Modern.az

Qəbiristanlıqdan qorxursunuzmu? - Jurnalistlər: “İndi ölülərdən yox, dirilərdən qorxmaq lazımdır” – SORĞU

Qəbiristanlıqdan qorxursunuzmu? - Jurnalistlər: “İndi ölülərdən yox, dirilərdən qorxmaq lazımdır” – SORĞU

23 May 2012, 17:53


Nə vaxtsa öləcəyimizi bilsək də,  heç vaxt bu haqda düşünmək istəmirik. Hətta son ünvanımızın  qəbiristanlıq olduğunu anlasaq da, bəzilərimiz bu məkana getməkdən çəkinirik. Xüsusilə axşamçağı, gecə vaxtı çoxları məzarlığın yaxınlığından ya keçmək istəmir, ya da oradan ötəndə ürpənir. Bəziləri bunu insanların ölüm qorxusu ilə, digərləri ölülərdən qorxması ilə əlaqələndirir. Mövzu ilə bağlı jurnalistlər arasında kiçik bir sorğu keçirdik.

“ANS” telekanalının əməkdaşı Qənirə Ataşova bildirib ki, indi ölülərdən yox, dirilərdən qorxmaq lazımdır: “Mən nəinki qəbiristanlıqdan, ümumiyyətlə heç nədən qorxmuram. Niyə qorxmalıyam ki? Onlar da bizim kimi insan olublar. Mənim üçün gecə vaxtı qəbiristanlığa getmək heç bir çətinlik, qorxu yaratmır. Lap qəbiristanlıqda yataram da”.

APA-nın baş direktoru Vüsalə Mahirqızı mövzu ilə bağlı bunları deyib: “Mən gecə qəbiristanlıqdan keçməmişəm. Qəbiristanlıqda olarkən qorxu, vahimə hissi yaşamasam da, orada uğrunda bəzən ölüm-dirim mübarizəsi apardığımız məsələlərin boş olduğunu anlayırsan. Məndə  elə hisslər olub. Məzarlıq yəqin yeganə məkandı ki, orada olanda status, vəzifə, var-dövlət, hər şey adamın gözündən düşür. Anlayırsan ki, bütün yolların, bütün davaların sonu burda bitir. Əslində biz hamımız fərqli yolla bir nöqtəyə, ölümə doğru gedirik. Hamının həyatının sonu fərqli formada olsa da, amma eyni nəticə ilə - ölümlə bitir. Qəbiristanlıq bunları adama anladan məkandı”.
V.Mahirqızı deyib ki, gecə olmasa da, iki dəfə axşamçağı qəbir üstünə getdiyini xatırlayır: “Bir dəfə babamın qəbrinin üstünə axşamçağı ziyarətə getmişəm, amma yanımda ailə üzvlərim də olub. Bir dəfə də Əbülfəz Elçibəyin məzarının üstünə getmişəm, özü də tək getmişəm. Mən Əbülfəz bəyin siyasi düşüncələrini tənqid eləmişəm. Əlbəttə ki, yazdıqlarım həmişə mənim üçün doğru olub, onlardan heç vaxt imtina eləməmişəm. Heç indi də imtina etmirəm. Amma Əbülfəz bəy ağır xəstə yatağında olarkən “Bu gün” qəzetində mənim aldığım müsahibələrin birində mənim iradəmdən kənar olaraq, onun adı ilə bağlı qeyri-etik bir ifadə əlavə edilmişdi. O zaman məsələ aydınlaşdı, bunun mənimlə bağlı olmadığı ilə bağlı açıqlama da verildi. Amma Əbülfəz bəyə bununla bağlı məsələni aydınlaşdıracaq açıqlama verə bilmədim, çünki cəmi bir neçə gün sonra Elçibəy dünyasını dəyişdi. Yəqin Əbülfəz bəyin nə o müsahibədən, nə də o açıqlamalardan xəbəri oldu. Vəfatından bir neçə gün sonra niyəsini hələ də bilmədiyim bir hisslə, onun qəbrini ziyarət eləmək gəldi içimdən. Redaksiyadan çıxıb piyada Fəxri Xiyabana gəldim, hava qaralmağa başlamışdı, amma orda da bir neçə nəfər vardı. Əbülfəz bəyin özünə deməyə imkan  tapmadığım o açıqlamanı məzarına söylədim və bu məsələ ilə bağlı içimdəki ağrı bitdi. Ondan sonra bu məsələdən öz siyasi və mətbu karyerası naminə mənə qarşı istifadə eləmək istəyənlərin söylədiklərinin mənim üçün heç bir əhəmiyyəti olmadı”.

“Bizim yol”qəzetinin əməkdaşı Sevinc Vaqifqızı qəbiristanlığa getməyin heç bir qorxusu olmadığını deyir: “İstənilən vaxt gedə bilərəm, gecə, yaxud da gündüz. Bunun heç biri fərqi yoxdur. Gecə vaxtı getmişəm. Mənim üçün ən maraqlısı qəbir daşlarının üstündə yazılan yazılardır. Çünki həmin yazılardan ölən insanları tanımaq olur. Orada bir sakitlik olduğuna görə, çox qala bilmərəm, səssizlikdən ürəyim sıxılar”.

“Şərq”qəzetinin redaktoru Yusif Nəzərli də digər həmkarları ilə eyni fikirdədir: “Mən özüm kəndli balasıyam. Kənddə də, burada da qəbiristanlığa tez-tez getmişəm. Gecə saatlarında da getmişəm. Amma nə gündüz, nə də ki gecə vaxtı qorxmuşam. Bununla bağlı heç bir qorxum yoxdur, onsuz da insanlar nə vaxtsa ora gedəcəklər”.

“Yeni Müsavat”qəzetinin redaktoru Famil Cəfərli: “Ümumiyyətlə, qorxu hissinin insanda olması normal bir haldır. Mənim qəbiristanlıqla bağlı elə bir kompleksim yoxdur. Gecə vaxtı qəbirstanlığın yanından çox keçmişəm, amma qorxmamışam. Qəbiristanlıqda ağaclar, daşlar var, niyə qorxmalıyıq? Amma ümumi götürəndə, kabuslar müəyyən vaxt adamı qorxuda bilər. Ola bilər ki, gecə vaxtı getdiyin yerdə pişik qarşından qaçar, diksinə bilərsən”.

“106.3” FM radiosunun aparıcısı  Elvira İsmayılova: “Mən qəbiristanlığa getməkdən qorxmuram. Gecə və gündüz olmağından asılı olmayaraq, hər vaxt gedə bilərəm. İndi ölülərdən yox, dirilərdən qorxmaq lazımdır”.

Media eksperti Qulu Məhərrəmli də burada qorxulu heç nə görmür: “Uşaq vaxtı qorxurdum, amma indi qətiyyən qorxmuram. Bilmirəm, bu, yaşın artması ilə əlaqədərdır yəqin...  Qəbiristanlıq həyatın bir rəngidir. İnsanlar vaxtları olduqca qəbiristanlığa baş  çəksinlər”.
Q.Məhərrəmli həmçinin bildirib ki, qəbiristanlıqda olmaq düşünmək üçün insana implus verir. “Qəbiristanlıq dünyanın yeganə yeridir ki, orada insan sərbəst fikirləşə bilir”.

Tanınmış yazar Günel Mövlud: “Dəfn mərasiminə getməyi  xoşlamıram, amma qəbiristanlıq qorxum yoxdu, kiminsə qəbrini ziyarətə gedəndə çalışıram tək gedim, elə rahat oluram. Belə bir deyim var, ən təhlükəsiz romalı ölü romalıdır, ən təhlükəsiz insan fikrimcə, ölü insandır. Gecə qəbiristanlığa getməmişəm, getsəm də qorxmaram. Bizdə bilmirəm niyə təlqin edirlər qəbiristanlıq qorxuludur... Ruslarda belə bir şey yoxdur. Uşaq vaxtı Rusiyada məktəbə gedəndə axşam gec çıxırdıq, məktəbimizin də yanında qəbiristanlıq var idi, yaxınlığından keçirdik, amma qorxmurdum. Gecə ümumiyyətlə qorxduğum konkret məkan yoxdu”. 

“Xəzər” telekanalının əməkdaşıYusif Kərimli hazırladığı xəbərlər arasında mollalar,  qəbirqazanlarla bağlı süjetlətin çox yer tutduğunu deyir: “Qəbiristanlıqla bağlı, mollalar haqqında çoxlu sujetim var, onların da çoxu məzarlıqda keçib. Mənə bir dəfə jurnalist həmkarım  dedi ki, qəbiristanlıqdan qorxuram. Mənim fikrimcə, insanlar villa tikənlərdən daha çox qorxmalıdırlar, nəinki qəbiristanlıqdan, qəbirqazanlardan. Gecə qəbiristanlıqda olmamışam, olsam, qorxacağım istisna deyil”.

“Mərkəz” qəzetinin əməkdaşı Cəvahir Səlimqızı: “Mənim qəbiristanlığa başqa bir yanaşmam var. Qəbiristanlığa tez-tez getmirəm. Baxmayaraq ki, orada doğmalarım var. Mən hər dəfə qəbiristanlığa gedəndə elə bilirəm ki, həmin adamları elə həmin gün də itirdim. Orada olanda elə bilirsən ki, cəmiyyətədən təcrid olunmusan. Oradakı sakitlik insana siraət edir”.
Həmkarımızın sözlərinə görə, bir dəfə belə bir mövzuda yazı hazırlayarkən bərk sarsınıtı keçirib:
“Təxminən 10  il bundan əvvəl qəbiristanlıqla bağlı bir yazı hazırlayırdım. Araşdırma xarakterli bir yazı idi. Günorta vaxtı getdim ora, sükunətlə yanaşı, orada qulağıma qəribə səslər gəldi. Təsəvvur edin, qəbiristanlığın bir başından girdim, o biri başından çıxdım. Amma bilmirəm bu qorxu idi, ya vahimə...”.

Nihadə Eyyubova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB