Modern.az

Azərbaycanda uşaqlar yay düşərgələrinə gedə bilməyəcəklər

Azərbaycanda uşaqlar yay düşərgələrinə gedə bilməyəcəklər

31 May 2012, 11:20


9 ay dayanmadan dərs oxumaq, imtahanlara, sınaqlara hazırlaşmaq hər bir şagirdi hədsiz dərəcədə yorur. Yayın gəlməsini səbirsizliklə gözələyən məktəblilər 9 aylıq yorğunluğu 2-3 ay hardasa dincəlməklə üzərlərindən atmağa çalışırlar. Tətil dövrünə kimi kəndə dincəlməyə gedir, kimi də hər hansı düşərgədə öz həmyaşıdları ilə vaxtını şən keçirməyə hazırlaşır.

Bu gündən dərs ili bitir və valideynlər öz uşaqlarının yay istirahətinin təşkili haqda düşünməyə başlayırlar. Amma Azərbaycanda hər il yay tətili günlərində uşaqların böyük əksəriyyəti yaxşı dincələ bilmir. Sovet dövründən fərqli olaraq, hazırda Azərbaycanda məktəblilərin yay istirahətinin təşkili istənilən səviyyədə deyil. Daha dəqiq desək, bu sahədə ciddi problemlər mövcuddur, düşərgələr yoxdur... 

Xatırladaq ki, keçmiş SSRİ dövründə digər respublikalar kimi Azərbaycanda da uşaqların dincəlməsi üçün pioner düşərgələri fəaliyyət göstərirdi. Bundan başqa Ukraynada “Artek”, Rusiyada isə “Oqonyok” adlı ümumittifaq pioner düşərgələri də var idi ki, orada Azərbaycandan olan əlaçı şagirdlər dincələ bilirdilər. 

Təhsil Nazirliyindən əldə etdiyimiz məlumata görə, 1992-ci ilədək Azərbaycanda şagirdlərin dincəlməsi üçün 50-dən çox yay istirahət düşərgəsi fəaliyyət göstərirdi. Onların 16-sı Xəzər dənizi sahillərində, 5-i işğal olunmuş ərazilərimizdə, qalan isə ölkənin digər səfalı rayonlarında idi. Amma müstəqillik əldə ediləndən sonra digər sahələrdə olduğu kimi, bu sektorda da vəziyyət pisliyə doğru dəyişib. 

SSRİ dağılandan sonra Azərbaycanda uşaqların yay istirahətinin təşkili sahəsində pərakəndəlik yarandı. Nəticədə istirahət düşərgələrinin bir qismi dağıdıldı və qanunsuz olaraq özəlləşdirildi, bəzilərində isə qaçqın və məcburi köçkünlər yerləşdirildi. Ümumilikdə 50-ə yaxın uşaq istirahət düşərgəsi bağlandı. 

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov Modern.az saytına deyib ki, əvvəllər mövcud olan yay-istirahət düşərgələrində qaçqın və məcburi köçkünlərin məskunlaşması və 20 ildən artıq müddətdə təmir edilməməsi nəticəsində onlar yararsız vəziyətə düşüblər.  

“Təhsil Nazirliyi yaradılan düşərgələrə həmişə pedoqoji heyətlə kömək edir. İndi bəzi rayonlarda, şəhərlərdə təhsil şöbələri yerli icra hakimiyətiləri ilə razılaşdırmaqla yay düşərgələri təşkil edirlər. Əgər yemək vermək mümkündürsə, o düşərgələrdə uşaqlar qalıb yemək yeyirlər, mümkün deyilsə o zaman yay məktəbləri kimi fəaliyyət göstərirlər. Yəni gündüz gəlib tərbiyəçilərin,  pedoqoqların nəzarəti ilə müxtəlif  tədbirlərdə iştirak edirlər, axşam da evlərinə gedirlər”.

Təhsil Nazirliyinin tərkibində yay düşərgələrinin yaradılması üçün A.İbrahimov böyük dövlət proqramı və vəsaitin lazım olduğunu vurğulayıb.

“Bildiyimiz kimi torpaqlar, hər şey artıq özəlləşibdir. Yəni bunun üçün xüsusi dövlət proqramı olmalıdır ki, bələdiyyələrdən, dövlət hesabına olan torpaqlardan və ya əhalidən alınaraq orada yay düşərgələri salınsın. İkinci variant isə iş adamlarıdır. Onlar öz hesablarına bu cür düşərgələr təşkil edə bilərlər. Əfsuslar olsun ki, bizim imkanımız çatmır ki,  bizə müraciət olunan, Azərbaycana gəlmək istəyən məktəbləri qəbul edək”.

Şöbə müdirinin sözlərinə görə, eyni zamanda Təhsil Nazirliyinin tabeliyində olan 10 turizm diyarşunaslıq mərkəzləri bununla bağlı hər cür əməli köməklik göstərməyə hazırdırlar.

“Hətta çadır düşərgələrinin təşkilinə biz hər cür kömək etməyə hazırıq. Düşərgənin təşkili üçün hər saatı müəyyənləşdirilmiş hazır proqramlar var. Müraciət olduğu təqdirdə biz onlar üçün hər cür köməklik etməyə hazırıq”.

Hazırda çox az sayda olan yay istirahət düşərgəsi təşkil edən qurumlardan biri Daxili İşlər Nazirliyidir. Daxili İşlər Nazirliyinin tabeçiliyində olan Çingiz Mustafayev adına Uşaq İstirahət Düşərgəsində bu il iyunun 10-dan mövsüm başlayır. Müəssisənin rəisi Namiq Zeynalov düşərgə mövsümünün avqustun 26-na kimi davam edəcəyini qeyd edib.

“Hər il olduğu kimi bu il də 3 növbə təşkil ediləcək. Birinci növbə iyunun 10-dan iyulun 1-ə kimi, ikinci növbə iyulun 8-dən axırınadək, üçüncü növbə isə avqustun 5-dən 26-na kimi davam edəcək. Hər növbənin müddəti 21 gündür. Uşağın bir növbədə dincəlməsi üçün qiymət 250 manat, Daxili İşlər Nazirliyinin əməkdaşlarının uşaqları üçün 125 manatdır”.

N.Zeynalov həmçinin bildirib ki, uşaqların istirahəti üçün müxtəlif intelektual oyunlar, o cümlədən hər 3 gündən bir diskoteka da təşkil edilir. Bundan əlavə, hər üç növbədə bir gün ANS televiziyası gəlib konsert təşkil edir.

Müəssisə rəisi artıq birinci növbə üçün müraciətlərin daxil olduğunu vurğulayıb.

“Hər növbədə 100-ə qədər uşağın qəbul edilməsi nəzərdə tutulub. Yer olmadığı üçün bundan artıq uşaq götürmək mümkün olmur. Artıq birinci növbə üçün müraciətlər daxil olmağa başlayıb”.

Belə çıxır ki, bu il də ciddi dəyişiklik baş verməyəcək və uşaqların böyük əksəriyyəti yay tətilini öz evlərində keçirməli olacaqlar. 

Müqayisə üçün qeyd edək ki, Azərbaycana qonşu Rusiya və Türkiyədə uşaqların yay istirahətini təşkil edən yüzlərlə turizm firma və agentlikləri fəaliyyət göstərir. Həm ölkə içərisində, həm də dünyanın bir çox ölkəsindəki uşaq yay kamplarına səfərlər düzənləyən şirkətlərin təklifləri çox cəlbedici, xidmət yüksək, qiymətlər də ki, elə də baha deyil. 

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?