Modern.az saytı Milli Məclisin iclas zalında yanaşı əyləşən deputatların “parta yoldaşlığı” ilə bağlı silsilə yazılarını davam etdirir. Bu dəfəki təqdimatda Milli Məclisdə yanaşı əyləşən zərif cinsin nümayəndələri Sevinc Hüseynova və Kamilə Əliyevadır.
Maraqlıdır, bu yoldaşlığın tarixi necə başlayır?
Parlamentin zalında tanış olmuş xanım deputatlar sırf təsadüf nəticəsində “parta yoldaşlığına” başlayıblar.
Bakı Dövlət Universitetindən Milli Məclisdəki deputatlığına kimi Kamilə Əliyeva bir çox tədbirlərdə Sevinc Hüseynova ilə qarşılaşdığını deyir. Sadəcə bu xanımı qiyabi, üzdən tanısa da Milli Məclisdəki yoldaşlıq onların bir-birini tanımasına bir vasitə olub:
“Milli Məclisə ilk dəfə seçilirdim. Ona görə də Sevinc xanımı da tanımırdım. Zala daxil olanda mənə əyləşəcəyim yeri göstərdilər. Mən də öz yerimi tutdum. Sonra bir xanım gəlib mənim yanımda oturdu. Siması çox tanış gəlirdi. Onda yadıma salmağa çalışdım ki, bu xanımı hardasa görmüşəm. Bir az fikirləşəndən sonra yadıma saldım ki, bir-iki tədbirdə Sevinc xanımla bir stol arxasında əyləşməli olmuşuq. Ona görə də bu xanımla qiyabi də olsa, tanışlığım var idi. Amma bir-birimizi yaxından tanımırdıq. Biləndəki mənim “parta yoldaşım” Sevinc xanımdı, çox sevindim. Çünki onda Azərbaycan xanımına xas xüsusiyyətlər çoxdur. Onunla yaxından tanış olandan sonra bu yoldaşlığın baş tutmasına sevindim”.
Millət vəkili Sevinc Hüseynova Milli Məclisə gələndə ilk dəfə Kamilə xanımla oradaca tanış olub: “Milli Məclis zalına daxil olub oturacağım yeri mənə göstərəndə öz stoluma yaxınlaşdım və Kamilə xanımın orada əyləşdiyini gördüm. Beləcə “parta yoldaşlığımız” başladı”.
İndi də bu yoldaşlıqdan razı olduğunu deyən xanım deputat bu təsadüfün alınmasına şad olduğunu bildirdi.
Gültəkin Ələsgər