Şəkərli diabet indi Azərbaycanda ən çox yayılmış xəstəliklərdən biridir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünya əhalisinin 2–4 %-i şəkərli diabet xəstəsidir. Hazırda dünya miqyasında 120 milyona kimi diabet xəstəliyinə tutulan var. Hər 10–15 ildənbir bu rəqəm 2 dəfə artır. Təşkilatın məlumatına görə, virus epidemiyaları ilə şəkərli diabetin aşkarolunma hallarınının tezliyi arasında aslılıq mövcuddur.
Etiologiyası və səbəbləri
Ata və ana şəkərli diabetlə xəstə olarsa, övladlarının şəkərli diabetlə xəstələnməsi ehtimalı çox yüksəkdir. Valideynlərin hər ikisi xəstə olduqda ehtimal 100 %, biri xəstə olduqda bu ehtimal – 50 %, bacı, qardaş və başqa qan qohumları xəstə olduqda isə-25% - dir.
Digər etioloji faktorlardan uzun müddət davam edən sinir-psixi gərginliyi, infeksiyanı, immunolji pozğunluğu: ümumi ateroskleroz (ateroskleroz–xroniki xəstəlikdir. Bu xəstəlik arteriayaların divarında lipidlərin və kalsium duzlarının toplanması və birləşdirici toxumanın inkişafı ilə əlaqədar damarların sərtləşməsi və mənfəzinin daralması baş verir. Son nəticəsədə orqanizmdə qan dövranı pozulur) fonunda mədəaltı vəzini qidalandıran arteriyaların sklerozunu, qida rasionunda karbohidratlarla zəngin qidaların çox istifadə olunması və piylənməni göstərmək olar. Heç kimə sirr deyil ki, piylənmə müasir dövrun, xüsusi ilə də diabetli insanların problemlərindən biridir. Artıq çəkidən dünya əhalisinin 9-30 %-i əziyyət çəkir. Artıq çəkili insanların şəkərli diabetlə xəstələnmə riski digərlərinə nisbətən 3 dəfə artqdır. Buna səbəb görünür ki, tosqun şəxslərdə hüceyrə reseptorlarının insulinə qarşı həssaslığının azalması, eyni zamanda sərbəst yağ turşularının insulinə əks-təsir göstərməsidir.
Şəkərli diabetin iki forması vardır: I tip (insulin asılılıqlı) və II tip (insulin asılılığı olmayan).
Birinci tip insulin asılılıqlı şəkərli diabet zamanı mədəaltı vəzidə insulin hazırlayan hüceyrələrin 90 %-i bu və ya digər səbəbdən dağılmış olur. Beləliklə, şəkərli diabetin I tipində mədəaltı vəzi ya xeyli dərəcədə az insulin istehsal edir, ya da ümumiyyətlə, insulin ifraz etmir. Şəkərli diabetin I tipi ilə xəstə olanların əksəriyyətində xəstəliyin başlanğıcı adətən 30 yaşınadək olan dövrə təsadüf edir.
Alimlər I tip şəkərli diabetin əsas səbəbinin virus mənşəli olduğunu qeyd edirlər. Virus bir tərəfdən mədəaltı vəzidə olan insulin hazırlayan hüceyrələri zədələyir. Digər tərəfdən isə virus ilə mübarizə aparan immun sistemi xüsusi qoruyucu hüceyrələr hazırlayır ki, onlar da mədəaltı vəzinin özünün virusla yoluxmuş hüceyrələrini dağıdır.
Bunun nəticəsində mədəaltı vəzidə insulin hazırlayan hüceyrələrin sayı fəlakətli dərəcədə azalır. Məhz buna görə I tip şəkərli diabet xəstəliyinə məruz qalanların orqanizmində qlükozanın normal şəkildə sərf olunmasını təmin etmək üçün lazım olan insulindən “asılı” olurlar. Məhz bu asılılıqdan irəli gələrək xəstəliyin bu forması insulin asılılıqlı şəkərli diabet adlanır.
Şəkərli diabetin II tipində (insulin asılılığı olmayan şəkərli diabet) mədəaltı vəzi insulin hazırlamaqda - bəzən isə hətta lazım olduğundan da artıq olmaqla davam edir. Ancaq bu zaman qlükoza orqanizmdəki hüceyrələrə daxil ola bilmir. Bunun səbəbi isə odur ki, orqanizmin hüceyrələri insulinin təsirinə, demək olar ki, heç bir reaksiya vermirlər. Bunun nəticəsində insulinin artıq dərəcədə olmasına baxmayaraq, hüceyrələrə kifayət qədər qlükoza daxil ola bilmir. Şəkərli diabetin II tipi əsasən 30 yaşından sonra inkişaf etməyə başlayır. Şəkərli diabetin bu formasının inkişaf etməsində irsi faktor və piylənmə çox vacib rol oynayır.
Əlamətləri. Adətən, xəstəlik tədricən başlayır, getdikcə ağırlaşır. Belə hal ən çox insulindən asılı olmayan (II tip) diabet üçün xasdır. İnsulindən asılı olan (I tip) diabet isə cavan adamlarda olur və çox vaxt kəskin şəkildə başlayır. Xəstəliyin əsas simptomları şiddətli susuzluq, yanğı hissi, çoxlu sidik ifrazı, çox yemək, arıqlama, ağızda quruluq, getdikcə artan zəiflikdir. Lakin bəzi hallarda bu əlamətlərin hamısı birlikdə rast gəlmir və xəstələr səbəbsiz arıqlamadan, qaşınmadan, tez yorulmadan, cinsi zəiflikdən, tez-tez çiban çıxarmaqdan şikayət edirlər.
Xəstəliyin ən başlıca əlaməti insulin çatışmazlığı səbəbindən qlükozanın toxumalar tərəfindən mənimsənilməsinin azalması nəticəsində yaranır. Xəstələr çoxlu maye qəbu edir, diurezin miqdarı artır və sidik ifrazı tezləşir. Xəstəlik baş verdikdən bir neçə həftə sonra xəstələr 10–20 kq, bəzən daha çox arıqlayır. Belə xəstələrin dərisi quru, qırışmış olub (susuzlaşma nəticəsində), kəpəklənir. Dərinin turqoru (həcmliliyi) azalmış olur, dəridə qaşınma olur. Orqanizmin immunobioloji reaktivliyinin azalması nəticəsində dəridə müxtəlif irinli xəstəliklər baş verir.
Ürək-damar sisteminin zədələnməsinə bu xəstəlikdə, bir qayda olaraq, ən çox rast gəlinir və 60–70 % hallarda xəstələrin əlilliyinə və ölümünə səbəb olur.
Tac damarların ildən-ilə artan aterosklerozu ilə əlaqədar olaraq, onların mənfəzinin daralması və tutulması nəticəsində xəstələrdə miokard infarktı inkişaf edir.
Həzm orqanları tərəfindən diabetik qastroenteropatiya sindromu tez-tez rast gəlinir. Belə xəstələrdə iştahsızlıq, ürəkbulanma və ishal əlamətləri olur. Bu əlamətlər mədə-bağırsağın motor və sekretor funksiyasının pozulmasına dəlalət edir. Çox vaxt mədəaltı vəzinin də funksional pozğunluğu bu əlamətlərə əlavə olunur. Xəstələrdə əksər hallarda mədə turşuluğu azalmış olur. Bunlardan əlavə, hepatobiliar sistemdə də funksional pozğunluq meydana çıxır. Xəstələrdə ən çox qaraciyərin piy distrofiyasına rast gəlinir. Bir çox xəstələrdə qaraciyərin böyüməsi yalnız dekompensasiya vaxtı yox, kompensasiya dövründə də müşahidə edilir. Diabet zamanı ən çox qan damarları zədələnir ki, bu da mikro və makroangiopatiya şəklində təzahür edir.
Mikroangiopatiyaya göz dibinin zədələnməsi, böyrək damarlarının zədələnməsi, dərinin və aşağı ətrafların xırda damarlarının zədələnməsi aiddir. Ürəyin koronar damarlarının, aortanın, beyin damarlarının, aşağı ətrafların və başqa nahiyələrin iri damarlarının zədələnməsi makroangiopatiyadır.
Gözün torlu qişasının damarları da zədələnir. Orqanizmin immun qabiliyyətnin zəifləməsi nəticəsində belə xəstələrdə çox vaxt irinli–iltihablı xəstəliklər inkişaf edir. Şəkərli diabet zamanı (40–60 % hallarda) sinir sisteminin zədələnməsi müşahidə olunur.
Klinik gedişinə görə, xəstəliyin üç ağırlıq dərəcəsi var:
Yüngül forma – karbohidrat mübadiləsində olan pozğunluqlar ancaq pəhriz vasitəsi ilə tənzimlənə bilir.
Orta ağırlıqda – karbohidrat mübadiləsini tənzimləmək üçün insulin və şəkərsalıcı həblərin tətbiq oluması lazım gəlir
Ağır forma – karbohidrat mübadiləsinin tənzimlənməsi üçün daha çox insulin tələb olunur. Həmçinin şəkərli diabetin xronik ağırlaşmalarının ağır gedişində müalicənin metodundan asılı olmayaraq, şəkərli diabet ağır forma kimi qəbul edilir.
Şəkərli diabetin digər – az spesifik əlamətləri:
Zəiflik, yorğunluğun artması;
Tez-tez baş verən soyuqdəymələr;
Dəridə irinli xəstəliklərin, frunkulyozun, gec sağalan xoraların olması;
Cinsi üzvlər nahiyəsində güclü qaşınmanın olması.
Xəsəliyin ilkin əlamətləri qeyd olunan kimi, tez bir zamanda həkimə müraciət etmək lazımdır. Həkim ilk növbədə, qanda şəkərin səviyyəsinin müəyyən edilməsi üçün xəstəni laborator müayinəsinə göndərəcək. Sağlam adamda qanda şəkərin miqdarı acqarına 5,5 mmol/l-dən yuxarı olmamalıdır.
Şəkərli diabetin inkişaf etməsinin risk faktorları:
Mədəaltı vəzinin insulin hazırlayan hüceyrələrini məhv edən virus infeksiyaları. Şəkərli diabetin inkişaf etməsində əsas rol oynayan məxmərək, viruslu (epidemik) parotit, suçiçəyi, hepatit və s. virusları qeyd etmək olar. Həkimlərin müşahidələrinə əsasən, virus infeksiyası əksər hallarda şəkərli diabetə irsi meylliliyi olan şəxslərə öz təsirini göstərərək onlarda xəstəliyin yaranmasına səbəb olur. Virus infeksiyası xüsusilə uşaqlarda və yeniyetmələrdə şəkərli diabetin əmələ gəlməsinə səbəb olur.
İrsi factor
Şəkərli diabet, adətən, şəkərli diabet xəstəliyi olanların qohumlarında bir neçə dəfə daha çox təsadüf edilir. Xüsusən də valideynlərinin hər ikisində şəkərli diabet olan uşaqlarda xəstəliyin inkişaf etmə riski daha yüksək olur. Valideynlərindən yalnız birində şəkərli diabet olan uşaqlarda xəstəliyin inkişaf etmə riski iki dəfə azalsa da, yenə də yüksək olaraq qalır. Ancaq valideynlərinin hər ikisində şəkərli diabet olan uşaq bu xəstəliyə tutulmaya da bilər. Belə ki, uşaq öz valideynlərindən xəstəliyin özünü deyil, ona meylliliyi irsən almış olur. Yuxarıda adı çəkilən infeksiyalar isə xəstəliyin inkişaf etməsinə təkan verə bilərlər.
Piylənmə
II tip şəkərli diabet xəstəliyinin inkişaf etməsi üçün əsas faktorlardan biridir. Çünki piylənmə zamanı orqanizmdə maddələr mübadiləsi pozulur ki, bu da şəkərli diabetin inkişafı üçün yol açır.
Stres
Tez-tez baş verən streslər, bir çox ciddi xəstəliklərin yaranmasında olduğu kimi, şəkərli diabetin yaranmasında da risk faktorlarından biri hesab olunur. Şəkərli diabetə meylli olan şəxslərdə güclü sinir sarsıntısı nəticəsində xəstəliyin ilnkişaf etməsi barədə xeyli sayda sübutlar mövcuddur. Ancaq şəkərli diabetə genetik meylliliyi olmayan şəxslərdə tez-tez baş verən güclü streslər, bu xəstəliyin inkişaf etməsinə səbəb ola bilərlər. Streslər immun sisteminin fəaliyyətini pozaraq bütün orqanizmi fövqəladə rejimdə işləməyə vadar edir. Bu zaman qana adi halda olduğundan xeyli artıq miqdarda hormonlar ifraz olunur. Bu, insulinə də aiddir. Bu zaman mədəaltı vəzi üzülmə həddinə qədər yüksək rejimdə işləyir ki, bu da bir çox patoloji dəyişikliklərə səbəb ola bilər.
