Modern.az

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Dağıstanla sərhəddəki insidentdən TƏƏSSÜFLƏNİRİK

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu: Dağıstanla sərhəddəki insidentdən TƏƏSSÜFLƏNİRİK

Aktual

17 İyun 2020, 11:54

İyunun 15-də Rusiya-Azərbaycan dövlət sərhədinin Dağıstan istiqamətində baş vemiş insident zamanı soydaşlarımızın aşağılanması müzakirə mövzusu olaraq qalır.

Bu insident zamanı Azərbaycana keçmək istəyən onlarla soydaşımız Rusiya polisi tərəfindən döyülüb, üzü üstə yerə uzasılıb.


Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fəzail Ağamalı Dağıstanın Məhərrəmkənd rayonu, Kullar postunda baş vermiş hadisə ilə bağlı Modern.az-a danışıb.

 
Deputat bildirib ki, baş verənlər gərginlik yaratmağa hesablanıb:


“Rusiya-Azərbaycan sərhədində baş verənlərə təəssüf edirəm.  Belə bir zamanda Azərbaycanın rəsmi qurumları dəfələrlə soydaşlarımıza xəbərdarlıq edib ki, “bu cür etməyin, “Evə gedirəm” adlı portal vasitəsilə normal şəkildə ölkəyə qayıdın”. Təbii ki, çağırışlara əməl  etməmək soydaşlarımızın səhvidir. Ancaq bu səhvə, orada yaranmış şəraitə görə soydaşlarımıza fiziki təzyiqlərin edilməsi də yolverilməzdir. Rusiyadakı səfirimiz Polad Bülbüloğlu hər zaman olduğu kimi, yenə də Azərbaycan xalqı ilə bərabərdir. Bu, birmənalıdır. Bundan o tərəfə gedən məsələlərin üzərində dayanmağa ehtiyac yoxdur”.  


Parlamentari Rusiyaya çağırış da edib:

“Hər halda, arzulayırıq və çağırış edirik  ki, Rusiya tərəfi bu cür halların baş verməsinə şərait yaratmasın. Rəsmi formada bu halları törədənlərə qarşı ciddi şəkildə münasibət göstərilsin ki, belə hadisə baş verməsin. Axı bundan sonra hadisələrin necə olacağını bilmək olmur. Soydaşlarımıza qarşı törədilən hadisə qətiyyən qəbuledilən deyil. Ümidvaram ki, Rusiyanın rəsmi qurumları baş vermiş hadisə ilə bağlı nəticə çıxaracaqlar. Çünki bu gün Azərbaycanla Rusiya arasında çox yüksək münasibətlər möcvcuddur. Bu münasibətlərin mahiyyətinə, məntiqinə söykənərək, özümüz onu yüksək səviyyədə qoruyub saxlamaqda maraqlıyıq. Eyni  zamanda, Rusiya tərəfindən də bunu gözləyirik. İnanıram ki onlar da eyni şəkildə Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlı deyillər. Söhbət Vladimir Putin və Putinin komandası səviyyəsində olan insanlardan gedir. Bir daha baş verənlərə təəssüfümü bildirirəm”.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et