Modern.az

“Biz demirik ki, Azərbaycanda insan hüquqları ilə bağlı hər şey idealdır “ – MÜSAHİBƏ

“Biz demirik ki, Azərbaycanda insan hüquqları ilə bağlı hər şey idealdır “ – MÜSAHİBƏ

Təhsil

22 May 2012, 18:45

Modern.az deputat Azay Quliyevlə müsahibəni təqdim edir.

- Azay müəllim, Azərbaycan İran münasibətlərində gərginlik yaranıb. Bunun əsl səbəbini siz nəylə izah edərdiniz?

- Gərginlikdə birmənalı şəkildə günahkar tərəf İrandır. Iranda molla rejimi Azərbaycanın bir hissəsini hədəfə götürüb. İran rejimi öz hayına qalmaq əvəzinə, özünün bu gün dünya ilə problemlərini düzəltmək əvəzinə qonşu Azərbaycanı hədəf götürüb. Mən hesab edirəm ki, onun məqsədi daxildə olan həm sosial, həm siyasi narazılığı başqa səmtə yönəltməkdir. Şübhəsiz ki, burada bizi ən çox narahat edən məsələ Təbrizdə olan bacı və qardaşlarımızın Azərbaycan əleyhinə istifdadə olunmasıdır. Bu gün Təbrizdəki Azərbaycanlıları Azərbaycan dövləti əleyhinə qaldırmaqla iki məqsəd güdürlər. Birinci, bizim, ümümi Azərbaycanlıların həmrəyliyinə, birliyinə zərbə vurmaq, ikinci, Azərbaycanda ictimai-siyasi proseslərə mənfi təsir göstərmək. Ona görə də mən hesab edirəm ki, biz hamımız Təbrizlilərə müraciət etməliyik, onları İranın əlində alətə çevrilməməyə, İran rejiminin mənfur siyasətinə xitmət etməməyə səsləməliyik.

 Təbrizdə məhz molla rejimi bilərəkdən bir qrup azərbaycanlını bizə qarşı yönəldib. Bizdə olan məlumata görə, hətta bir qrup adam digər bölgələrdən gətirilib Təbrizə. Təbrizdə bu gün məhz İran rejiminin bu nalayiq hərəkətinə ciddi şəkildə etiraz edənlər var, həmin etiraz yaxın zamanlarda özünü büruzə verəcək.

Azərbaycana qarşı təhqiramiz şəkildə keçirilən piketlər və mitinqlər əks reaksiyaya məhkumdur və adekvat cavab verilib. Bundan sonra da veriləcəkdir.

Biz bunu əvvəllər demokratiya ilə əlaqələndirirdik və demokratik prosesdir deyib, hər bir adamın piket keçirmək haqqı vardır deyə dözürdük. Amma mən hesab edirəm ki, indiki halda bu demokratiyanın əndazəsindən çıxması kimi dəyərləndirilməlidir. Çünki bütün dünyada Azərbaycan əleyhinə gedən kampaniya ilə yanaşı, Azərbaycanda da bu gün qanunsuz aksiyaların keçirilməsi hesab edirəm İranda keçirilən mitinq və piketlərdən o qədər də fərqlənmir. Bu gün İctimai Palataya mitinqlərin keçirilməsi üçün konkret yer ayrılıb. Amma bunlar həmin yerdən imtina edib. Şəhərin gur yerində “Eurovision ” ərəfəsində özlərini göstərmək üçün Azərbaycan əleyhinə antiazərbaycan kampaniyasına dəstək vermək üçüm bu cür tədbirlərin keçirilməsi çox arzuolunmaz haldır. Fuad Ələsgərovun maraqlı bir fikri vardı. O deyirdi ki, ailə üzvləri evə gəlmiş qonağın qarşısında bilərəkdən bir ailə münaqişəsi çıxarırlar ki, ailədə olan problemləri üzə çıxarsınlar və ailənin nüfuzunu zərbə altına alsınlar. İctimai Palatanın bu cür qanunsuz aksiyalarını heç bəyənmirəm. Bu, Azərbaycan maraqlarına qətiyyən uyğun deyil. Çünki bunu demokratiya ilə heç bir əlaqəsi yoxdur. Bunlar bilirlər ki, burada çoxlu sayda jurnalist korpusu var və bu jurnalist korpusunun buradakı hüququndan istifadə edərək Azərbaycan əleyhinə işlər görürlər.

- Amma mitinqlərdə iştirak etdiklərinə görə, siyası mənsubiyyətinə görə həbs edilənlər də var. Buna necə baxırsınız?

- Həbsdə olanlarla bağlı ölkəmizin mövqeyi konkretdir. Azərbaycanda qanunlara hər bir şəxsin hörmət etməsi vacibdir. Eyni zamanda məhbuslarla bağlı əfv komissiyasi davamlı şəkildə ərizələri araşdırır. Əgər komissiyaya belə ərizələr daxil olaursa həmin şəxslərin azad olunması ilə bağlı əfv komissiyası müvafiq qərarını verəcək. Mən hesab edirəm ki.

- Əfv Komissiyasının iclası olubmu? 28 May ərəfəsində Əfvin olması gözlənilirimi? Axı Arif Hacılı konkret olaraq Preizdentə müraciət edib.

