“Turist mərkəzləri üçün aldığımız torpaqlar dövlət tərəfindən ayrılmır. Biz onu sahiblərindən, onların müəyyənləşdirdiyi qiymətə satın alırıq. Hələ tikintiyə çəkilən xərclərin miqyasını demirəm. Biz çalışırıq ki, yığılan üzvlük haqlarını, istirahət və sağlamlıq obyektləri tikib, üzvlərimizin mülkiyyətinə çevirək”. Modern.az bildirir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfedrasiyasının sədri Səttar Mehbalıyev qurumun İcraiyyə Komitəsinin iclasında çıxışı zamanı deyib.
S.Mehbalıyev qeyd edib ki, həm turist, həm də sanatoriya-kurort müəssisələrinə yollayış üçün təkcə AHİK hər il 20 milyon manat ayırır. Ötən il müəssisə və təşkilatlarda da işçilərin müalicəsi üçün əlavə 7 milyon manat xərclənib.
“AHİK-in büdcəsinə daxil olan az miqdarda pulu son dərəcə qənaətlə işlədirik. Yəni ən vacib məsələlərin həllinə yönəldirik. İldə ehtiyacı olan üzvlərimizə 24 milyon manat həcminqdə maddi yardım göstəririk. Mədəni-kütləvi, idman tədbirlərinə xərclənən vəsait isə təxminən 30 milyon manata yaxın olub”.
S. Mehbalıyev bildirib ki, ötən il alınan ərizələrin sayı 153 min 394-ə bərabər olub. Müraciətlərin 98 faizi müsbət həll edilib. 205 nəfər həmkarlar ittifaqı üzvü öz işinə bərpa olunub.
Hesabatda bildirilib ötən il heç də təşkilat üçün asan olmayıb.
"Bir çox müəssisədə ilk təşkilatlarımız ləğv olunub. İşəgötürənlərin müəyyən qismi həmkarlar ittifaqının yaradılmasına, normal fəaliyyətinə hər vəchlə mane olmağa çalışırlar. Bütün bunlara baxmayaraq, həmkarlar ittifaqı təşkilatlarının ümumi sayı az da olsa, artıb. Bildirilib ki, ötən il ərzində 94 müəssisədə həmkarlar ittifaqı təşkilatı yaradılıb ki, onların da 69,1 faizi qeyri-dövlət sektoruna aiddir. Özəl sektorda fəaliyyət göstərən həmkarlar ittifaqı üzvlərinin sayı 3,3 faiz artıb".
X. SƏFƏROĞLU