Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanları ilə bağlı ümumtəhsil müəssisələrinə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təhsil şöbələri “Şagird- məzun sistemi”ndə “İmtahana buraxılmır” kimi qeyd etdikləri şagirdlərin sənədlərini yenidən təftiş etməli, bu şagirdlərin arasında bilikləri qiymətləndirilməyən və ya imtahandan azad olunanlar varsa, onları “İmtahana buraxılmır” kateqoriyasından çıxarıb müvafiq kateqoriyaya aid etməli, imtahandan azad olunanların buraxılış ili üzrə qiymətlərini sistemə daxil etməlidirlər.
Bildirilib ki, qeyri-kafi qiymətlərə görə “İmtahana buraxılmır” kimi qeyd edilmiş şagirdlər də bu kateqoriyadan çıxarılmalı, onların buraxılış ili üzrə qiymətləri sistemə daxil edilməlidir.
Qeyd edək ki, ümumi orta təhsil səviyyəsinin istənilən sayda fənnindən illik qiyməti qeyri-kafi olan şağirdələr attestasiya imtahanlarına buraxılacaqlar.
Anar RÜSTƏMOV