“Təmiz Şəhər” ASC-dən Modern.az-a verilən məlumata görə, bu qurumun təşəbbüsüilə Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin birgə yaratdığı işçi qrup paytaxtda ətraf mühitin mühafizəsini və sanitar təmizliyi təmin etmək üçün şəhər ərazisində mövcud olan qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi üzrə reydlər aparır. Keçirilən reydlərə əsasən, bu günə kimi işçi qrup Bakı şəhəri ərazisində sahəsi 200 m2 -dən böyük olan 137 qeyri-qanuni tullantı sahələrinin 36-nın təmizlənməsinə nail olub, 200 min m3-dən artıq məişət tullantısı Balaxanı poliqonuna daşınıb və “Təmiz Şəhər” ASC-yə təhvil verilib.
May ayı ərzində işçi qrup tərəfindən paytaxtda mövcud olan qeyri-qanuni tullantı sahələrində mütəmadi olaraq reydlər keçirilib. Ətraf mühiti çirkləndirən şəxslərə və təşkilatlara qarşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müvafiq protokollar tərtib edilib və icrası üçün məcburi göstərişlər verilib. Bakı şəhərinin ən böyük qeyri-qanuni tullantıxanalarından olan Qaradağ rayonunun Lökbatan qəsəbəsində tullantı sahəsinin fəaliyyəti dayandırılaraq, əraziyə atılan bərk məişət tullantılarının Balaxanı Şəhər Tullantılarının Zərərsizləşdirilməsi Poliqonuna daşınıb. Reydlər bundan sonra da mütəmadi olaraq davam etdirələcək. Qeyd edək ki, “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli Sərəncamına əsasən əmələgəlmə mənbəyindən asılı olmayaraq Bakı şəhəri ərazisində yaranan bütün bərk məişət tullantıları “Təmiz Şəhər” ASC-yə təhvil verilməlidir.
Modern.az