"İctimai Palata etiraz aksiyalarını “Eurovision”dan sonra da davam etdirəcək”. Bu firikləri Modern.az saytına İctimai Palatanın Koordinasiya Şurasının üzvü, sabiq deputat Arzu Səmədbəyli “Eurovision” yarışmasından sonra müxalifətin mitinqləri dayandıracağı haqda səslənən fikirləri şərh edərkən deyib. Eks-millət vəkili hesab edir, İctimai Palatanın son günlər təşkil etdiyi etiraz aksiyaları müsabiqədən sonra da davam etdirməlidir:
“Mitinq bizim hüququmuzdur. Biz də hər zaman çalışmışıq bu hüququmuzdan istifadə edək. Hakimiyyət dəfələrlə qeyd edirdi ki, Azərbaycanda müxalifət yoxdur. Biz bu mitinqlərimizlə onlara sübut etdik ki, Azərbaycanda müxalifət var və İctimai Palata hakimiyyətə əsas rəqibdir. Məncə, bu mitinqlərin “Eurovision”la bağlamağın heç bir mənası yoxdur. Bizim mitinqlərimiz bundan sonra da davam edəcək. Lazım gələrsə, icazəsiz piket və mitinqlərimiz də olacaq”.
Müxalifət funksioneri vurğulayıb ki, İctimai Palata keçirtdiyi mitinqlərlə dünya ictimaiyyətinin diqqətini Azərbaycan reallıqlarına yönəldə bildi:
“Bu mitinqlərin müsabiqə ərəfəsində keçirilməsinin başlıca səbəbi odur ki, hakimiyyət beynəlxalq alımi aldatmağa cəhd elədi ki, Azərbaycanda müxalifət yoxdur. Biz də göstərdik ki, bütün bunlar yalandır. Azərbaycanda nə sərbəst toplaşmaq azadlığı var, nə də insanların bu hüququ təmin edilir. Günahsız insanlar həbsxanalarda yatır. Biz bunları dünya ictimaiyyətinin diqqətinə çatdırmağa cəhd elədik. Hesab edirəm ki, biz buna nail olduq. Hakimiyyət öz gücünə arxayın olsa da, özünü gülünc vəziyyətə saldı. Bu mitinqlərdən sonra beynəlxalq qınaq Azərbaycan hakimiyyətinə qarşı yönəldi. Bu baxımdan mitinqlər son olmayacaq. Müsabiqədən sonra da möhtəşəm mitinqlərimiz, aksiyalarımız olacaq”.
Anar RÜSTƏMOV