Millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarının 100 illiyi çərçivəsində Ankarada keçirilən II Türk Dünyası Qadınlar Qurultayında iştirak edib. Qurultayın açılışında çıxış edən deputat Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması istiqamətində görülən işlərdən danışıb.
Q.Paşayeva bildirib ki, Azərbaycan dövləti qadın siyasətinin səmərəli həyata keçirilməsi, qadınların ictimai həyatın bütün sahələrində bərabər iştirakının təmin edilməsi məqsədi ilə bir sıra mühüm qanunvericilik aktları, dövlət proqramları qəbul edib.
Millət vəkili eyni zamanda Ermənistanın Azərbaycan torpaqlarının işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş qadınlardan, onların fundamental insan haqlarının tapdalanmasından söz açıb. Bildirib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm faktlarına, körpə uşaqların qətlə yetirilməsinə, qarşı öz etiraz səsini ucaltmalıdır.
“Gənc qadınlarımızın vəzifəsi övladlarını milli və dini dəyərlərimizə, milli kimliyimizə sahib olaraq yetişdirməkdir”. Uşaqları həm fiziki, həm zehni olaraq yetişdirmənin önəmli olduğunu vurğulayan Qənirə Paşayeva “analarımız gənclərimizə keçmişimizi, tariximizi, millətimizin keçdiyi yolu və gələcək perspektivlərini də anlatmalıdır. Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər. Mən həm Azərbaycanda, həm bir çox türk dövlətlərində etdiyim çıxışlarım zamanı bunu xüsusilə vurğulayıram – Türk dünyasının birlikdə gələcək modeli daha çox analarımızın əlindədir” - deyə millət vəkili qeyd edib.
Q.Paşayeva qurultayda “Türk mediasında qadınların rolu” mövzusunda məruzə ilə də çıxış edib. Siyasətə gəlməzdən əvvəl özünün də bir media işçisi olduğunu söyləyən millət vəkili Türk mediasında qadınların vəziyyəti, problemlər, onların həlli yolları və mediada qadınların rolunun daha da artmasının önəmi və əhəmiyyəti barədə də geniş nitq söyləyib.
Qurultayda AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor, doktor Rəna Mirzəzadə və Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova iştirak və çıxış edib.
Qurultayda siyasət, toplum və mediada qadınların rolu, təhsildə qadınların rolu, qadın və səhiyyə, insan haqları və qadın, iqtisadiyyat və qadın mövzusunda sessiyalar təşkil edilib.
Qeyd edək ki, qurultay çərçivəsində deputat Türkiyənin millət vəkilləri, tanınmış qeyri-hökumət və qadın təşkilatlarının rəhbərləri, tanınmış universitetlərin rəsmiləri və alimləri, mətbuat və media nümayəndələri ilə görüşüb. Millət vəkili həmçinin Türkiyənin bir sıra KİV-lərinə müsahibələr də verib.
Modern.az