Modern.az

Polad kimi general olmaq istəməyən əsgər, əsgər deyil!

Polad kimi general olmaq istəməyən əsgər, əsgər deyil!

Aktual

17 İyul 2020, 23:15

Çox təəssüf edirəm ki, general -mayor Polad Həşimovun həyatı, insanlığı , peşəkar hərbçi olması haqqında məlumatları o, şəhadət zirvəsinə ucalandan sonra bildik. Bu təvözəkar insanla bağlı sosial şəbəkələrdə elə fikirlər, xatirələr yazırlar ki, soydaş olaraq ürəyim qürur hissiylə çırpınır. Deyilənə görə, P.Həşimov Bakıya ona verilən xidməti maşınla gəlirmiş. Amma şəhərə çatdıqdan sonra avtomobili Nazirliyə təhvil verir, şəxsi işlərini həll etmək üçün ictimai nəqliyyatdan istifadə edirmiş. Həmçinin, o da qeyd olunur ki, Aprel savaşındakı qəhrəmanlığına görə dövlət tərəfindən ona verilmiş evi ehtiyacı olan bir şəhid ailəsinə bağışlayıb.

Keçmiş əsgərləri də Polad Həşimovun əksər zabitlərdən fərqləndiyini, onun böyük vətənpərvər, xeyirxah insan olduğunu kədərlə qeyd ediblər.

Bayaq general-mayor Polad Həşimovun əsgəri olmuş jurnalist Seymur Kazımovun müsahibəsini oxudum, deyir, əsgərlər çox nadir hallarda öz komandirlərini yadda saxlayırlar, o da çox nadir komandirlərdən idi. "Əsgərləri tənbeh də edərdi, cəzalandırardı da, amma onları təhqir edəcək, alçaldacaq ifadə işlətməzdi, onlara yuxarıdan aşağı baxmazdı. Hərbi nizamnamə nə tələb edirdisə, o cür də davranırdı," jurnalist deyir.
Jurnalist general-mayoru "çox dəyərli vətəndaş və zabit" olaraq yad edir.
Onun itkisini "cəmiyyət üçün böyük itki" adlandırır.

Polad Həşimov 2016-cı ildə aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Bundan sonra ona vaxtından əvvəl general rütbəsi verilib.
Oxucularımız yəqin bilir: Talış yükəkliklərində 7 döyüş postu var. Biri "Polad postu" adlanır. Həmin postu 2016-cı ilin aprelində polkovnik Polad Həşimov azad etmişdi və onun şərəfinə adını vermişdilər.

Şəhid generalımızın dostu, tanınmış jurnalist İlham Tumas yazır:

“Əziz qardaşım, Polad! Murovdan - sən leytenant olandan qorumaq istəyirdik səni. Bilirdik ki, böyük adamsan, qeyri-adi zabitsən. Sonradan az-az görüşsək də, kimdən səni soruşdum, dedi, Həşimovdan yoxdur! Əsgərlərin səni böyük qardaşları kimi sevirdilər, zabit yoldaşların sənin üçün canını verərdilər. Həmişə gizli qalmağı sevərdin, telefon işlətməzdin, biz də səni buna görə hərdən məzəmmət edərdik. Ancaq inan, biz də həmişə səni qorumaq, hamıdan gizli saxlamaq istəyirdik. Bu gün artıq səni gizli saxlaya bilmədik... İndi səni bütün Azərbaycan tanıdı və sevdi! Arzularına çatasan, həmişə salamat qalacaq general Həşimov!”
General-mayorun əsgəri olmuş Ramil Cabbarov özünün “Facebook” profilində komandirin şəhid olması ilə bağlı hisslərini bölüşüb:

“Şəhid olan general-mayor Polad Həşimov mənim komandirim idi. Duruşu, danışığı, peşəkarlığı və Vətənə sevgisi ilə igid kimi igid idi. Şəxsi heyət qarşısında çıxış edəndə içimizdəki vətənpərvərlik hissini elə alovlandırırdı ki, əliyalın düşmən üzərinə yürüməyə hazır idik. Tabora gələndə "Öncə vətən!" kəlməsini elə içdən işlətmişdi ki, indiyə qədər səsini xatırlayıram. Vətən səni heç vaxt unutmayacaq, Cənab Komandir!”

Bax. belə,! General -mayor Polad Həşimov bəlkə də 100 ildə bir dəfə olacaq bir tarix yazdı! Xalqı qürurlandırdı, düşməni qeyzləndirdi, əsəbləşdirdi!.  Axı generalı belə igid olan xalqa qalib gəlmək çətindi….  Ruhun qarşısında ellikcə baş əyirik!


Əntiqə Rəşid

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi