“Onlar Azərbaycanın uğurları haqqında danışmağı heç arzulamırlar. İstəklərinimi deyim, yoxsa niyyətlərinimi, nəticə eynidir, şər demək, qara yaxmaq! Reneqat Eldar Namazovun başına toplaşmış bir dəstə narazı insandan, görünür, başqa şey gözləmək olmaz”.
Modern.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, Ziyalılar Forumu, əgər həqiqətən öz adına sadiqdirsə, heç olmasa hərdən ziyalıların məşğul olmalı olduğu, vəzifə bocu bildikləri problemlərdən də söhbət açsın:
“Onlar yalnız siyasətlə məşğuldur, yalnız siyasi bəyanatlar verirlər. Əgər belədirsə, niyə adlarını Ziyalıların Siyasi Forumu qoymayıblar? Gözəl bir söz var: ya olduğun kimi görün, ya da göründüyün kimi ol! Bunlar nə olduqları kimi görünə bilirlər, nə də göründükləri kimi ola! Siyasətlə məşğul olmaq istəyirlər, buyurub olsunlar. Amma bunu etiraf etsinlər, daha oram ağrayır, buram ağrıyır deyib ah-zar etməsinlər. Azərbaycanda hamı çox gözəl bilir ki, Ziyalılar Forumunda toplaşanların ağrayan orqanlarının adı nə ürəkdir, nə də baş. Ağrıyan yerlərinin adı mədədir”.
Ə.Əhmədov bildirib ki, onlardan biri, Rafiq Əliyev son toplantılarında deyib ki, neft pulları hər yerə xərclənir, amma Qarabağa xərclənmir: “Açığı mən bu qədər cəfəng, mənasız, məntiqdənkənar bir iddia eşitməmişəm. Belə bir iddianı ortaya qoymaq üçün insan nəinki ağlını, görünür, vicdanını da itirmiş olmalıdır. Bu gün Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsindən xeyli çoxdur. Azərbaycanın Neft Fondunun vəsaitləri hesabına yüz milyonlarla pullar xərclənib, məcburi köçkün əhali üçün hər bir şəraiti olan evlər tikilib, qəsəbələr salınıb. Onlar çadırlarda, vaqonlarda yaşamaq məhrumiyyətindən qurtulublar. Azərbaycan hökuməti qaçqın və məcburi köçkünlərin həyat səviyyəsini yaxşılaşdırmaq məqsədilə hər il on milyonlarla vəsait xərcləyir. Siyahını uzada bilərəm. Hesab edirəm, yetərlidir. Ancaq onu demək istəyirəm ki, bunların hamısı əvvəla, Qarabağ üçün, ikincisi isə neftdən gələn gəlirlər hesabına edilir. Əgər bunu kimsə dərk edə bilmirsə, bu, artıq onun problemidir. Azərbaycanda həyata keçirilən nə varsa, birbaşa Dağlıq Qarabağ probleminin həllinə yönəlib. Azərbaycan bu məqsədlə ortaya böyük səylər qoyur. Azərbaycan hökumətinin həyata keçirdiyi siyasətin əsas qayəsi Dağlıq Qarabağ probleminin həllinə nail olmaqdır. Amma bu həqiqətləri kimlərsə ya görmür, ya da qəbul etmək istəmirlər. Azərbaycana qara yaxmaq üçün hər cür ifadələr işlədən insanların bəzisi təəssüf ki, özünü ziyalı adlandırır. Əslində, Ziyalılar Forumunun bu cür bəyanatlar səsləndirməsi orada toplaşanların hansı maraqlara xidmət göstərməsindən xəbər verir”.
Modern.az