“Eurovision-2012” Mahnı Müsabiqəsinin qalibi Lorin dünyada adından söz etdirməkdədir. Avropa mediası onunla bağlı çeşidli yazılar dərc edir. Bu arada Lorinlə bağlı bəzi bəzi maraqlı məqamlar açıqlanıb:
1983-cü il oktyabrın 16-da doğulan əsl adı Lorine Zineb Noka Talhaoui olan bu xanım İsveçin paytaxtı Stokholm şəhərindən kənar bir kənddə Mərakeş - Bərbər əsilli ailədə dünyaya gəlib.
O, bütün fikrini musiqiyə yönəldib. Lorini ən çox məyus edən məqamlardan biri də onun R&B müğənnisi kimi təqdim olunması idi.
"Çox qəribədir, mən heç bir zaman R&B və ya soul janrında musiqiyə qulaq asmamışam! Mən daxili aləmimə aid musiqi bəstələmək istəyirəm. Düşünürəm ki, bu da mahnılarımda öz əksini tapır”.
O, özünü anladaraq belə söyləyir: "Mən tənhalığı sevirəm və gündəlik məlumatlarla yüklü həyatdan kənara çəkilirəm. Televizorum yoxdur. Təkcə kompüterim var. Ondan da elektron poçta baxmaq və musiqi proqramları üçün istifadə edirəm. Mən həqiqətən də yaşadığımız rəqəmsal bir dövrdə qeyri-adi insanam. Çalışdığım insanlar Facebook sosial şəbəkəsində olmadığıma görə mənə nifrət edirlər".
Lorinin "Melodifestivalen" yarışmasında qalib elan edilməsi heç də təəccüb doğurmamışdı. O, buna rekord göstərici ilə nail oldu. 4 milyon 670 min tamaşaçı "Euphoria" mahnısına səs verdi.
Modern.az