Respublika Gigiena və Epidemiologia Mərkəzinin immuno profilaktika bölməsinin müdiri Afaq Əliyevanın Modern.az-a verdiyi xəbərə görə, Azərbaycanda peyvəndə cəlb olunan uşaqların 95-97 faizi peyvəndlə əhatə olunub.
Onun sözlərinə görə, ümumiyyətlə Azərbaycanda 11 infeksiyaya qarşı 7 peyvənd materialından, yəni vaksindən istifadə edilərək peyvənd işləri həyata keçirilir. Peyvənd təqviminə əsasən 1 yaşa qədər uşaqlara 5 peyvənd edilir. Doğum evində 12 saat ərzində yeni doğulanlara hepatit B-yə, 4-7 gün ərzində poliomielit əleyhinə və vərəm əleyhinə (BSJ) peyvənd edilir. Bu iş davamlı olur. Yaşadığı ərazi üzrə sahə həkimi tərəfindən 2 aylığından başlayaraq 6 yaşına qədər tam sağlam uşaqlara təqvimə uyğun peyvəndlər aparılır. Bu ilin birinci rübü ərzində Azərbaycanda 36 min 288 uşaq doğulub. Yeni anadan olan 35 min 343 uşaq doğumdan sonra 12 saat ərzində hepatit B-yə qarşı peyvənd olunub. Bu da yeni anadan olan uşaqların 97,4 faizini təşkil edir. Doğulduğu gündən 4-7 gün ərzində körpələr vərəm əleyhinə peyvənd olunur ki, yeni doğulanların 35 min 212-ni bu infeksiyaya qarşı vaksinasiya edilib. Bu da 97 faiz təşkil edib. Həmin gün ərzində polimilit əleyhinə də vaksin vurulur ki, buda 35 min 348 uşağı əhatə edib. Eyni zamanda iki, üç, dörd aylığında da polimilitə qarşı vaksinasiya davam etdirilir. Bir yaşdan iki yaşa qədər uşaqlardan 31 min 951 nəfəri polimilitə qarşı revaksinasiya olunub. 2011-ci ilin iyul ayından Azərbaycanda həyata keçirilən beş komponentli, tərkibində difteriya, göy öskürək, tetanus, hemofilus-infulensiya, hepatit B peyvəndi olan vaksinlərdən istifadə olunub ki, bu peyvəndlə əhatə olunma iki ayı tamam olan 29 min 616 uşaq alıb. Üçüncü peyvəndlə bu immunoziasiyanı 28 min 306 uşaq başa çatdırıb. İki yaşa kimi uşaqlar arasında difteriya, göy öskürək, tetanusa qarşı revaksinasiya tədbirləri aparılıb. Bu da 29 min 366 uşağı əhatə edib ki, onlar bu infeksiyalara qarşı 18 aylığında vaksinasiya ediliblər. Qızılça, parotit, məxmərək əleyhinə kombinə olunmuş vaksinlə bir yaşında uşaqların və altı yaşlı uşaqların peyvəndi həyata keçirilib. Altı yaşda difteriya tetanus əleyhinə ikinci revaksinasiyada 23 min 645 uşaq peyvənd olunub.
Bölmə müdirinin sözlərinə görə, ilin birinci rübü ərzində peyvəndləşmədə ciddi post vaksional ağırlaşma qeydə alınmayıb: “O haqda bizə məlumat daxil olmayıb. Olanda isə yüngül temperaturun qalxması kimi hallar olub”. A. Əliyeva onu da bildirib ki, sağlamlıq durumu imkan verməyən uşaqlara peyvənd edilmir:
“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tibbi əks-göstərişlərə görə təlimatı var. Tibbi əks-göstərişlər daimi və müvəqqəti olur. Kəskin respirator virus infeksiyası, xroniki xəstəliyin kəskinləşməsi, hər hansı kəskin yoluxucu xəstəlik dövründə müvəqqəti tibbi əks-göstəriş olur. Əgər uşaqda hər hansı nevroloji problem yoxdursa, peyvənd edilir. Əks halda isə uşağa fərdi sxem tərtib edilir və göstəriş verilir. Poliklinika rəhbərliyi, sahə həkimi və nevropatoloq bir yerdə peyvəndə əks-göstəriş verirsə, onun müddətini də göstərirlər. Onkoloji, qan xəstəlikləri, immun çatışmazlığı virusu ilə yoluxanlara, nevroloji statusu ağır olan uşaqlara isə bəzi peyvəndlər daimi tibbi əks- göstərişdir. Əgər birinci peyvənddən sonra uşaqda güclü ağrı hissi, qıcolma, yüksək hərarət, allergik reaksiyalar olursa, peyvəndi davam etmək olmaz. Yəni 1-ci peyvənddə ağırlaşma baş verirsə, növbəti dəfə uşaq tərkibində ağırlaşma verməyən vaksinlə peyvənd edilir”.
Gültəkin Ələsgər