- Komissiyanın hər hansı iclası olmayıb. Mən şəxsi fikrimi deyə bilərəm ki, Arif Hacılı və digər şəxslərin istənilən müraciətinə baxıla bilər. Müvafiq tövsiyyə xarakterli qərar qəbul edilə bilər. Biz indiyə qədər çoxlu sayda müraciətlərə baxıb müsbət qərarlar vermişik. Arif Hacılı və digərləri bu baxımdan istisna deyil.

- Yeri gəlmişkən, bu yaxınlarda Amerikanın Rodaylend ştatında qondarma qurum dediyimiz “DQR”in müstəqilliyi tanınıb.      

- Bu separatçı bir qərardır. Mən hesab edirəm ki, Amerikanın Rodaylend  ştatında Nümayəndələr Palatasının belə bir qərar qəbul etməsi heç bir hüquqi əsasa söykənmir. İkinci bir tərəfdən bu hesab edirəm ki, hələ senatda təsdiqlənməlidir. Məndə böyük bir inam var ki, bu həmin ştatın senatında təsdiqlənməyəcək bi məsələ. Eyni zamanda Amerikanın rəsmi mövqeyi ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini  və torpaqlarının bütövlüyünü qəbul edir. Hesab edirəm ki, rəsmi Vaşinqton buna ciddi etirazını bildirməlidir. Əks təqdirdə bu separatizmin və işğalın Amerika tərəfindən və konkret Amerikanın Rodaylend ştatı tərəfindən tanınması anlamına gələcək. Bu da qeyri-qanuni hərəkətləri stimullaşdırılmasına rəvac verəcək. Bu gün bu qorxulu tendensiyadır, hesab edirəm Azərbaycan diplomatiyası bu istiqamətdə işini davam etdirməlidir. “Avroviziya” mahnı yarışması ərəfəsində ölkəmizin daxilində də kütləvi aksiyalara start verilib. Hesab edirəm ki, bu gün bizim ən həssas məqamımızdır. Bu gün bir topulm, millət olaraq birlikdə olmalıyıq. “Avroviziya” ilə bağlı  bilməliyik ki, bununla nə həyat başa çatır, nə həyat başlayır. Burada məsələyə Azərbaycanın imicinə zərər gətirmək, zərbə vurmaq prizmasından yanaşırıqsa və öz siyasi gündəliyimizi gətirib Azərbaycanın ümumi maraqlarından yuxarıda tuturuqsa, buna bəraət vermək olmaz. Hətta bizim dostlarımızın deməyi ki, siyasi məhbus dedikləri adamların azadlığa çıxmaları bir nömrəli məsələdir, mən bununla razı deyiləm. İnsanlar bir həftə də həbsdə ola bilərlər. On gün də ola bilərlər. Öz ölkəsinin, millətinin maraqlarına zərbə vuracaq hər hansı hərəkətə yol verməməlidir. Amma bu gün biz nəyin şahidi oluruq. Adam gedib polisin qarşısında köynəyini çıxarır, çırır və şəkil çəkdirir. Bütün ermənilər, fars rejimi,  Azərbaycanı istəməyən qüvvələr “Avroviziya” ərəfəsində Azərbaycana hərtərəfli zərbələr endirir. Biz daxildən də eyni şeyi görürük. Buna necə haqq qazandırmaq olar? Bu gün hamımız bir məqsədə xidmət etməliyik. Bilməliyik ki, bütün dünyada gey paraddan tutmuş hər hansı təxribata qədər bütün məsələlər Azərbaycana qarşı istifadə olunur. Necə edək ki, bir millət kimi, dövlət kimi bu imtahandan alnıaçıq, üzü ağ çıxaq. Yenə də deyirəm ki, “Avroviziya”dan sonra siyasi məhbuslar məsələsini, siyasi ambisiyamızı ortaya qoyaq, hakimiyyət uğrunda mübarizə aparaq...Amma bu ərəfədə biz düşmən dəyirmanına su tökməyək.

- Amma Azərbaycanda insan haqları ilə bağlı problemlər var...

- İnsan hüquqları ilə bağlı problem olmayan ölkə yoxdur. Biz demirik ki, Azərbaycanda insan hüquqları ilə bağlı hər şey idealdır. Biz deyirik ki, bu gün problemlərin həlli yolu İctimai Palatanın təşkil etdiyi formada ola bilməz. Bu həssas ərəfədə kəmfürsətlik edib Azərbaycana qarşı bu çür hərəkətlərə yol vermək olmaz. Bunu hamı bilsin. Bunlara heç bir şəkildə bəraət vermək olmaz. Yenə deyirəm “Avroviziya”ya nə dünyanın axırı, nə də əvvəli deməkdir. Həyat davam edəcək və bundan sonra da işləyəcəyik. Necə işləyəcəyik onda?

- Bəzi dairələrdə belə fikirlər səsləndirilir ki, “Avroviziya” yarışmasından sonra müxalifətçilərə divan tutulacaq.

- Hökumət dövlətdir. Dövlət heç bir vətəndaşından qisas almır. Sadəcə olaraq dövlət qanunu qorumağa borcludur. Bundan sonra da qanunvericilik çərçivəsində öz vəzifəsini davam etdirəcək. Bu, Azərbaycan dövlətinə yaraşmayan bir ittihamdır.

Gültəkin Ələsgər

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza