Bu gün İstanbulda BMT Sivilizasiyalar Alyansı Tərəfdaşlar Forumunun növbəti toplantısı başlayıb. Modern.az-ın APA-ya istinadən verdiyi məlulata görə, forumun açılışında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan çıxış edib.
Sivilizasiyalar Alyansı layihəsinin qloballaşan dünya üçün çox böyük əhəmiyyət kəsb etdiyini vurğulayan Rəcəb Tayyib Ərdoğan qloballaşan problemlər qarşısında ölkələrin öz sərhədlərinə çəkilmə haqqının olmadığı bildirib: “Hər birimiz qloballaşan vicdanın bir parçasıyıq. Liviyada, Norveçdə, Fələstində, Suriyada öldürülən insanlara fərdi hadisələr kimi baxıla bilməz. Bütün bu problemləri aradan qaldırmaq üçün biz Sivilizasiyalar Alyansı çərçivəsində əməkdaşlığı gücləndirməliyik. Sivilizasiyalar Alyansı qlobal vicdanın səsinə qulaq asmaq deməkdir. Zülmə razı olmaq özü zülmdür. Zalımların tərəfində olmaq özü də zalımlığı qəbul etməkdir”.
Toplantının İstanbulda keçirilməsinin çox önəmli olduğuna diqqət cəlb edən Türkiyə baş naziri deyib ki, son 150 ildə bu şəhər dəfələrlə mühasirə altında qalıb, hətta müvəqqəti olaraq işğal edilib: “Amma hər dəfə də mühasirədən və işğaldan azad olandan sonra heç bir kin-küdurət saxlamayıb, hər zaman sülh və tolerantlıq şəhəri kimi tarixdə yerini alıb”.
Rəcəb Tayyib Ərdoğan hazırda Sivilizasiyalar Alyansı layihəsinin öz funksiyasını qlobal çərçivəsində daha yaxşı yerinə yetirməsi üçün maddi dəstəyə ehtiyac olduğunu vurğulayıb və ölkələri, beynəlxalq şirkətləri Sivilizasiyalar Alyansına maliyyə dəstəyi göstərməyə çağırıb. O, bunun üçün xüsusi mexanizm hazırlanmasının vacib olduğunu deyib.
Baş nazir vurğulayıb ki, maddi dəstək veriləndən sonra ölkələr arasında qarşıdurmalar Sivilizasiyalar Alyansın daha da güclənməsinə çevriləcək, bu da dünyada sülhün bərqərar olmasına xidmət edəcək.
Toplantında BMT-nin baş katibi Pan Gi Mun da çıxış edib. Baş katib bu toplantıda gələcək 5 ilin fəaliyyət proqramının hazırlanmasına diqqət çəkərək deyib ki, bunun ən önəmli cəhəti büdcə çətinliyinin aradan qaldırılmasıdır: “Bu layihə çərçivəsində biz çox az maddi imkanla çox böyük işlər görürük”. Suriya məsələsinə toxunan baş katib oradakı proseslərin vətəndaş müharibəsinə çevrilə biləcəyindən ehtiyatlandığını deyib.
Pan Gi Mun qeyd edib ki, bu layihənin əsas məqsədlərindən biri ölkələrdəki milli və dini azlıqların problemlərin həllidir. O bu çərçivədə ölkələrdəki icma liderlərinin fəaliyyətinin gücləndirilməsinin vacib olduğunu deyib, universitetlərin, elmi araşdırma mərkəzlərinin, siyasət üzrə alimlərin bu proseslərdə iştirakının zəruriliyini vurğulayıb.
BMT baş katib deyib ki, ölkələrin, beynəlxalq şirkətlərin bu fəaliyyəti dəstəkləməsi konfliktlərin tolerant mədəniyyətə doğru məsafə qət etməsi üçün yardımçı olacaq.
Gürcüstan prezidenti Mixail Saakaşvili çıxışında Türkiyənin bu layihənin həmsədrlərindən biri olmasının önəmini qeyd edib. O deyib ki, Türkiyə bölgədə fiziki gücü ilə deyil, güclənən iqtisadiyyatı və demokratiyası ilə lider vəziyyətinə gəlib. Gürcüstan prezidenti Türkiyə demokratiyasının çoxmillətli və çoxdilli olduğunu vurğulayaraq, bunu hər kəs üçün örnək adlandırıb. M. Saakaşvili onu da deyib ki, Gürcüstan müstəqilliyini əldə edəndən sonra Türkiyə onlara kömək edib, hər cür dəstək verib.
Forumda Azərbaycan Milli Məslinin sədri Oqtay Əsədov da çıxış edib. Parlamentin spikeri Azərbaycanın həmişə Sivilizasiyalar Alyansı layihəsinə dəstək verdiyini deyib. O. Əsədov Sivilizasiyalar Alyansının qloballaşan dünyanın ən vacib əməkdaşlıq layihələrindən biri olduğunu vurğulayıb. MM sədri 2007-ci ildən bəri Avropa Şurası və digər beynəlxalq qurumlarla əməkdaşlıq çərçivəsində Bakıda keçirilən beynəlxalq toplantılara diqqəti cəlb edib. O. Əsədov eyni zamanda 2009-cu ildə İslam Əməkdaşlıq Təşkilatının Bakıda keçirilən toplantısı, 2011-ci ilin aprelində Azərbaycan prezidentinin qərarı ilə keçirilən Ümumdünya Mədəniyyət Dialoqu barədə danışıb.
O. Əsədov onu da deyib ki, Azərbaycan yaxın zamanlarda Sivilizasiyalar Alyansı layihəsinin inkişaf etməsi üçün üzərinə düşən maddi vəsaiti hesaba köçürəcək.
Toplantı işini sabah da davam etdirəcək.
Modern.az