Modern.az

“Tənha Məzar” abidəsinin açılışı olub - FOTOLAR

“Tənha Məzar” abidəsinin açılışı olub - FOTOLAR

29 May 2012, 12:36


1918-ci ilin yayında general-mayor Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun erməni-rus işğalçılarına qarşı apardığı döyüşlərdə şəhid olan və Bakı-Şamaxı yolunun kənarında, Qobustan rayonunun Acıdərə adlanan ərazisində dəfn edilən naməlum türk əsgərinin şərəfinə ucaldılan abidənin təmirdən sonra açılışı olub.

Modern.az-ın məlumatına görə, Türkiyənin Azərbaycandakı səfirliyinin dəstəyi ilə abidə müasir üslubda yenidən qurulub, şəhidliyin ərazisi genişləndirilib, abadlıq işləri görülüb. Bundan başqa ərazidə Azərbaycan və Türkiyə bayraqlarının postamenti təzələnib, ağac və gül kolları əkilib. Açılış mərasimində Türkiyənin ölkəmizdəki səfiri Hulusi Kılıç, Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, rayon əhalisi, media nümayəndələri iştirak ediblər. Səfir və icra başçısı "Tənha Məzar" abidəsinin qırmızı lentini kəsiblər.

İlk olaraq çıxış edən Türkiyənin Azərbaycandakı səfirliyinin hərbi atteşesi Yücel Karauz Azərbaycanın hər zaman Türkiyənin şah damarı olduğunu deyib.
 Sonra Bəxtiyar Vahabzadənin “Tənha Məzar” şeiri söylənilib.
Çıxış edən icra başçısı A.Məmmədov bu abidənin yenidən qurulmasında göstərdiyi köməyə görə hər kəsə təşəkkürünü bildirib. O, Azərbaycan-Türkiyə dostluğunun daim davam edəcəyini deyib.
Türkiyənin Azərbaycandakı səfiri H.Kılıç bu ərazinin müqəddəs bir yer olduğunu deyib.O, xatirə kompleksinin Azərbaycan türklərini qətlə yetirən ermənilərin qarşısının alınmaq üçün yardıma gələn Qafqaz Türk İslam Ordusunun bu bölgədə şəhid olan qəhrəman türk əsgərinin xatirəsinə hörmət olaraq qoyulduğunu söyləyib:
“Aramızda qan bağı var. Biz hər zaman gücümüzü birliyimizdən alırıq. Bu tarixi gənclərə öyrətmək lazımdır. Burada əməyi olan hər bir kəsə təşəkkür edirəm. Bütün şəhidlərimizin ruhu şad olsun. Bundan sonra gələcəyimiz parlaq olsun”.



Anar Kəlbiyev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir