Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra yerli dini kadrların hazırlanmasında bir sıra islahatlar həyata keçirilib. Bu məqsədlə 20 il bundan əvvəl Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nəzdində Bakı İslam Universiteti fəaliyyətə başlayıb və qısa müddət ərzində minlərlə gənc bu ali təhsil müəssisəsinin məzunu olub. Hazırda bu potensialın əksəriyyətindən dini müəssisələrdə - axund, imam-camaat, müəzzin və başqa dini vəzifələr üzrə istifadə olunur.
Müstəqillik illərində yüzlərlə azərbaycanlı xaricdə də dini təhsil alıb. Onların bir qismi təhsilini başa vurduqdan sonra ölkəmizə qayıdaraq dini ayin və mərasimlərin aparılmasında iştirak edirlər. Xaricdə təhsil alan tələbələr arasında ölkəmizin müxtəlif məscidlərinə rəhbərlik edənlər də var. Eyni zamanda geri qayıtmayanlar da az deyil...
2009-cu ildə keçirilən referendumdan sonra “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilib. İndi qanunun 21-ci maddəsinə əsasən, İslam dininə aid dini ayin və mərasimlərin aparılması yalnız ölkəmizdə dini təhsil almış vətəndaşlarımız tərəfindən aparıla bilər.
Modern.az Azərbaycandan dövlət xətti ilə müsəlman ölkələrinin ali dini unversitetlərinə tələbə göndərilməsi ilə bağlı məsələni araşdırıb. Bildiyimiz kimi, xüsusi dövlət proqramı üzrə hər il Azərbaycandan xarici ölkələrin ali məktəblərində ali təhsil almaq üçün 100-lərlə gənclər göndərilir. Bəs dini təhsil almaq üçün dövlət xətti ilə xarici ölkərələ göndərilənlər varmı?
Təhsil Nazirliyinin xaricdə təhsil və əcnəbi tələbələrlə iş üzrə sektorunun böyük məsləhətçisi Eldar Əlıiyev bildirib ki, xaricdə dövlət xətti ilə dini təhsil alan azərbaycanlı tələbə yoxdur. Nazirlik rəsmisi onu da qeyd edib ki, Azərbaycandan dövlət xətti ilə xaricdə dini təhsil almağa tələbə göndərilmir.
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən də bizə verilən məlumatda bildirildi ki, belə bir hal yoxdur. Qurumun mətbuat xidmətinin rəhbəri Saleh Aslanov bildirdi ki, dövlət xətti ilə xaricdə dini təhsil almağa tələbə göndərilmir.
Araşdırmalar göstərir ki, dövlət xəttilə olmasa da, özəl yollarla hər il xeyli azərbaycanlı tələbə dini təhsil almaq üçün xaricə gedir. Təhsilini başa vurub Azərbaycana qayıdan gənclərə dövlət tərəfindən oxuduqları sahələrə aid hər hansı iş verilmir. Səbəb kimi onların xarici ölkələrdə qeyri-dövlət xəttilə dini təhsil almaları göstərilir.
Mail Ağaxanov