 2012, 12:17

“Azərbaycan xalçaları öz qrupları” ilə silsiləsindən “Azərbaycan xalçaları – Təbriz qrupu” broşürü işıq üzü görüb. Bu barədə Modern.az-a "Azər-İlmə" xalçaçılıq şirkətindən məlumat verilib.

Nəfis tərtibatlı broşürdə dünya şöhrətli Təbriz xalçaları, onların xarakteristikası və ətraflı təsnifatı yer alıb. Mürəkkəb ornamentə, kompozisiyaya və toxunma texnologiyasına malik olan Təbriz xalçaları Azərbaycan xalçaçılıq məktəbinin ən gözəl nümunələrini özündə ehtiva edir. Təbriz qrupuna aid olan xalçalar özünün məna-məzmun yükünə görə fərqlənir, qədim bədii-texniki ənənələrə tapınaraq inkişaf edir. Böyük şöhrət qazanan Təbriz xalçaları hər zaman Avropada yaşayıb-yaradan rəssamların diqqət mərkəzində olub. Bu xalçalar müxtəlif mövzulu tabloların kompozisiyasına daxil edilib, onları həm məzmun, həm də forma baxımından zənginləşdirib.

Sənət tarixinə “Təbriz qrupu” kimi daxil olan xalçalar bədii-texniki xüsusiyyətlərinə və kompozisiyalarına görə Təbriz və Ərdəbil qollarına ayrılır.

Təbriz qoluna “Təbriz”, “Əfşan”, “Dörd fəsil”, “Baxşayış”, “Qərəcə”, “Görəvan”, “Heris”, “Ovçuluq”, “Ağaclı” və “Ləçəkturunc” kompozisiyaları, Ərdəbil qoluna “Ərdəbil”, “Şeyx Səfi”, “Şahabbası”, “Sərabi”, “Zəncan”, “Mir” və “Açma-yumma” çeşniləri daxildir.

Oxucuların Təbriz xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etməsi üçün broşürdə nadir xalçaların təsviri, onların üzərindəki naxışların izahı verilib. Broşür Azərbaycan, rus, ingilis, fransız, alman və ərəb dillərində olmaqla altı dildə nəşr olunub.

Nəşrin beynəlxalq tədbirlərdə, görüşlərdə paylanması, dünya sənətşünasları, tarixçiləri arasında yayılması nəzərdə tutulub. Layihənin rəhbəri professor Vidadi Muradovdur.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza