Modern.az

Sadə peşəkar - Arıçı ilə bal kimi söhbət: “Həkim dedi ki, “sizin də canınız ağrısın, mənim də?”” - PROJE

Sadə peşəkar - Arıçı ilə bal kimi söhbət: “Həkim dedi ki, “sizin də canınız ağrısın, mənim də?”” - PROJE

21 May 2012, 11:25


Balını xüsusi ləzzətlə yediyimiz arılar həmişə məndə də qorxu yaradıb. Hələ yadımdadır, balaca olanda uşaqlarla oynayarkən arı yuvasını dağıttığım üçün 7-si birdən çalmışdı məni. O vaxtdan bu günə qədər harda arı görsəm, oradan dərhal uzaqlaşıram. Amma məndən fərqli olaraq hətta arılara sevgisi olan, onlarla işləməkdən məxsusi zövq alan insanlar  da var. O insanlar ki, heç kimin cürət eləmədiyini edib bir gündə 8000–dən çox arı ilə işləyir, baxmayaraq ki, bu iş prosesində onları bir dəfəyə 20-30 arı çalır.

Elə Modern.az-ın “Sadə peşəkarlar “ rubrikasının  bu dəfə ki, qonağı da belə insanlardandır, arı təsərrüfatı ilə məşğul olan Nadir dayı...


Arıçılıqla məşğul olan adamlar cavanlaşırmış…

Nadir dayı Zəngilanlıdır. Məlum hadisələrdən sonra məcburi köçkün kimi Sumqayıtda məskunlaşıb. Hazırda 54 yaşının olmasına baxmayaraq, dediyinə görə özünü hələ də cavan hiss edir. Cavan qalmasının səbəbini arıçılıqla məşğul olmasında görür.

“Bu iş olmasa, mən yaşaya bilmərəm. İnanırsınız ki, elə gün olur ki, saat 8-in yarısından 4-ə kimi arılarla işləyirəm, amma yorulmaq nə olan şeydir bilmirəm. Arı saxlanılan evdə bərəkət-ruzi olur. Onun məhsulundan yeyən adamlar da daha sağlam olur. Çünki bal min bir dərdin dərmanıdır.

 

Bir də deyim ki, arılar Allahın bizə bəxş elədiyi möcüzələrdəndir. Mən rayonda yaşayanda da arıçılıqla məşğul olmuşam. Amma hər dəfə arıların müxtəlif sirlərinə yiyələnmişəm. Deyim ki, bu sirlərin mənasını, səbəbini heç kim bilmir. Yalnız Allah bilə bilər.

Arılar  haramçılığı, mundarlığı sevmir. Kimsə oğurluq edərsə, yeşikləri götürməyə imkan verməz”.

 Arı ailəsi insan ailəsindən də yaxşıdır

Arıçı Nadir, arı ailəsindəki qayda–qanunları, nizam–intizamı illərlə müşahidə edib. Sonda bir qənaətə gəlib ki, arılar insanlardan daha yaxşı ailə bağlarına sahib canlılardır.

“Arı ailəsində hər şeyi ana arı həll edir. Onların özlərinə məxsus qayda-qanunları var. Beləki, yeşiyin içərisində olan arılar işə gedib boş gələn işçi arıları ömründə yeşiyə buraxmazlar. Erkək arıları isə bir müddətdən sonra ailədən qovurlar.


Çünki erkək arılar bir gündə 2 kiloya qədər bal yeyə bilər. Ailə isə müftə yeyənləri qovub çıxardır yeşikdən. Çox sürətli və zəhmətkeş olurlar arılar. Bir də baxırsan elə sürətlə işləyirlər ki, adam heyrətlənir. Hətta mənim yeşiklərimdən birindəki arılar şanın üzərində balla Türkiyə gerbinə bənzər bir forma da yaradıblar”.

Arı müharibəsi...

Həmsöhbətimiz Nadir dayının qudası arıçı Tofiq dayı isə arılarla işləyəndə papaqdan əlcəkdən istifadə etmədiyini deyir.


”Arılar adamı tanıyırlar. Mən heç nədən istifadə eləmirəm. Onlar artıq mənim iyimi götürüblər. Amma tanımadıqları adam olanda gör başlarına nə oyun açarlar.

Bir yeşikdə 3000-8000 arı ola bilər ki, onlar bir yerdə ailə sayılırlar. Hər bir ailənin özünəməxsus iyi var. Heç bir ailə digər ailənin üzvünü yeşiyə buraxmaz. Onlar artıq qoxudan bir-birlərini ayıra bilirlər. Əgər onları bir yerə qatsaq, bir-birlərini qırıb tökəcəklər. Necə deyərlər müharibə edirlər. 

Hələ bu harasıdır, bir də görürsən ki, vəhşi arılar gəlib yeşikdə olan arıları aparıb yeyirlər.Və yaxud da payız fəsli olanda güclülər gücsüzlərə təsir edir. Onların ballarını yeyirlər”.

“Mən təmiz balı çaya salanda tanıyıram”

Saxta bal satışından şikayətlənən Nadir dayı balın təmizliyini çaya salmaqla bildiyini deyir. 

”Əgər bal təmizdirsə, çaya salan kimi bozarmalıdır çayın rəngi. Bir də görürsən ki, gətirib 25 manata bal satırlar. Hələ bir müştəri onu 15 manata kimi endirib alır. Amma başa düşmürlər ki, təmizi heç vaxt 15 manata almaq olmaz. Çünki yeşiyin birini elə 300 manata alırıq.

Həmin balları “pesok” və dərmandan istifadə eləməklə hazırlayırlar.

Arılar üçün ən yaxşı fəsil yaz - yay aylarıdır. Gülün -çiçəyin bol olan vaxtı ondadır. Ailə arıları 3 km -dən uzağa getmir. Çünki yığdıqları şirə ağırlıq eləyir, yükünü apara bilmir. Amma hara getsələr də mütləq geri qayıdırlar.

Ən yaxşı bal qaratikan baldır. O bal müalicəvi əhəmiyyətinə görə seçilir. Amma Zəngilanda olanda “xaşa bitkisi”ndən alınan balın yerini heç nə verə bilməz.

Arıların bir xüsusiyyəti də var ki, 3 gündən artıq bir çiçəkdən istifadə eləməzlər. Toksit təsiri olan bitkilərə yaxın durmurlar. Hal-hazırda isə qapımızda olan qızılgül şirəsindən istifadə edirlər. Hətta üzüm, gilanar şirələrindən də götürürlər.

Şanıdan isə yığdıqları balı üsküklərə qoymaqla istifadə edirlər. Bir neçə ildən sonra isə şanılar qaralır, köhnəlir.

O zaman biz onları aparıb Xocahəsəndə təhvil veririk, arılara kömək məqsədi ilə emal olunmuş, yenisini alırıq”.


Min bir dərdin dərmanı arı balı

Balın əvəzedilməz dərman olduğunu deyən Nadir dayı hətta qudası Tofiqin böyrək xəstəliyindən balın köməkliyi ilə sağaldığını da dedi. “Həkim bizə dedi ki, arı saxlayana xəstəlik yaraşmır.


”Belə şey olmaz, sizin də canınız ağrısın, mənim də?” deyə həkim bizə bildirdi. Sonra da əlavə etdi ki, “hər səhər saat 5-də bir çay qaşığı bal  ud”.  Bir ay belə elədi. Nəticədə gördük ki, onun öd kisəsi də, böyrəyi də qaydasına düşüb. Mən hətta bir həkimin balı qatığa qatıb yediyini də görmüşəm.

Arıların sancmağı isə bronxit, ürək–damar xəstəlikləri üçün müalicəvi əhəmiyyətlidir.

Balın rəngi müxtəlif olur. Zonasından aslıdır. Mənim ağız dadıma görə ən dadlı bal Zəngilan balıdır.

Elə olur ki, biz ildə 100, 80, 60 kq bal alırdıq. Hamısını da qohuma – qardaşa paylıyırdıq.

Amma arıların özlərinin payları ayrıca olur.


Çünki qışda onlar çox vaxt çölə çıxa bilmirlər. Temperaturu isti olsun deyə, hətta qışda pambıq yastıqçalarla yeşiklərin için yandan, üstdən basdırırıq. Amma hava yeri həmişə açıq olur. Onlar o deşiklər vasitəsi ilə yeşikləri havalandırırlar.


Fəsildən aslı olaraq arılar müxtəlif xəstəliklərə də tutulurlar. Buna görə biz onlara Türkiyədən gətirilmiş dərmanlar veririk. Ən çox vitaminsizlikdən, gənədən, qarın ağrılarından əziyyət çəkirlər”.

Bir tərəfdə gicitkən o biri tərəfdən də arılar hücüm etdi  

“İllərdi ki, bu işlə məşğul oluram. Başıma o qədər əhvalatlar gəlib ki, heç vaxt yadımdan çıxmaz. Bir dəfə Dəvəçinin kəndlərindən birində bir yarğanlıqda arılar hücüm elədi bizə, bilmədik hansı tərəfə qaçaq. Arılardan qaçıb o biri tərəfdə gicitkənliyə düşdük. Ayağımda ağrıdan  bir istilik var idi ki, Sumqayıta qədər davam elədi.

İndi isə elə olur ki, 30-u  birdən çalır gün ərzində. Artıq orqanizmim öyrəşib. Mənim üçün bu adi haldır” –deyə arıçı Nadir bildirir.

Nadir dayının sözlərinə görə, yeşiklərin göy, sarı rəngdə olması illərdən qalan bir ənənədir.


Çünki bu rəngləri arılar daha tez qavraya bilirlər.

”Ana arı 5 - 6 il yaşayır. İşçi arılar isə deyilənə görə 30 gün yaşaya bilər. Amma dediyim kimi, onların sirrini heç kim bilə bilməz. Çox çətindir arı saxlamq.

Ana arı şanda üskük qoyur. Yeni ana arı çıxır. Belə bir qayda var ki, onlarda yeni ana mayalandıqdan sonra gəlib köhnə ananı öldürür. Bir sözlə, onlarda çox sərt idarəçilik prinsipi var, mərhəmətə yer olmur”.

Qədim yunanlarda bal üç gözəl xüsusiyyətin - mehribanlığın, məhəbbətin və paklığın nişanəsi sayılırdı. Əgər insanı balla müqayisə edirlərsə, bu o demək idi ki, o ən yüksək keyfiyyətlərə və məziyyətlərə malikdir. Məşhur Pifaqor (580-500) deyirdi ki, əgər o, bal yeməsəydi, 90n il yaşamazdı...






Şahanə RƏHİMLİ
Fotomüxbir: Elçin AĞAYEV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi