Modern.az

Azərbaycan Gənclər Parlamentinə 1187 nəfər ərizə verib

Azərbaycan Gənclər Parlamentinə 1187 nəfər ərizə verib

Təhsil

31 May 2012, 11:24

Azərbaycan Gənclər Parlamentinə ərizə qəbulu sona çatıb. Ərizələr 14-28 may 2012-ci il tarixlərində qəbul edilib.  Modern.az xəbər verir ki, yekun olaraq Azərbaycan Gənclər Parlamentinə üzv olmaq üçün 1187 nəfər müraciət edib. Müraciət edənlər arasında 791 nəfəri kişi, 396 nəfəri xanım təşkil edir.  

Qeyd edək ki, Gənclər Parlamenti 11 nəfərlik təşəbbüs qrupu tərəfindən irəli sürülmüş uzunmüddətli bir layihədir.

Layihənin əsas məqsədi gəncləri narahat edən problemlərin müzakirəsini dövlət və ictimaiyyət qarşısında qaldırmaq və gənc vətəndaşların dövlətdə gedən proseslərdə iştirakını təmin etmək, fəal Avropa vətəndaşlığını təşviq etmək, tələbələri Avropa siyasəti ilə məşğul olmaq üçün həvəsləndirmək, mədəniyyətlərarası dialoq, beynəlxalq anlaşma, fikir və təcrübələrinin müxtəlifliyini təbliğ etmək, həmçinin Azərbaycan gənclərinin şəxsi bacarıqlarının inkişafına və fikirlərini sərbəst ifadə etmək üçün forumun təşkil edilməsinə yardım etməkdir.

Gənc parlamentarilər üçün seçim turunun ikinci mərhələsi haqda məlumat yaxın günlərdə təqdim olunacaq.

“Azərbaycan Gənclər Parlamenti qeyri-rəsmi struktur olacaq yaradılacaq və bura 50 gənc parlamentari seçiləcək. Bununla da gənc nəslin ölkənin qanunvericiliyin inkişafı, möhkəmlənməsi və onların gələcəyə baxışı, gələcəkdə ölkənin müxtəlif qurumlarında, o cümlədən qanunvericilik orqanlarında çalışmaları üçün bir zəmin hazırlanacaq”.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, eyni zamanda Azərbaycan Gənclər Parlamentinin üzvlərini seçəcək təşəbbüs qrupuna daxil olan Çingiz Qənizadə deyib.

Lakin bu, hələ ordakıların gələcəkdə mütləq millət vəkili olacağı anlamına gəlmir.

“Sadəcə olaraq belə hesab edirik ki, bu gənclər parlamentari olaraq formalaşıb fəaliyyət göstərdikləri müddətdə digər gənclər arasında moderator rolunu oynayacaqlar, maarifləndirici rolda çıxış edəcəklər. Eyni zamanda, onlar ətrafındakı gənclərdən eşitdikləri, gördükləri məsələlər barədə də fikir mübadiləsi aparacaqlar”.

Deputat seçimdə isə deputat əsasən qanunlardan başı çıxan, savadlı, bitərəf, obyektiv gənclərə üstünlük veriləcəyini deyib.

Xatırladaq ki, bir müddət öncə Azərbaycanda Uşaq Parlamenti yaradılmışdı və burada seçimlər edilmişdi. Amma sonra məlum oldu ki, Uşaq Parlamentinə vəzifəli şəxslərin uşaqları seçiliblər. Bu məsələ ilə bağlı Çingiz Qənizadə inanmır ki, Gənclər Parlamentinin yaradılmasında eyni şey təkrarlansın.

“Əgər vəzifəli şəxsin övladı savadlıdırsa, o zaman onun üzünə niyə qapı bağlanmalıdır? Amma bu seçim məhz valideyinlərinə və ya hansısa bir kriteriyalara görə olacaqsa, təbii ki, bu da düzgün olmaz. Seçim edərkən onların savadını, dünyagörüşünü, qanunvericilik orqanında çalışmaq imkanını nəzərə alacağıq. Yüksək dəyərləri olan birini seçdikdən sonra onun kiminsə övladı olduğunu bilib, məhdudiyət qoymaqla hüquqlarını poza bilmərik. Ancaq sırf narahatçılıq doğuran bu məsələ ətrafında da parlament formalaşa bilməz”.

Azərbaycan Gənclər Parlamentinin üzvlərini seçəcək təşəbbüs qrupuna aşağıdakı şəxslər daxildir: 

1. Valeh Ələsgərov - Milli Məclis sədrinin müavini
2. Çingiz Qənizadə - Milli Məclisin deputatı
3. Musa Qasımlı - Milli Məclisin deputatı
4. Rasim Musabəyov - Milli Məclisin deputatı
5. Mübariz Qurbanlı - Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini
6. Ceyhun Osmanlı – Milli Məclisin deputatı
7. Qənirə Paşayeva – Milli Məclisin deputatı
8. Mikayıl Cabbarov - “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi
9. Çingiz Abdullayev - Azərbaycan Yazıçılar Birliyinin katibi 
10. Murad Adıgözəlzadə - Azərbaycan Dövlət Filarmoniyasının direktoru
11. Vüsalə Mahirqızı – APA İnformasiya Agentliyinin baş direktoru

Seçki prosesində Prezident Administrasiyası, həmçinin Gənclər və İdman Nazirliyinin rəsmiləri də iştirak edəcəklər. 

Yaşı 18-29 arasında olan, ictimai fəal gənclər, gənclər təşkilatlarının liderləri və fəalları, siyasi partiyaların gənclər qanadlarının nümayəndələri, istedadlı və ictimai aktiv tələbələr, beynəlxalq təşkilatlarda, KİV-də, özəl strukturlarda, dövlət strukturlarında və elm sahəsində çalışan gənclər Parlamentin üzvü ola bilərlər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir