Azərbaycanın tarixçisi professoru, millət vəkili Musa Qasımlının Türkiyədə 1980-ci il 12 sentyabr çevrilişindən SSRİ dağılana qədərki dövrdə sovet-Türkiyə münasibətlərindən bəhs edən, bir neçə il əvvəl Bakıda Azərbaycan, Moskvada rus dillərində nəşr edilən iri həcmli monoqrafiyası (464 səh.) bu dəfə türk dilində İstanbulda məşhur Kaknüs nəşriyyatı tərəfindən kütləvi tirajla çapdan çıxıb.
Qeyd edək ki, tarixçinin 2006-cı ildə həmin nəşriyyat tərəfindən nəşr olunmuş “Azərbaycan türklərinin milli mücadilə tarixi.1920-1945” monoqrafiyası türk elmi ictimaiyyətində böyük maraq doğurmuş, bir neçə beynəlxalq kitab sərgi-yarmarkasında nümayiş etdirilmiş və alıcı toplamışdı. Azərbaycan, Rusiya, Gürcüstan arxivlərində uzun illər boyu “tamamilə məxfi”, “məxfi” və “xidməti istifadə üçün” qrifləri altında saxlanılmış mənbələr, Türkiyə arxivlərinin, ABŞ Dövlət Departamentinin, Mərkəzi Kəşfiyyat İdarəsinin və Ermənistanın mümkün materialları əsasında yazılmış bu əsərdə 70-ci illərin sonlarında SSRİ-Türkiyə münasibətlərinin vəziyyəti, sovetlərin Əfqanıstana müdaxiləsinin qarşılıqlı münasibətlərə təsiri, SSRİ rəhbərliyinin Qara dəniz boğazları məsələsini yenidən gündəliyə gətirməsi, Aralıq dənizinə enmə niyyətləri, Kipr məsələsinin sovet-türk münasibətlərinə təsiri, iki ölkə arasında gizli müharibə, uydurma “erməni soyqırımı” məsələsinin yenidən baş qldırması, müəyyən erməni dairələrinin Türkiyə və Azərbaycan əleyhinə fəaliyyətləri, sovet-Türkiyə münasibətlərində Azərbaycanın oynadığı rol araşdırılır.
Sovet lideri Mixail Qorbaçovun SSRİ-ni təşkil edən türk respublikalarının rəhbərlərinə inanmasının səbəbləri, Türkiyədəki ABŞ hərbi obyektləri məsələsi, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonovun Türkiyəyə, Türkiyə prezidenti Turqut Ozalın 1986 və 1991-ci illərdə SSRİ-yə səfələri zamanı müzakirə edilən məsələlər təhlil edilir.