Bu günlərdə Ermənistanın siyasi gündəmində aktivlik artıb. “Çiçəklənən Ermənistan” Partiyasının sədri və Ermənistan parlamentindəki “Sarukyan” fraksiyasının lideri, milyonçu siyasətçi Qaqik Sarukyan deputat toxunulmazlığından məhrum edilib. Ermənistanın Kütləvi İnformasiya Vasitələrinin yaydığı məlumata görə, qanunverici orqan iyunun 16-da bununla bağlı Baş Prokurorluğun verdiyi vəsatətə baxaraq, qərar qəbul edib. Q.Sarukyanın deputat toxunulmazlığının ləğvinin lehinə 87 deputat səs verib. Əleyhinə və bitərəf olmayıb. Parlamentdə olan müxalifətçı deputatlar - “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” partiyalarının təmsilçiləri isə səsverməni boykot ediblər.
Məsələyə münasibət bildirən QHT sədri Vüsalə Hüseynli Modern.az-a bildirib ki, son günlər Ermənistanın siyasi gündəmində baş verənlər rəsmi Yerevanın, xüsusilə baş nazir N.Paşınyanın narahatçılığından xəbər verir:
“Bildiyiniz kimi, Sarukyan bir müddət öncə ölkənin təhlükəsizlik qüvvələri tərəfindən ifadə vermək üçün istintaqa cəlb edilmişdi. Bunun ardınca onun mandatdan məhrum edilərək, toxunulmazlığının ləğvi Sarukyanın yaxın günlərdə həbs ediləcəyinə işarə edir. Artıq sabiq deputata qarşı irəli sürülən ittihamla bağlı 250 nəfərdən çox insanın polis nəzarətinə götürülməsi, prosesin davam edəcəyini deməyə imkan verir”.
QHT sədrinin sözlərinə görə, Q.Sarukyana qarşı bu gün baş verənlər onun mütəmadi olaraq N.Paşinyan hakimiyyətini tənqid etməsindən sonra start verilib:
“Çiçəklənən Ermənistan Partiyasının liderinin təzyiqlərə məruz qalması baş verənlərin siyasi təqib olduğunu sübut edir. Sarukyanın tərəfdarlarının Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərən zaman ölkənin təhlükəsizlik qüvvələri tərəfindən onların qarşısının kobudluqla alınması, aksiyanı işıqlandıran jurnalistlərə qarşı belə çox kobud davranaraq güc tətbiq edilməsi, prosesin Paşinyanın birbaşa göstərişi ilə həyata keçirilməsini təsdiqləyir. Ancaq çox maraqlıdır ki, baş verən bu qədər ciddi hadisələrə nə Avropa Birliyi strukturları, nə də Qərb demokratları tərəfindən reaksiya bildirilib. Nəzərə alsaq ki, rəsmi Yerevanla Avropa Birliyi arasında mövcud olan “tərəfdaşlığının prioritetləri” adlı çərçivə sənədində hərtərəfli əməkdaşlığ əsas götürülür, o halda insan hüquqlarının kobud şəkildə pozulmasına münasibət mütlıq şəkildə bildirilməli və Ermənistan rəsmilərinə bununla bağlı xəbərdarlıq edilməli idi. Lakin bu gün Avropanın və Qərbin prosesləri sakit şəkildə izləyərək heç bir reaksiya verməməsi sözdə təzyiq mexanizmi olan “demokratik dəyərlərin” hamı üçün tətbiq olunmamasından xəbər verir”.
“Xatırlayırsınızsa, müxalif siyasətçi və jurnalist Mher Yeqizaryanın həbsxanada etdiyi aclığın ardından vəfat etdikdə də bu qurumlar sükutlarını pozmamışdı. İndi gəlin müqayisə edək. Buna bənzər situasiya Azərbaycanda baş versəydi rəsmi Bakı 24 saatda 8 bəyanat alardı. Bəs o halda son zamanlar diktator kimi tanınan Nokol Paşınyana qarşı olan bu sevginin qaynağı nədir? Niyə populist çıxışları ilə tanınan Paşinyan hakimiyyətə gəldikdən sonra onun demokratiya adı altında ölkənin tanınmış siyasi və ictimai xadimlərə qarşı repressiv vasitələrdən geniş şəkildə istifadə etməsinə göz yumulur? Güclü liderlərin bir-bir sıradan çıxarılaraq zərərsizləşdirməsi heç bir beynəlxalq təşkilatları, demokratik dəyərləri müdafiə edənləri narahat etmir? Dünya Paşınyanın öz siyasi rəqiblərini bir-bir həbsə atmasına, onları “asfalta uzatmaqla” hədələməsinə göz yumur. Bütün bunların bir məntiqi cavabı var. Hər bir demokratiya tələbinin ardında bir istək, maraq dayanır. Bu gün Paşınyan bu qurumların maraqlarını erməni xalqının marağından üstün tutduğu üçün “demokratik dəyərlər” in müdafiəçiləri də onun etdiyi qanunsuzluqlara, insan hüquqlarını alt-üst etməsinə sükutla yanaşmağa üstünlük verirlər”.