Milli Məclisin bu gün keçirilən plenar iclasında millət vəkili, Azərbaycanın xalq artisti Zeynəb Xanlarova çıxış edib. Ürəyinin dolu olduğunu deyən Z.Xanlarova son zamanlar insanlar arasında hakimiyyətə qarşı yaranan narazılıqlara toxunaraq, bildirib ki, bütün bunları pullu insanlar, varlılar edir. Deputat imkanlı şəxsləri xalqı ayağa qaldırmaqda və insanlar arasında narazılıq yaratmaqda ittiham edib.
“Bu gün mənim ürəyim doludur. Danışmaq istəyirəm. Bu gün xalq küçələrə düşür. Ona görə ki, 5-6 nəfər pullu, varlı insan xalq arasında prezidentə qarşı narazılıq yaradırlar. Bütün bunları edənlər pullu insanlardır. Mən seçildiyim rayonun Altıağac qəsəbəsində varlı adamlar özlərinə elə böyük villalar tikirlər ki, adi insanlara su da çatmır. Kasıb insanlar onlara baxanda qıcıqlanırlar, narahatlıq keçirirlər. Onların evləri bu villaların yanında koma kimi görsənir. Ac insanlar bunları görüb qıcıqlanırlar”.
Z.Xanlarova çıxışında fövqəladə hallar naziri Kəmaləddin Heydərovun fəaliyyətini digər məmurlardan fərqli olaraq, müsbət qiymətləndirib:
“Əgər prezident səni seçibsə, vəzifəyə qoyubsa, bu o demək deyil ki, cibini doldurub xalqı prezidentdən narazı salmalısan. Bunu edənlər beş-altı nəfər varlı şəxsdir, onlara bəzən oliqarx deyirlər, mənim bu sözdən xoşum gəlmir. Yalnız Kəmaləddin Heydərovdan başqa hamısı bu yolu tutub. Kəmaləddin Heydərov Hacı Zeynəlabdin Tağıyev kimi hamıya kömək edir. Bunu o birilər niyə etmirlər? Niyə camaatı narazı salırlar?”.
Millət vəkili daha sonra İctimai Palatanın dünən keçirdiyi aksiyaya münasibət bildirərək qadınlara qarşı edilən zorakılığı pisləyib. Z.Xanlarova xalq arasında yaranan narazılıqların bir neçə nəfər tərəfindən qəsdən edildiyini vurğulayıb.
“Dünən mən Fəvvarələr meydanında evimin pəncərəsindən aksiyaya baxırdım. Azərbaycan qadınları ayaq altında qalırdı. Mənim xalqım niyə ayaq altına düşməlidir. Bunu 5-6 nəfər adam edir. Bu boyda Zeynəb Xanlarovanın evi onların evlərinin yanında komaya oxşayır. Çox çətindir”.
Anar RÜSTƏMOV