Modern.az

Parlament 2012-ci il dövlət büdcəsinə dəyişikliyi müzakirə edir

Parlament 2012-ci il dövlət büdcəsinə dəyişikliyi müzakirə edir

Təhsil

29 May 2012, 14:02

Mayın 29-da Milli Məclisin plenar iclasında 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunur.
Modern.az xəbər verir ki, iclasda maliyyə naziri Samir Şərifov da iştirak edir.
Müzakirələrdə çıxış edən İqtisadi-siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, maliyyə resurslarının artması öz növbəsində imkan verir  ki, hazırda Azərbaycanın dövlət büdcəsi də ildən-ilə artsın.
2011-ci ilin yekunlarına görə, Azərbaycanın böyük inkişaf yolu keçdiyini qeyd edən komitə sədri deyib ki, Azərbaycan öz dinamik inkişafına görə, dünyanın aparıcı ölkələrindən, söz sahiblərindən birinə çevrilib.

Komitə sədri eyni zamanda deyib ki, Azərbaycan bu gün heç bir maliyyə sıxıntısı, problemi yaşamır. Ölkəmiz dünyada davam edən maliyyə-iqtisadi böhran fonunda heç bir maliyyə sarsıntısı keçirməyib.

Maliyyə naziri isə  2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklər barədə millət vəkillərinə geniş məlumat verib. Nazir qeyd edib ki, dəyişiklin nəticəsində dövlət büdcəsinin gəlirləri və xərcləri 600 milyon manat artırılacaq, gəlirlər 17 038 mln. manat, xərclər isə 17 672 mln. manata çatdırılacaq. Dövlət büdcəsinə əlavə daxilolmaların iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin edilməsi nəzərdə tutulub.

2012-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin əsas mahiyyəti barədə danışan nazir S.Şərifov bildirib ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycanın  şimal-qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının əhalisinə və sosial-iqtisadi infrastrukturlarına dəymiş ziyanın, 2010-cu ildə Kür və Araz çaylarının Sabirabad və Salyan rayonlarının ərazisində yaratdığı irimiqyaslı fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı işlərin başa çatdırılması, cari ildə ölkənin bəzi rayon və şəhərlərinin ərazisində normadan artıq yağan leysan yağışlarının, sel və daşqınların törətdiyi fəsadların aradan qaldırılması, ölkədə ehtimal olunan təbii fəlakət və fövqəladə halların qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi məqsədi ilə xüsusi təyinatlı maşın və avadanlıqların alınması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi üçün əlavə maliyyə təminatının yaradılması olub.

Eyni zamanda, Bakı şəhərinin ətraf ərazilərində və onun kəndlərində qurunt sularının səviyyəsinin qalxması ilə bağlı tədbirlərin görülməsi, ekoloji və sanitar durumun yaxşılaşdırılması, habelə 2012-ci ilin ötən dövrü ərzində ölkənin hərbi quruculuğu və təhlükəsizliyi sahəsində qəbul edilmiş Fərman və tapşırıqların icrası və dövlət büdcəsində əvvəlcə nəzərdə tutulmayan tədbirlərin maliyyələşdirilməsi üçün əlavə vəsaitin cəlb edilməsi tələb olunur.

S.Şərifov həmçnin dövlət və icmal büdcələrin gəlir və xərclərində edilmiş dəyişikliklər, ayrı-ayrı tədbirlərin maliyyələşdirilməsi üçün konkret tələb olunan vəsaitin məbləği barədə ətraflı məlumat verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir