“Bu gün Azərbaycanın reklam bazarında 500 milyon pul fırlanır. Amma bu məbləğ açıqlanmır. Açıqlanan rəqəmlər isə bu məbləğdən qat-qat aşağıdır. Göstərilən rəqəm isə 15-20 milyon manat olur”.
Bu sözləri Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev Modern.az-a deyib.
İttifaq prezidentinin sözlərinə görə, bannerlərin materialına çəkilən xərc bir kvadrat metr üçün 80 qəpik təşkil edir. Küçə reklamlarının (bilbordların) qiyməti isə materialın keyfiyyətindən asılı olaraq 1500 manatdan başlayır. Belə ki, əsas materialı dəmirdən olan bilbord reklamların tək rekonstruksiya işi 1500-2000 manata başa gəlir. Reklam çarxının bilbordlara vurulması isə 500 manat təşkil edir. Ümumilikdə isə bu məbləğ 2500 manata başa gəlir.
H.Atakişiyev deyir ki, bu gün Rusiya bazarı reklamdan 8 milyard rubl gəlir əldə edir. Azərbaycanda isə bu sahədən gələn rəqəmlər gizlədilir: “Statistikada göstərilir ki, Azərbaycanda minlərlə reklam şirkəti var. Amma hər reklam şirkətinə 2000 manat pul düşür. Bu nə şirkətlərdir ki, həmin pula heç şirkətlər işıqpulunu verə bilməzlər. Deməli burada gizli, açıqlanmayan rəqəmlər var. Bu gün Azərbaycanın reklam bazarında 500 milyon pul fırlanır. Amma bu məbləğ rəsmi şəkildə göstərilmir. Göstərilən rəqəm isə bu məbləğdən qat-qat aşağıdır. Ən yaxşı halda 15-20 milyon manat göstərilir. Qalan pullar hamısı gizli saxlanılır”.
H.Atakişiyev Tarif Şurasının müəyyənləşdirdiyi qiymətlərin də bazarda işləmədiyini söyləyir. Onun sözlərinə görə, Bakı İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi monopolist mövqeyindən istifadə edərək reklam qiymətlərini istədiyi kimi artırıb-azaldır.
“Məsələn, bu idarənin verdiyi qiymətlər 2 milyonluq əhali üçün kvadrat metrinə görə, bir aylıq ödəniş qiymətləridir. Dam üstündə, qüllələrdə yerləşdirilən statik və dinamik qurğuların, küçə və yolların üstünə vurulan asma transparantların bir kvadrat metri A zonası üçün 8, B zonası üçün 7, C zonası üçünsə 3 manatdır. Ayrıca dayaqlı, düz səthli, bir və ya çoxüzlü statik qurğular zonalar üzrə kvadratı 10, 7, 3 manata başa gəlir. Həcmli fəza konstruksiyalarında reklam olunmaq istəyənlər isə idarənin qoyduğu qiymətlərlə 12, 10, və 8 manat ödəməlidirlər. Tikinti hasarlarında və digər hasarlarda yerləşdirilən düz səthli qurğular və plakatlar 5, 4, 3 manata, işıqlı elektron tablolar, dinamik qurğular (prizmavijın, lentvari) reklam qurğuları 12, 8, 5 manata başa gəlir. Vitrinlərdə, pəncərələrdə, yerləşdirilən afişalar, ticarət nişanları, loqolar 3, 3, 2 manatdır. Ticarət, xidmət, yanacaq doldurma pavilyonları, telefon və firma üslubu köşklərdə yerləşdirilən qurğular, o cümlədən plakatlar,
afişalar, elanlar, loqolar 4, 3, 3 manata başa gəlir. Binaların fasadlarında, birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında, önündə kommersiya məqsədilə yerləşdirilmiş həmin obyektlərin mənsubiyyətini, adını, firma nişanını göstərən lövhələr 7, 5, 3 manatdır. Əslində isə bazarda reklamın kvadrat metri 4, 8, 12 manat arasında dəyişir. 3x4 olan reklam plakatları 12 kvadratmetrdi ki, bu ölçülərdə A zonası üçün 144, dörd üzlü skroller 576 manatdır, illik məbləğ 6912 manata başa gəlir. Halbuki, Bakı İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsi dörd üzlü skrollerin bir üzünü 2500-ə verir”.
H.Atakişiyev reklamların bugünkü ölçülərindən, həm də qiymətlərindən narazıdır. O, reklam ölçülərinin standartlara uyğun olmadığını və qiymətlərin də bazara görə tənzimlənmədiyini deyir:
“Avropada reklamın satandart ölçüləri üç metrin bir yarımadır. Amma bizim reklamlar bu ölçülərlə aprılmır. Həmçinin qiymətlər də bütün dünyada olduğu kimi deyil. Əslində isə bizdə də tarifləri dövlət yox, reklam agentlikləri tənzimləməlidir”.
Odur ki, Azərbaycan Reklamçılar İttifaqının prezidenti reklam haqqında qanuna yenidən baxmağı təklif edir. Onun sözlərinə görə, bütün dünyada olduğu kimi, bizdə də tarifləri dövlət yox, reklam agentlikləri tənzimləməlidir:
“Bu işlərsə bələdiyyələrə həvalə olunmalıdır, onlar da xaricdə olduğu kimi reklam agentlikləri ilə hesablaşmalıdırlar”.
Müsahibimizn fikrincə, bu gün reklam qiymətləri inhisarçı əllərdə yox, reklam agentlikləri arasında həll olunmalıdır. Reklam agentlikləri sifarişçi ilə razılaşdırılmalıdır.
”Ona görə də bazarda reklam qiymətləri aşağı olmalıdır. Normativ qiymətlər aradan götürülməlidir. Bunu nəzərə alan Milli Məclis yeni tikililərlə bağlı qanun üzərində işləyir. Orada reklamla bağlı maddə verilir ki, fasadlarda 30 kvm-ə qədər olan reklamlara görə, pul ödənilməsin. Bu da normal bir şeydir. Mən dükanımı açıram reklamımı yerləşdirirəm. İnhisarçı gəlir ki, bunun üçün 5 min verməlisən. Daha başa düşmür ki, bu balaca bir reklama niyə bu qədər pul verməlidir. Heç bir sənəd sübut olmadan”.
H. Atakişiyev deyir ki, Hacıbala Abutalıbovun yeni sərəncamı da əksər küçələrdə reklamı qadağan edir.
”Niyə? Heç kim bilmir. Bu gün reklam yerlərinin seçilməsi də düzgün aparılmır. Əgər dünya təcrübəsinə baxsaq görərik ki, xaricdə reklamlar paytaxtdan kənarda, əhalinin daha çox piyada olduğu yerlərdə quraşdırılır. Nədənsə bizdə reklamlar avtomobil yollarının düz kənarında qurulur. Hətta hərdən onları maşınllar da vurur. Fransadan gətirilən hərəkətdə olan reklamlar Avropa ölkələrinin əksəriyyətindən yığışdırılıb. Çünki onlar hərəkətdə olduğundan sürücünün diqqətini yayındırır. Bu halda isə qəzaların sayı artır. Həm əhali reklamdan heç nə ala bilmir. Bizdə də reklamlar paytaxtdan yığışdırılaraq şəhərdən kənara Günəşli, Yasamal, Mərdəkan, Buzovnaya köçürülərsə o halda reklamnın effektivliyi artar”.
Gültəkin Ələsgər