Modern.az saytı millət vəkili, Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin məqaləsini təqdim edir.
***
Əminəm ki, öz məşəlini alovlandıranlar odlar yurduna yenə qayıdacaqlar
57 illik tarixi olan Avroviziya Mahnı Müsabiqəsinə 2008-ci ildən qoşulan Azərbaycan hər dəfə ilk yerləri tutmaqla artıq bu layihənin qalibi adına iddiaçı olduğunu qətiyyətlə ortaya qoymuşdu. Ötən il 43 ölkə arasında təmsilçilərimiz 221 xal qazanmaqla Azərbaycanın adını "Avroviziya" Mahnı Müsabiqəsi tarixinə qalib ölkə kimi yazdılar. Bununla da ölkəmiz növbəti yarışmaya ev sahibliyi etmək hüququna yiyələndi. Elə həmin andan, yəni Düsseldorfda Nigar və Eldara Avropanın bir nömrəli musiqi yarışmasının mükafatı təqdim olunan andan bu günə kimi "Avroviziya" ilə nəfəs alan Azərbaycan möhtəşəm bir şou ilə tarixin ən gözəl təşkilatçılığına imza atdı.
Odlar yurdu Azərbaycan bu il dünyanın ən nüfuzlu musiqi yarışması olan Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etdi və "Öz məşəlini alovlandır" ("Light your fire") şüarı altında bütün dünyanın musiqisevərlərini qonaqpərvər Azərbaycan xalqının dostluq, mədəniyyət məşəlinin başına topladı. Bu məşəlin işığı 42 ölkəni təmsil edən müsabiqə nümayəndələrini, dünyanın hər yerindən gələn qonaqlar və jurnalistlər də daxil olmaqla, hamını məftun etdi. Bütün dünyanın diqqəti Şərqlə Qərbin körpüsünə - odlar yurdu Azərbaycana yönəldi. Odlar yurdu isə borclu qalmadı: "Avroviziya 2012" bütünlükdə müsabiqənin tarixində nadir hadisə adlandırıldı, bu günədək ən möhtəşəm şounun keçirildiyi məkan kimi tarixə düşdü. Azərbaycan paytaxtının gözəlliyi və qədimliyi, milli mətbəximizin sözəgəlməz dadı və ləzzəti, insanların qonaqpərvərliyi, mehribanlığı qonaqları məftun etdi.
Mən əminliklə deyirəm ki, Azərbaycan vətəndaşı olan hər bir insan bu tarixi günləri hər zaman qürurla, fəxrlə xatırlayacaq. Nəinki Avropanı, musiqiyə, tarixə, mədəniyyətə marağı olan hər kəsi bu günlərdə biz vizual da olsa, Azərbaycana gətirdik, kim olduğumuzu göstərdik, həqiqətlərimizi çatdırdıq, ölkəmizi tanıtdıq. Avropanın 44 ölkəsi müsabiqəni canlı yayımladı, iştirakçıların çıxışları arası fasilədə Bakı, Naxçıvan, Şəki, Gəncə, Lənkəran, Qobustan, Şamaxı, Quba, nəhayət, Qarabağımızı tərənnüm edən gözəl süjetləri izlədi. Biz bunu bacardıq!
Buna görə təşəkkürümü çatdırmaq istədiyim ünvanlar var. Təbii ki, ilk və ən böyük təşəkkür Azərbaycanı bu səviyyəyə gəlib çatmasında, xaricilərə fəxrlə təqdim etdiyimiz vətənimizin abadlaşmasında, inkişafında müstəsna və əvəzsiz xidmətləri olan Cənab Prezidentimiz İlham Əliyevədir. Məhz onun gərgin əməyinin və böyük zəhmətinin nəticəsidir ki, bu gün belə bir Azərbaycanın vətəndaşı olmağımızla fəxr edirik.
İkinci böyük təşəkkürüm, ölkəmizin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, mahnı müsabiqəsinin təşkilat komitəsinin rəhbəri Mehriban xanım Əliyevayadır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsinin fəaliyyəti nəticəsində müsabiqəyə hazırlıq işləri ilə yanaşı, "Baku Crystal Hall"un inşası da qısa zamanda uğurla tamamlandı. Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti, müasir dünya mədəniyyətinin bilicisi kimi təklifləri, müsabiqənin ən yaxşılardan biri seçilməsində gərgin əməyi və əvəzsiz xidməti belə bir tədbirin adının əvvəlində “uğurlu” və “möhtəşəm” sözünün yazılmasına səbəb oldu.
Bundan başqa xaricdən gələn əcnəbi vətəndaşlara ölkəmizin gəzməli, görməli, tarixi abidələrlə zəngin komplekslərini, Bakının rəmzi sayılan tarix və memarlıq abidələrini - Qız Qalası, İçərişəhər, həmçinin musiqi yarışmasının keçirildiyi məkan - "Crystal Hall", Beynəlxalq Muğam Mərkəzi, dəniz sahilindəki yeni Xalça Muzeyi və digər yerləri yaxından tanımağa yardım etmiş "Baku City Tour" ekskursiya proqramının yaradıcılarına və təşkilatçılarına, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür edirəm. Bakının ecazkar görünüşünə valeh olan turistlər dayanmadan bu gözəllikləri fotoaparatların yaddaşına həkk edir, bir çoxları isə Bakının necə möhtəşəm bir şəhər olduğunun, paytaxtımızın tarixiliklə müasirliyin vəhdət təşkil etməsinin ən bariz nümunəsi kimi dəyərləndirirdilər. Şəhərimizə gəlmiş hər bir qonaq Azərbaycanın qədim mədəniyyəti, zəngin mətbəxi və gülərüz vətəndaşları ilə bilavasitə tanış olmaq fürsətini əldə etdi.
Növbəti təşəkkür ünvanı, təbii ki, güc strukturlarıdır. "Azərbaycan regionun ən təhlükəsiz ölkələrindəndir. İnterpolla Azərbaycan arasında əməkdaşlıq çox yüksək səviyyədə qurulub". Bu sözləri İnterpolun baş katibi Ronald Noubl deyib. Noubl Azərbaycanda təhlükəsizliyə dair aparılan tədbirləri və DİN heyətinin peşəkarlığını yüksək qiymətləndirib. İnterpol təmsilçisi hesab edib ki, təhlükəsizliklə bağlı müasir avadanlığın tətbiq edilməsi sahəsində də Azərbaycan birincilər sırasındadır. Ronald Noubl "Avroviziya-2012" Mahnı Müsabiqəsində görülən təhlükəsizlik tədbirlərini də yüksək qiymətləndirib. Bu qiyməti sıradan biri deyil, İnterpol kimi mötəbər təşkilatın rəhbəri verib. Buna görə də DİN, MTN rəhbərlərinə, xüsusi xidmət orqanlarının fədakar əməkdaşlarına, müsabiqə keçirlən müddətdə yol hərəkətinin peşəkar təşkilində əməyi keçmiş hər kəsə təşəkkürümü çatdırmaq istərdim. Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının müsabiqəyə qədər keçirdikləri xüsusi əməliyyatlar bir daha sübut etdi ki, Azərbaycan istənilən təhlükəyə qarşı mobil, çevik və peşəkarlıqla cavab verməyə hazırdır. Bununla qürur duymaq lazımdır!
İndi isə bu arada yaşadığımız bəzi məqamlara da toxunmaq istərdim. Söhbət "Avroviziya"nı siyasiləşdirmək istəyənlərin bu məqsədlərinə çatmaları üçün əl atdıqları metod və vasitələrdən gedir. Bəli, bu müsabiqə dövründə bəzi maraqlı dairələrin fəallaşa biləcəyi, açıq formaya keçəcəyi əvvəlcədən görünürdü. Bu gün vəziyyətin təhlili göstərir ki, "Avroviziya"nı siyasiləşdirmək istəyənlər hədəfə çata bilmədilər. Tədbiri, ümumiyyətlə, pozmaq, dayandırmaq, Azərbaycanın imicini ləkələmək, siyasi şou düzəltmək, özlərini tanıtmaq kimi addımlar nəticə vermədi. Təsadüfi deyil ki, "Demokratiya üçün oxu!" kampaniyası Bakının mərkəzində cəmi 50 nəfərlə “demokratiya” uğrunda mübarizə aparanların olduğunu göstərdi. Təbii ki, bu elə Avropanın özündə “Böyük səkkizlərin” zirvə görüşlərinə, yüzlərlə beynəlxalq tədbirlərə etiraz edən yaşılların, antiqlobalistlərin aksiyalarının yanında çox kiçik göstəricidir. Bunlar bəliidir. Amma bizi maraqlandıran suallar hələ də qalmaqdadır.
Aydın məsələdir ki, işğalçı Ermənistan heç bir siyasi məqsəd güdülməyən, ancaq musiqi, mahnı bayramı, həmrəylik, dostluq məqsədi daşıyan bir nüfuzlu mədəniyyət tədbirini boykot etməklə, yarışmaya təmsilçi göndərməkdən imtina etməklə qarşılıqlı anlaşma və dialoqa hazır olmadıqlarını bir daha sübut etdi. Yarışmaya təmsilçi göndərib-göndərməmək hər ölkənin öz işidir. Amma biri var, sadəcə, yarışmada iştirak etməyib sakitcə kənarda dayanasan və izləyici olasan. Biri də var, iştirak etməyə-etməyə kənardan yarışmaya qara yaxmağa, ev sahibinin işini pozmağa çalışasan.
Bu düşməndir: mövqeyi, əxlaqı və iyrənc siyasəti bəlli olan işğalçı Ermənsitan. Bəs özümüzə nə olub?
Əvvəla, müxalifət liderlərinin mahnı müsabiqəsində iştirak edən müğənnin deyəcəyi sözə ümid bəsləməsi gülünc faktdır. Bu bir tərəfə. Görəsən niyə, özlərini siyasətçi adlandıran, vətənpərvərlikdən danışan, insan haqlarından dəm vuranlar, o cümlədən bəzi səfirliklərin nümayəndələri bir milyondan artıq qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarını heç dilə gətirmək istəmədilər, amma Azərbaycanı nüfuzdan salmaq üçün nə mümkün idisə onu etdilər. Niyə? Məncə, əlavə şərhə ehtiyac yoxdur.
Əslində, bu yarışma ilə böyük şans da yaranmışdı ki, Azərbaycan özünün Dağlıq Qarabağ problemini, işğal məsələsini bir daha dünyaya çatdıra bilsin. Amma məsələnin siyasiləşməsi, mənasız iddialar, iğtişaş yaratmağa meyl ucbatından Dağlıq Qarabağ problemi, təəssüf ki, səhnə arxasında qaldı. Halbuki, bu məsələdə bir olduğumuzu sübut etmək üçün gözəl fürsət qazanmışdıq.
İkincisi, Azərbaycan üçün həssas bir məqamda mən qonşu İrandan belə davranışı o qədər də gözləmirdim. Bu nə qonşuluğa, nə də müsəlmançılığa yaraşır. Bu haqda çox danışmaq istəmirəm. Amma, təəssüf ki, bu dəfə də cənub qonşumuzun növbəti təxribatı və şantajı ilə üz-üzə qaldıq.
Əlbəttə, biz Bakının bu mötəbər müsabiqəyə mükəmməl şəkildə ev sahibliyi edəcəyinə əmin idik. Lakin Azərbaycanı yaxşı tanımayanlar, ekranda inkişaf etməmiş, kasıb sabiq sovet ölkəsini görəcəklərini düşünürdülər. Belə möhtəşəm şoudan sonra onların rəyi tamamilə dəyişdi. Gördülər ki, Azərbaycan beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməyə tamamilə hazırdır. Xaricdə yaşayan həmvətənlərimiz və Azərbaycanın hər bir dostu ölkəmizlə fəxr edə bilər. Belə mötəbər tədbirin Azərbaycanda yüksək səviyyədə keçirilməsi iki amili sübut edir: Azərbaycan bütün sahələrdə böyük irəliləyişlər əldə etmişdir və ölkəmiz nəinki “Avroviziya” Mahnı Müsabiqəsində qalib gəlməyi, eyni zamanda, bu yarışmaya mükəmməl şəkildə ev sahibliyi etməyi bacarır. Azərbaycan yeni görkəmini əvvəl Avropaya, sonra da bütün dünyaya tanıtma fürsətindən sona qədər çox yaxşı istifadə etdi.
Sonda isə onu deyə bilərəm ki, bütün qonaqlar “Öz məşəlini alovlandır!” şüarı ilə möhtəşəm müsabiqəyə layiqincə ev sahibliyi edən ölkəmizdən qəlblərinə bəxş edilən əbədi odla getdilər və əminəm ki, onlar nə vaxtsa odlar yurduna təkrar qayıdacaqlar.
Azay Quliyev
millət vəkili