Ateroskleroz
Yaşlı adamlarda şəkərli diabetin inkişaf etməsinin əsas səbəblərindən biridir. Mədəaltı vəzi damarlarının sklerozu onun qidalanmasının pisləşməsinə səbəb olur ki, bu da son nəticədə orqanizmdə insulinin istehsalı və daşınması prosesinin pozulması ilə nəticələnir.
Xroniki pankreatit
Mədəaltı vəzin iltihabı da onun funksiyasını pozaraq şəkərli diabet xəstəliyinin inkişaf etməsinə səbəb ola bilər.
Alkoqol orqanizmdəki bütün orqanlara olduğu kimi, mədəaltı vəzi toxumasına da dağıdıcı təsir göstərir.
Bəzi dərmanları (prednizalon, hipotiazid, furosemid, antibiotiklər və s.) uzun müddət istifadə etdikdə… Ona görə də heç zaman özünüz-özünüzə dərman “təyin etməyin”. Mürəkkəb xroniki xəstəliklərin müalicəsi zamanı isə hər zaman müalicə həkiminizin nəzarətində olaraq, sağlamlığınızda baş verən hər hansı dəyişikliklər barədə ona vaxtında xəbər verin.
Müxtəlif xroniki xəstəliklərin uzun müddət davam edən streslər, keyfiyyətsiz və düzgün olmayan qidalanma, həddindən artıq fiziki gərginlik və s. səbəblərdən immunitetin zəifləməsi;
Eyni zamanda bir neçə risk faktorunun olması şəkərli diabet xəstəliyinin inkişaf riskini xeyli artırır.
Şəkərli diabetin profilaktikası üçün əsasən aşağıdakı qaydalara riayət etmək lazımdır:
Bədən çəkisini hər zaman normada saxlamaq lazımdır. Qida xeyirli və müxtəlif çeşidli olmalıdır. Qida rasionunda yağlı qidaları və şirniyyatları azaltmaq, onların əvəzinə isə təzə meyvə və tərəvəzlərin miqdarını artırmaq lazımdır. Mədəaltı vəzinin normal fəaliyyəti üçün kükürd və nikel elementləri (bütün kələm növləri, qıtığotu kökü (“xren”), sarımsaq, soğan, ağ turp, balqabaq, yerkökü, motmutu, gavalı, əncir, badam, xiyar, yumurta sarısı, qoz-fındıq, süd məhsulları, çuğundur və s), sink (ən çox çuğundurda, cücərdilmiş buğdada, buğda kəpəyində olur), B qrupu vitaminləri (buğda kəpəyi, üyüdülməmiş - bütöv buğdalarda, cücərdilmiş buğdada, mayada, qatıqda) tələb olunur;
İmmun sistemini daim möhkəmləndirmək;
Aktiv həyat tərzi sürmək;
Zərərli vərdişlərdən imtina etmək.
Əgər sizdə şəkərli diabet xəstəliyinə irsi meyililk varsa, qanda şəkərin səviyyəsinin yüksəlməsini vaxtında aşkar etmək üçün, siz vaxtaşırı olaraq həkim endokrinoloqun müayinəsindən keçməlisiniz.
Müalicəsi
Palıd qozası, kasnı, zəncirotu ayrı-ayrılıqda qorvulur və üyüdülür. Hər gün bu qarışıqdan 1 qaşıq kofe şəklində qəbul edilir.
Kasnı otu, darçın və qaraçörəkotu üyüdülüb kofe halına salınır və gündə 2 dəfə dəmlənilərək içilir.
Qaragilə bitkisinin zoğ və yarpaqlarının dəmləməsi içilir.
Zeytun və dəfnə yarpağının dəmləməsi, həm də spirtə qoyulmuş şıkildə qəbul edilməsi yaxşı təsir göstərir. Həmin bitkilərin hərəsindən 100 qr götürülür və spirtdə saxlanılır. Gün ərzində 3 dəfə xörək qaşığı ilə qəbul edilir.
“HERBA FLORA”jurnalından istifadə edilib.
Azər SALEHLİ
Azərbaycan Tibb Universitetinin tələbəsi