Modern.az

“Avroviziya”dır, qiymətləri qaldırın!

“Avroviziya”dır, qiymətləri qaldırın!

22 May 2012, 12:48

“Avroviziya”dır deyə, qaraçı da, dönərçi də, tualet nəzarətçisi də qiymətləri qaldırıb

Hazırda “Avroviziya – 2012” Mahnı Müsabiqəsi həftəsini yaşayırıq. Bundan əvvəlki günlərə baxdıqda, şəhərin müəyyən yerlərində tıxaclarla qarşılaşmırıq, sakitlik hökm sürür. Bunun yerini isə insanların çoxluğu, müəyyən yerlərdə qiymət artımı tutur.

Neftdən bol olsaq da, ölkədəki kasıbların sayı neftimizdən də boldur.  Düzdür, Azərbaycanda keçirilən beynəlxalq tədbirlər üçün səxavət boğçamızın ağzı hər zaman açıq olur. Amma kasıbların qarnını doydurmaq üçün ildə bir dəfə də olsun bu səxavət boğçasının ağzı açılmır. Məhz buna görə də, bu cür tədbirlər ərəfəsində insanlar eyni sözləri deyir, gileylənir: “Bircə bu neft tükənsəydi, bircə bu tədbirlər başa çatsaydı, bircə bu süni qiymət artımına son qoyulsaydı...”.

Tanışalırmdan biri bu həftə ərzində qarşılaşdığı bir neçə olayı mənə nəql edib. Ağbəniz, saçları sarı, gözləri mavi, tipik avropalını xatırladan rus dilli tanışım deyir ki, üst-başından o qədər də dilənçiyə bənzəməyən 12-13 yaşlarında qız uşağı onun üstünə gəlib əlini uzatdıqda, 20 qəpik verib. Qəpiyi tanışıma uzadan qaraçı qızı “not tventi  kopek, qiv mi avro”( not twenty copecks, give mi avro– L.S.) deyib ingiliscə danışıb.  Qaraçı qızının hərəkətinə əsəbləşən tanışım “köpəy uşağı, anadan doğulandan dilənçiliklə məşğulsunuz, hərf tanımırsan, kitab oxumamısan, 20 qəpik pul veirirəm, indi mənə not deyirsən, dədən-baban nə vaxtan ingilis dilində danışan olub, hamılıqla ömrünüz novuşda keçib, bu gün mənimlə ingiliscə danışırsan” deyə bağırıb (novuş-qaraçıların dilində dilənmək deməkdir - L.S.).
Uşaq da “xalaaa, Allahın versin, neyniyək eyyy, adətimizdi də. Niyə əsəbləşirsən eeyy. İndi ingilislər tökülüşüb Bakıya, biz də onlardan avro qoparmaq üçün qatara minib irayonnan bura gəlmişik, deyirsən dilənmiyək? Siz ingilisə oxşadınız. Xalaaaa, ingilisdən avro alsaq, qənimətdi dəə, bir də belə fürsət ələ düşməz eyy. Baaax, o taksisi şoferini görürsən, o da qiymətləri qaldırıb” cavabını verib.
Tanışım qaraçı qızına heç nə demədən onun nişan verdiyi taksi sürücüsünə yaxınlaşıb və rus dilində gedəcəyi istiqamətə onu neçəyə aparacağını soruşub. Sürücü ona ikiqat qiymət deyəndə, tanışım öz dilimizdə ağzını açıb, gözünü yumub: “Ay qardaş ayıb deyil, bu yolun qiyməti 5 manatdır, 10 avro haradan çıxdı? Mən ingilisəm, bu nə qiymət artımıdır?” deyə sual edib. Sürücü də cavab verib ki ingilis dilində bir neçə söz öyrənmək üçün 1 aydır kursa gedib, kursa ödədiyi pulu çıxarmaq lazımdır: “Həm də ki, indi fürsətdi, vallah gözümü bu avropalılara dikmişəm. 10 gün sonra yenə köhnə qiymətə qayıdacağıq. Özünüz ağbəniz, sarı saçlısınız, avropalıya oxşatdım. Rus dilində danışanda düşündüm ki, aldadılmamaq üçün dilimizi öyrənən turistlərdənsiniz”...  

Ordan ayrıldıqdan sonra şəhərin ən pristişli yeri sayılan “Torqovı”ya üz tutur, görür ki, bir neçə gün əvvəl dönərxanalarda 1 manat 80 qəpik olan dönər, indi köhnə qiymətin üstündən yeni qiymət vərəqəsi yapışdırılaraq 2 manat olub. Bunun səbəbini soruşduqda dönərçi cavab verib ki “abla, avrovizyondur, şimdi bütün avrupalılar, turistlər şeheri basmış, bu yüzden kıymetlerde deyişiklik yapmışız”...

Olaylardan dincəlmək üçün üz tutur Milli Parka ki, bir az hava alsın. Hava almaq əvəzinə isə havalanır, tualetlərin qiymətini gördükdə. Əvvəllər bulvardakı tualetlərin qiyməti 20 qəpik idisə, indi 40 qəpik olub.  Səbəbini də izah edirlər ki “Avroviziya”dır. Tualet nəzarətçisinə 20 qəpik versə də, qəbul etməyib. Deyib ki, tualetdə kameralar yerləşdirilib, müdriyyətin qəti tapşırığı var ki, qiymətlər hamı üçün eynidir. 40 qəpik ödəməyən tualetə buraxılmayacaq, hətta vəziyyəti pis olsa belə. Tanışım 40 qəpik ödəsə də, tualetə 2 dəfə girib-çıxıb. Nəzarətçi nədən belə etdiyi soruşduqda, deyib ki, əgər 40 qəpiyə 2 dəfə təbii ehtiyacını ödəməsəydi, özünə gələ bilməzdi...

Sürücünü, qaraçını, dönərçini müəyyyən mənada anlamaq olar. Görəsən, tualetlərin “Avroviziya”ya nə dəxli var? Tualetin nəzarətçisi deyirmiş ki, bunun “Avroviziya”ya dəxli çoxdur. Çünki turistləriin şəhərdə gəzib-dolaşdığı yer Bakı bulvarıdır, bu da o deməkdir ki, qonaqlara təbii ehtiyaclarını ödəmək üçün tualetdən tez-tez istifadə etmək lazım gələcək...

Vəssalam, bu da “Avroviziya” ərəfəsində baş verən qiymətlərin artım olayları...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza