Azərbaycan dövlətinin atributu olan üçrəngli bayrağa sayğısızlıq göstərənlərin hərəkətləri hələ davam etməkdədir...
Modern.az saytının Azərbaycanın üçrəngli bayrağı üzərinə ayrı-ayrı şəxslər tərəfindən yazı və loqoların yerləşdirilməsinə etiraz olaraq qaldırdığı məsələyə bu günlərdə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da münasibət bildirib. Ə.Həsənov Azərbaycan bayrağı üzərində hər hansı yad elementin yerləşdirilməsinin normal hal olmadığını vurğulayıb.
“Bu normal hal deyil, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov da məsələdən xəbərdardır, hal-hazırda bayraqların üzərində yazılan yazılarla bağlı iş gedir. Amma bu cinayət tərkibli bir iş deyil”.
Ə.Həsənov həmin bayraqların da qısa zamanda yığışdırılacağını bildirib: “Biz çalışırıq maksimum qısa bir zamanda həmin bayraqlar tapılıb yığışdırılsın”.
Əməkdaşımız bir müddət öncə üzərində “Eurovision 2012” və digər yarışmanın loqoları yazılmış üç rəngli bayrağlarımızı aşkar edərək, onların şəkillərini çəkmişdi, sonradan əksər media orqanlarında bu işi görənlər qınaq obyektinə çevrildi.
Müşahidələr isə göstərir ki, məsələyə rəsmi səviyyədə münasibət bildirilməsinə baxmayaraq, ayrı-ayrı şəxslərin üçrəngli bayrağımıza laqeydiyi davam edir. Belə ki, dünən Bakı bulvarı ərazisində olduğumuz vaxt yenə belə hallarla rastlaşdıq. “EuroVillage”a toplaşan gənclərdən birinin əlində üstü yazı və loqolarla bəzədilmiş bayrağımız var idi. Hələ bu azmış kimi, İspaniyanı “Eurovision 2012”də təmsil edən Pastora Soleri gətirən avtobusun ön hissəsində də eyni hala salınmış bayrağa rast gəldik.
Beynəlxalq Diaspor Mərkəzinin təmsilçisi Samir Adıgözəlli Modern.az-a bu məsələni diqqətdə saxladıqlarını bildirib. O qeyd edib ki, təmsil olunduğu qurum bununla bağlı araşdırma və təbliğata başlayıb:
“Tələb edirik ki, hüquq-mühafizə orqanları Azərbaycan üçrəngli bayrağının üzərinə yad elementlər yazan, “Eurovision”un loqosunu çəkən şəxsləri tezliklə tapsınlar. Onu edən şəxslər Azərbaycan xalqından və dövlətindən rəsmən üzr istəməlidirlər. Azərbaycan dövlətinin atributu üzərinə yad elementlər yazılması yolverilməzdir. Həmin bayrağa görə Ramil Səfərov ömürlük həbsdə yatır. Bunu unutmaq lazım deyil”.
Anar Kəlbiyev