Modern.az

“Sadə peşəkar” - Mehtər-məşqçi: “Ata yalnız yarışda qamçı vurmuşam...” - PROJE

“Sadə peşəkar” - Mehtər-məşqçi: “Ata yalnız yarışda qamçı vurmuşam...” - PROJE

1 İyun 2012, 12:50

                                         Səyahətə çıxan zaman
                                          qamçı vurmaz o hər ata!
                                           Meyl salıb Qarabağdan
                                           Töhfə kimi gətirilən
                                           Kəhər ata!
                                           "Zaman" yatmır ipə, sapa,
                                           Dirək olub kişnərtisi yerə, göyə...


Böyük Britaniyaya səfər edən sovet rəhbəri Nikita Xruşşov kraliça Yelizavetaya Ağdam Atçılıq zavodundan olan “Zaman” adlı Qarabağ atını bağışlayıb. Görkəmli şair Bəxtiyar Vahabzadə 1976-cı ildə yazdığı "Qarabağ atı" şeirində İngiltərərə kraliçasına göndərilmiş bu hədiyyədən bəhs edir.

Onu da deyim ki, hələ XIX əsrdə Avropadakı sərgilərdə qələbə qazanan Qarabağ atları fransız qadınlarının da diqqətindən yayınmayıb. İlk dəfə fransız xanımlar öz saçlarını məhz Qarabağ atlarının rənginə uyğun olaraq qızılı-kürən rəngdə boyayıblar....

Əslində, atları mən də çox sevirəm... Amma onların ağır zəhmi məndə bir ehtiyatlılıq refleksi yaratmışdı... Eyni zamanda həm sevib, həm də qorxmaq mənə qəribə gəlirdi..... Deyirlər, qorxudan qurtulmağın yeganə yolu onun üstünə getməkdir. Belə də etdim... Üz tutdum Bakı Dövlət Cıdır meydanına...

Modern.az saytının “Sadə peşəkarlar” rubrikasının bu dəfəki həmsöhbəti olan Şəmsəddin dayı ilə də elə orada tanış oldum.

Bu peşə mənə atamın atasından yadigar qalıb

Xoş simalı, orta boylu bu adamın atlara olan sevgisi təsadüfi yaranmayıb.Əslən Ağdamın Elxanbəyli kəndindən olan Şəmsəddin dayının babası da vaxtı ilə elə bu işlə məşğul olub...



“Babam1948-ci ildə Ağdam atçılıq zavodu yaranandan orada işləyib. Sonralar atam babamın yanında işləyib. 1993-cü ilə qədər atam orada döllük atlara baxıb.



Qardaşım da bu peşəni atamın yanında öyrənib, sonralar qardaşım uzun müddət məşqçi olub bu sahədə. Mən isə qardaşımın yanında jokey (çapar, cigit) kimi çalışmışam, mehtər də olmuşam.


Gözümüzü açandan bu işin arxasında atamızı, babamızı gördüyümüzdən elə bil ki, bu iş bizə irsi keçib. 2000-ci ildən Aqstafa Dilboz Atçılıq Təsərüfatında məşqçi kimi işləyirəm”.

Atlardan həvəslə danışan Şəmsəddin dayı özünü başqa sahədə təsəvvür belə etmək istəmir. 49 yaşı olan və bütün həyatı boyu atlarla işləyən məşqçi bu heyvanlara o qədər aludə olub ki, hətta onları uşaq kimi əzizləməkdən, nazları ilə oynamaqdan belə zövq alır.

“Atçılıq o qədər cəlbedicidir ki, yolda cinsi at gördüyümüz zaman özümüzdən aslı olmayaraq dayanırıq, ata baxırıq ki, görəsən, hardan gəlib çıxıb bura, yiyəsini soruşuruq, maraqlanırıq görək, görəsən, doğurdanmı Qarabağ, Dilboz cinsinə uyğundur.Yəni  o qədər bağlanmışıq ki, bu işə düşünmürəm ki, başqa peşə seçə biləm. 


 

Hazırda atam, bir növ, bu sahədə bizim baş məsləhətçimizdir. Nəyi bilmək istəsək ondan soruşub öyrənirik. İndi uşaqlar da bu işlə maraqlanır, necə deyərlər, dolanışığımız atçılıqdan çıxır”.


Qarabağ müharibəsi Qarabağ atlarına təsir elədi

Şəmsəddin dayı deyir ki, atları o qədər sevir ki, hətta evdə uşaqları ac qalsa, narahat olmaz, amma atların yemində problem olan kimi narahatçılıq keçirir. Onu qorxudan, üzən digər bir şey varsa da, o da Qarabağ atlarının Qarabağsız qalmasıdır.



“Özümün də Ağdamda şəxsi təsərrüfatım var. Bir dostumla orada cins atlar saxlayırıq. Amma Azərbaycanı dünyada iki cins məxsusi ilə təmsil edir. Bu Dilboz və Qarabağ atlarıdır. Təbii ki, Qarabağdan kıənarda atlar cılızlaşır. Buna görə də çalışırıq ki, bu cinslər aradan itməsin.


O atlar yaylaqlarda olurdular, bulaqlardan su içirdilər, dağlarda otluyurdular  amma burda nə qədər şərait yardılsa da, 50 dərəcəlik istiliyi götürə bilmirlər”.

“Mən 50 ingilis atını bir Qarabağ atına dəyişmərəm".

Yaşar adında dostum var, o, Şəkidə safqanlı Qarabağ cins atları saxlıyır. Xaricdən isə bizə gələnlər isə əsasən ərəb və ingilis cinsli atlardır. Son vaxtlar Türkmənistandan atların gətirilməsi dayandırılıb. Səbəb odur ki, türkmən atının ölkədən çıxarılmasına icazə verilmir. Cinsin öz ərazisindən çıxmasının və böyük arealda yayılmasının qarşısını alırlar”.

Bir dəfə bir ingilis qadın məni qucaqlayıb dedi ki…

Şəmsəddin dayı atlarla bağlı başına gələn əhvalatlardan da fəxrlə danışır: “Bizim Qarabağ atları indi də Almaniyada, İngiltərədə, İsverçrədə saxlanılır. Bir neçə il bundan öncə Bakıya bir ingilis qadın gəlmişdi. Atlarımıza baxırdı. Birdən bir at adı dedi. Mən həmin atın anasının-atasının adını ona söylədim. Qadın təəccüblə baxdı mənə. Ona izah elədim ki, vaxtı ilə o atı mən satmışam ona, çünki sovetlərin vaxtında bizdən hərraca at göndərilirdi. Bir-iki dəfə də mən Moskvaya atlar aparmışam. Orada baxdığım atlardan biri də satılmışdı və həmin atı da bu qadın alıb. Qadını inandırmaq üçün uşağı göndərdim, mənim atla birgə çəkilmiş şəkilimi gətirdi, arvad bir şəklə, bir mənə baxdı. Bayaqdan mənə inanmayan ingilis birdən məni qucaqlayıb dedi ki, şəkli sənə vermiyəcəm, atım ölüb, heç olmasa bu, mənə təsəlli olsun. Bax beləcə, Qarabağ atını çapıb, dəfələrlə qalib olan ingilisin belə ürəyində atlarımıza qarşı xüsusi sevgisi var idi. Baxmayaraq ki, dünyada ən sürətli atlar  ingilis atlarıdır. Onlar qısa məsafə qət etmək üçündür. Çünki onlar yarış üçün nəzərdə tutulur. Yüz illərlə seleksiya aprıb ən sürətli atları ortalığa qoyublar. Bütün dünyada bu atlardan istifadə edirlər.

Atları hər gün öpmək köhnə peşəmdir  

Şəmsəddin dayıdan soruşdum ki, heç elə olubmu ki, ram edə bilmədiyiniz, sakitləşməyən atı hirslənib qamçılıyasınız? “Ay qızım, mənim işimin adı odur ki, hirslənən atları da yavaşıdım. Ata yalnz yarışda qamçı vurmuşam.


Amma əgər at qaçmırsa, ona dönə-dönə qamçı vurmaq olmaz. Qaydanı pozan jokeyi hətta yarışdan da qovurlar. At yarışa gedəndə o qədər həyəcan keçirirsən ki, birdə baxırsan ki, ağlayırsan, atın arxasınca qaçırsan. Onu yaşayırsan. Elə olub ki, yarışa hazırladığım atı bəzən təsərrüfata aparmışam, sonra da o ki var arxasınca ağlamışam. Bəzən elə olur ki, atlar da ağlayır. İnsan kədərlənən kimi onlar da bunu hiss edib yaşayırlar. Görmüşəm ki, balası ölü doğulanda  oyana-bu yana qaçıb, kişnəyib və ağlayıb. Belə qayda var ki, altı aydan sonra ananı baladan ayıranda da ana otlaqa getmək istəmir. Hər tərəfi gəzib balasını axtarır. Sözümün canı odur ki, onların da insan kimi həssaslığı var. Hətta elə olur ki, sevdiyim atları hər gün öpürəm.

Bir neçə il bundan qabaq bir atım var idi. Bir gün xəbər elədilər ki, at yıxılıb yerə dura bilmir. Sən demə, ayağı çuxura düşüb, sınıb. Biz də həmin atdan bala gözləyirdik. Xaricdə belədir ki, asqıda saxlıyırlar, mill qoyurlar, amma bizdə o vaxtlar o şərait yox idi. Gördüm ki, atın bir qıçı həqiqətən də qırılıb. Bir müddət həkimlər müalicə, iynə, dəva-dərman elədilər, onu gipsdə saxladıq. Atın sümüyü büllur kimidir. Elə bil ki, dərinin içinə büllur qoymusan. Ciddi zədə aldısa, vəssalam, çilik-cilik olur, komalanır bir yerə. İki-üç ay əziyyət çəkdik. İndi isə Aqstafada ilxının içində saxlayırıq. Ayağında hələ də izi qalıb, topallıyıb. Bax o aylar elə bil ki, mən də onunla birlikdə gipsdəydim. Çünki bizim dilimiz var, ağrıyan yerimizi deyə bilirik. Amma onlar dərdlərini deyə bilmir axı! Adamın ürəyi ağrıyır onlar xəstələnəndə.

Atla ayda bir dəfə görməklə unsiyyət qura bilmərsən. Tanımadığı adam yaxınlaşanda isə onlar ya qaçır, ya da ki, qulaqlarını arxaya şəkləyirlər. Demək istəyir ki, dayan, yoxsa səni dişləyərəm. Məsələn, o ingilis qadının aldığı at mən içəri girəndə kişnəyirdi. Hara gedirdimsə, dalımca düşürdü. Qoxumdan məni tanıyırdı”.

Bizdəkilərin hamısı yarış atlarıdır. Ata minən adamların gərək çəkisi də uyğun gəlsin. Yarış atına minən çaparın çəkisi gərək 53 kq olsun. Ancaq 61 kq-a qədər yük apara bilər. Çəki atların yaşı ilə müəyyənləşir. Məsələn 2 yaşda dişi atdırsa – 53 kq, erkək atdırsa – 55 kq, 4 yaşından yuxarı atlar isə 40 kq aparmalıdır. Atları hazırda 8 - 9 yaşına qədər çapırlar. Yaş yarımdan başlayırıq atlarla məşq eləməyə, 2 yaşından sonra isə yarışlara qatılır. Gərək həddən artıq yükləməyəsən ki, bala da ala biləsən. Atın dişi ilə onun yaşını da təyin edirlər. Çünki hər yaşda at dişi dəyişilir.

Atlarda həmçinin ailədaxili bir qayda var ki, ilxının içərisinə başqa bir erkək cins at daxil ola bilməz. Həmin dəqiqə ilxıdakı erkək onu qovub çıxardacaq”.

Hər kəs özündən sonrakı nəslə bir at saxlayıb çatdırsa...

“Professor Xudu Məmmədovun oğlu Toğrul gəlib mənim yanımda at minirdi. Mən onu öyrətdim. Sonra elə oldu ki, özü də bir at aldı. Ona dedim ki, neyliyirsən at alıb, yetərincə atımız var. Dedi ki, yaşadığım dövürdə Qarabağ Dilboz atı alıb özümdən sonrakı nəslə çatdırsam, elə bilərəm ki, hədər yaşamıram. Onun sözünə qüvvət, bir dəfə rayonda idik, Toğrulla bir yerdə idik, gördük bir nəfər atı ilə keçir. Maşını saxladıq, dedik ki, a qardaş, olar bu ata baxaq? Gördük ki, tam cinsə uyğundur. Qarabağ atıdır. Toğrulıun dediyi sözü bu uşaq da dedi: “Bu Qarabağ atıdır, onu Qarabağdan gətirmişik. Atam rəhmətə gedəndə dedi ki, nə badə bu atı satasan. Bundan bala al, özün üçün də saxla, başqalarına da ver. Belə insanları görəndə çox sevinirik. Hərə bir Qarabağ atı saxlasa sabah üçün, kimin gücü nəyə çatırsa, onda tarixi irsimizi də qorumuş olarıq”.

Atların həmişə qeyri-adi adlarının olması məndə xüsusi maraq yaratmışdı. Elə buna görə də soruşdum ki, niyə onların adı belə qoyulur. Şəmsəddin dayı dedi ki, şəxsi təsərüfatda kim nə istəsə, o adı da qoya bilər, amma belə dövlət təsəraüfatında ata ilə ananın adlarının bir neçə hərfindən istifadə eləməklə yeni doğulan ata ad qoyulur. Belə edirik ki, genetik kod itməsin. Məsələn, “Qüssə” adında atımız var ki, anasının adı “Sərin”, atasının adı “Qüdrət” olub.

Şəmsəddin dayı bu arada hətta atların adı əks olunan kitabçasın da bizə göstərdi.


Şəmsəddin dayının ən yaşlı atının 25 yaşı var

Ən qoca atın isə 30-35 yaşı ola bilər. “Atımızın qiyməti yoxdur” – deyən məşqçi bazarda yaxşı cinsi 5 min manatdan başlamış, 10 min manata qədər almağın mümkün olduğunu deyir. İllərlə atçılıqla məğul olan Şəmsəddin dayı ayda 90 manat maaş alir. Əsas gəlir mənbəyi isə Ağdamdakı şəxsi təsərrüfatındandır.

Atlarla bağlı eşitdiyim marqlı bir məsələ də var: onlar çox vaxt ayaq üstə yatırlar. Məşqçilər isə bunu belə izah edirlər ki, atların gövdələri böyükdür. Onlar başqa vəziyyətdə yatsalar, nəfəs almaq çətin olar.

Mehtərlər atları çimizdirəndə də ehtiyatlı olduqlarını dedilər. Çünki çox vaxt çalışırlar ki, su atın kürəyinə dəyməsin. Atın ən tez soyuq tutduğu yer onun bel hissəsidir.


“Cavad xan” filminin çəkilişlərinə də kömək etmişəm

İllərlə atçılıqla məşğul olan məşqçi hətta bir çox filmlərin çəklişinə kömək etdiyini də deməyi unutmadı. Bunların sırasında “Cavad xan”, “Girov” filimlərini göstərmək olar ki, aktyorları ata minməkdən tutmuş onu sürətli çapılmasına qədər hər bir işlə Şəmsəddin dayı məşğul olub. “Mən hətta Polad Bülbüloğlunun “Burdan sizin qapıyadək” adlı mahnısına çəkilmiş klipdə də iştirak etmişəm”.






Şəhanə RƏHIMLI
Elçin AĞAYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi