Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Modern.az-ın nazirliyin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1965-ci il təvəllüdlü Məlikyeqanlı Sabir Rəşid oğlu evin giriş qapısını içəridən bilərəkdən bağlayıb və anası - 1938-ci il təvəllüdlü Rzayeva Gülzar Hüseyn qızının mənzildən çıxmasına yol verməyib.
S.Məlikyeqanlının üzərində əl qumbarasının olması ehtimalı barədə xilasedicilərə məlumat verilib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin eyvanının dəmir barmaqlıqlarını kəsərək hüquq mühafizə orqanlarının əməkdaşlarının içəri daxil olmalarına şərait yaradıb.
S.Məlikyeqanlı zərərsizləşdirilib, baxış zamanı fiziki təzyiqlərə məruz qaldığı müşahidə olunmuş G.Rzayevaya Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən ilkin tibbi yardım göstərilib.
Modern.az